İyunun 4-ü saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili erməni silahlı qüvvələri tərəfindən əraziyə yerləşdirilmiş minaya düşərək həlak olmuş media nümayəndələri Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) ilə əlaqədar Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması günahsız insanların şəhid olmasına və Ermənistan hökumətinin bu günə kimi dəfələrlə müraciət edilməsinə rəğmən, hələ də minalı ərazilərin xəritələrini təqdim etməməsi ilə bağlı çağırış edib.
71 qeyri-hökümət təşkilatını özündə birləşdirən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması dünya ictimaiyyəti və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və minalanmış ərazilərin olduğu yerlər barədə məlumat verərək rəsmi Yerevanı beynəlxalq aləmin hüquq normaları ilə öhdəliklərini yerinə yetirmək üçün inandırmağa çağırıb.
Bəyanatda deyilir: "İyunun 4-ü saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili erməni silahlı qüvvələri tərəfindən əraziyə yerləşdirilmiş minaya düşərək həlak olması bizi dərindən sarsıtdı. Qeyd edək ki, avtobus rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Birinci Qarabağ Müharibəsi dövründə bir neçə jurnalist xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub. Eyni zamanda, Vətən müharibəsi dövründə jurnalistlər kifayət qədər riskli vəziyyətlərlə qarşılaşıblar. 44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən və fərqləndirici gödəkcələrdə olan jurnalistlərə atəş açıblar, nəticədə media nümayəndələri arasında yaralananlar da olub. Çox təəssüf ki, müharibənin bitməsindən bir neçə ay keçməsinə baxmayaraq, erməni terroru hələ də davam edir və bu gün də media nümayəndələri həyatlarını itirirlər.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması son aylarda Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilən minalar və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilmiş ərazilərində həlak olmasını beynəlxalq hüquqa, insanlığa və sülhə qarşı yönəlmiş terror hesab edir.