Kapital Bankın məcburi köçkünlərə verilən may ayı üzrə aylıq sosial müavinətdən 5 manata yaxın vəsait tutduğunu xəbər vermişdik. Bir neçə məcburi köçkünün şikayəti əsasında ictimailəşdirdiyimiz məsələyə sözügedən bank hələki rəsmi mövqe bildirməyib.
Dəfələrlə bankın mətbuat katibi Pərviz Sədrəddinova mövqe bildirmələrini xatırlatsaq da, qurum rəsmisi gah səssizlik nümayiş etdirib, gah işdə olmadığını əsas gətirib, gah da müvafiq şöbədən cavab öyrənib məlumat verəcəyini bildirib. Bir sözlə 11 gündür ki, Kapital Bank məcburi köçkünlərin haqqı olan müavinəti kəsdiklərinə cavab verə bilmir.
Qeyd edək ki, Kapital Bank bu il artıq ikinci dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən 5 manat kəsir. Birinci tutulma mart ayında olub. Birinci tutulmada əsas gətirilib ki, müavinət guya bank xidmətləri üçün çıxılıb. Halbuki bu xidmət ildə bir dəfə olur.
Məcburi köçkünlər növbəti dəfə Bizim.Media-ya şikayətləniblər. Onlar müavinətlərindən iki dəfə 5 manat kəsilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edirlər. Şikayətçilərin sözlərinə görə bu ilə qədər onların kartından hər hansı vəsait çıxılmayıb. Qərarın bu ildən dəyişməsi və ikinci dəfə müavinətin tutulması məcburi köçkünləri ciddi narahat etməyə başlayıb.
Məlumat üçün bildirək ki, təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla çörək pulu aldığını nəzərə alsaq, bu, 3 milyon manat vəsait edir.
Müavinətin iki dəfə kəsilməsi və illik xidmət haqqının hansı meyarlara görə təyin edilməsi narazılıq yaradıb.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi saytımıza açıqlamasında müavinətin kəsilməsinin onlarlıq olmadığını qeyd etmişdi.
Komitə müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsaitin onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürüldüyünü bildirmişdi.
Vahid aylıq müavinət alan məcburi köçkünlər iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid edilənlərə - fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə hazırda ayda 33 manat vahid aylıq müavinət verilir.
İkinci kateqoriyaya aid olanlar - fərdi qaydada sayğaclardan istifadə edən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə hazırda 60 manat vahid aylıq müavinət alırlar.