Axtarış...

Erməni zəvvarların Kəlbəcərə daşınmasının qarşısı alınmalıdır - TƏLƏB!

Erməni zəvvarların Kəlbəcərə daşınmasının qarşısı alınmalıdır - TƏLƏB!

Rus sülhməramlıları erməni “zəvvarları” növbəti dəfə Gəncəsər və Amaras monastırlarına aparıblar. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sülhməramlılar “zəvvarların” təhlükəsizliyini təmin etmək üçün yol boyu onları müşayiət ediblər. Sülhməramlı kontingentin zabiti Mark Yeqorçik bildirib ki, ümumilikdə, 50-dən çox adam müşayiət olunub: “30 nəfər zəvvar üçün idarədən avtobus ayrılıb, qalanları isə rus sülhməramlılarının müşayiəti ilə şəxsi nəqliyyat vasitəsi ilə gəliblər. İkinci marşrutda Xankəndidən Gəncəsər monastrına 40-dan çox dindar müşayiət olunub. Daha sonra hərbçilər bütün zəvvarları geri qaytarıblar”.

Məlumat üçün deyək ki, Gəncəsar və Amaras monastrları Kəlbəcər və Xocavənd rayonlarında yerləşir. Digər məlumata əsasən, Kəlbəcərin Xudavəng məbədində 7 erməni keşiş məskunlaşıb. Onların təhlükəsizliyini də Rusiya sülhməramlıları təmin edirlər. Rus sülhməramlıları öz missiyalarından başqa hər cür işlə məşğul olurlar. Özlərini “məsul” saydıqları vəzifələrdən biri də erməniləri Azərbaycan torpaqlarındakı kilsələrə daşımaqdır. Problem odur ki, rusların müşayiəti ilə 50-60 nəfər erməninin tez-tez Azərbaycan torpaqlarındakı məbədlərə, qədim Alban kilsələrinə gediş-gəlişi ictimaiyyətin etirazına səbəb olur. Çünki həmin abidələr qədim Alban-udi məbədidir. Lakin ermənilər alban məbədlərini “qədim erməni irsi” elan edərək, əleyhimizə təbliğat aparır, məbədlərimizi “özününküləşdirməyə” cəhd göstərirlər. O da məlumdur ki, iki yüz ildir Azərbaycana qarşı etnik düşmənçiliyin və terrorun mərkəzində dayanan güc erməni kilsəsidir. Türklərə qarşı nifrət və terrorçuluq ideologiyasının təbliğində erməni keşişlərinin müstəsna rolu olub.

Politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında deyib ki, ruslar bu cür ucuz gedişlərlə Azərbaycan xalqının əsəblərini tarıma çəkməkdədir. Ekspertin fikrincə, məqsəd Moskvanın əlində rəsmi Bakıya təzyiq metodlarının olmasını göstərməkdir:

“Birincisi, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunandan sonra ölkəmizə icazəmiz olmadan hansısa xarici ölkə vətəndaşının daxil olması mümkün olmayacaq. İkincisi isə bu gün ermənilərin ziyarət etdikləri kilsələr qədim Alban məbədləridir, yəni xalqımıza məxsus abidələrdir. Ona görə də Kəlbəcər məbədlərində erməni yox, alban-udilərə məxsus rahiblər yerləşdirilməlidir. Məbədlərimizə ruslar tərəfindən yerləşdirilən erməni keşişlər dərhal uzaqlaşdırılmalıdır. Ərazilərimiz üzərindəki kilsələrlə bərabər tam nəzarətimizə keçməlidir. Ən əsası isə erməni zəvvarların ruslar tərəfindən Kəlbəcərə daşınmasının qarşısı alınmalıdır. Təcavüzkar, cinayətkar ermənilər nə vaxtdan dindar, Allah yolunu tutan olublar?! Əgər həqiqi dindarlardırsa, öz xarabalarındakı kilsələrə getsinlər. Niyə israrla Kəlbəcərə, Xocavəndə gəlmək istəyirlər? Bu məsələyə ciddi yanaşmalıyıq. Erməni keşişlərinin Azərbaycandakı kilsələrə gediş-gəlişinə imkan veriləcəksə, o zaman biz də İrəvanda məscid məsələsini qaldırmalıyıq. Ermənistan tərəfi yandırdığı, məhv etdiyi məscidləri bərpa etsin və azərbaycanlıların ibadətinə şərait yaratsın. Rusiya qarşısında bu tələblərlə çıxış etməliyik”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz