Azərbaycan may ayında Niderlandda baş tutacaq 65-ci “Eurovision” mahnı müsabiqəsində 13-cü dəfə iştirak etməyə hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, artıq İctimai Televiziya (İTV) müğənni seçiminə və mahnı qəbuluna start verib.
Yarışmada Azərbaycanı təmsil edəcək mahnının seçimləri fevralın 7-nə kimi davam edəcək. Avropa Yayım Birliyi (EBU) tərəfindən qoyulan qaydalara əsasən, müəlliflər mp3 formatında 3 dəqiqədən çox olmayan mahnıları İTV-yə təqdim edə bilərlər.
Bundan əlavə, bu il Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova yox, Leyla Əliyevadır (Quliyeva).
İTV bu dəfə də seçim turunu qapalı keçirir və namizədin fevral ayında təqdim ediləcəyi ehtimal olunur.
Əldə etdiyimiz məlumata görə, seçim 4 nəfər ifaçı arasında aparılır.