Axtarış...

İlham Əliyev Sərəncam imzaladı



Prezident İlham Əliyev "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Redakotr.az xəbər verir ki, Sərəncamda qeyd edilir:

1. "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin.

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər:

2.1. "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər;

2.2. Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada göndərsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

5.1. Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

5.2. Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün;

5.3. Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatlar uğurla davam etdirilir.

İcrası başa çatmış "Açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi, maliyyə şəffaflığının təmin edilməsi və korrupsiyanın qarşısının alınması sahəsində mühüm tədbirlər görülmüşdür.

Ölkədə sosial-iqtisadi və inzibati sahələrdə davamlı olaraq həyata keçirilən tədbirləri, o cümlədən ölkədə biznes mühitinin əlverişliliyinin daha da yüksəldilməsi, əmlakın qeydiyyatının asanlaşdırılması, elektron satınalma, kreditlərin əlçatanlığı, vergi və gömrük inzibatçılığının sadələşdirilməsi, biznes dairələrinə göstərilən dövlət dəstəyinin artırılması sahəsində görülən tədbirləri nüfuzlu beynəlxalq təşkilatlar yüksək qiymətləndirmiş, "Doing Business” hesabatına əsasən Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilmişdir.

Dövlət xidmətlərinin həyata keçirilməsində müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə davamlı inkişafın təmin edilməsi üçün mühüm tədbirlər görülmüşdür. Belə ki, 42 dövlət qurumunun inteqrasiya edildiyi Elektron Hökumət İnformasiya Sistemi tərəfindən ümumilikdə 450-dən çox elektronlaşdırılmış xidmətin təqdim olunması təmin edilmişdir. Hazırda portalın bir milyondan çox istifadəçisi mövcuddur və vətəndaşlar müxtəlif dövlət xidmətləri ilə əlaqədar hər ay orta hesabla 2,5 milyon dəfə portaldan istifadə edirlər.

2019-cu ildə ölkədə yeni elektron satınalma modelinə keçid təmin edilmişdir. Yeni yaradılmış dövlət satınalmalarının vahid internet portalı satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkilini təmin edir. Sistem vasitəsilə elektron satınalma elanları verilir, təkliflər elektron formada təqdim olunur, satınalmaların nəticələri avtomatik rejimdə müəyyən olunur və müqavilələr elektron formada bağlanaraq, ödənişlər elektron qaydada həyata keçirilir. Bununla da elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. 2019-cu ildə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən elektron satınalmalar nəticəsində 6.291 müqavilə bağlanmışdır.

Dövlət xidmətlərinin müasir informasiya-kommunikasiya texnologiyalarından və innovativ metodlardan istifadə etməklə elektronlaşdırılması sahəsində əldə edilən nailiyyətlər nəzərə alınaraq, 2019-cu il iyunun 24-də Bakı şəhərində keçirilmiş "Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu” çərçivəsində ölkəmiz rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Birləşmiş Millətlər Təşkilatının xüsusi mükafatına layiq görülmüşdür.

Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində görülən sistemli tədbirlər bilavasitə cəmiyyətin həyatında və biznes mühitinin yaxşılaşmasında əksini tapmaqla bərabər, bu sahədə tədqiqatlar aparılmasında ixtisaslaşmış beynəlxalq təşkilatların diqqətindən də yayınmamış, bu baxımdan Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Açıq hökumət prinsipləri nəzərə alınmaqla vətəndaş cəmiyyəti institutları ilə əlaqələri daha da dərinləşdirmək, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin artırılmasını təmin etmək və vətəndaş cəmiyyəti institutları ilə ünsiyyətin yeni formatını təsbit etmək məqsədilə yaradılmış "Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” ötən il ərzində uğurla fəaliyyət göstərmiş, onun vasitəsilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən geniş spektrli mövzular müzakirə edilmiş və mühüm qərarlar qəbul edilmişdir. "Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” bu platformada keçirilən müzakirələrin növbəti nəticəsidir.

Bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz