Bu özü hər şeyi deyir, xanım Nurullayeva
Bir il öncə, yəni 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat olmaq istəyən Könül Nurullayeva hamının diqqətini cəlb etdi.
Heç kimin tanımadığı, hansısa “Eventoc” tədbir əməliyyat komitəsinin baş direktor müavini olan Könül Nurullayeva axı necə deputat seçilə bilər ?
Birincisi, bu xanımı ölkədə tanıyan yoxdur.
İkincisi, ölkəmizdə çalışan bir çox şirkətlərin adı cəmiyyətə bəllidir. Amma “Eventos”dur, nədir bu şirkətin heç adını bilən yoxdur.
Yəni bu xanımın təkcə özü deyil, çalışdığı şirkət də cəmiyyətdə tanınmır.
Bütün bunlar azmış kimi, guya Allah qoymasa rəqabət olduğunu göstərmək üçün “SOCAR PETROLEUM” QSC-də baş direktorun innovasiyalar üzrə müavini Elnur Mustafayev və SOCAR-ınNeft Kəmərləri İdarəsinin dispetçer xidməti rəisi Ramil Rüstəmov da Könül Nurullayevaya ciddi rəqib kimi seçki marafonuna qoşulmuşdular.
Bax, bu özü hər şeyi deyir. SOCAR-dan 2 namizəd Könül xanıma rəqib olub.
Azərbaycan cəmiyyəti belə “kukla” söhbətlərinə inanmır.
Nə isə sonda Könül Nurullayeva deputat oldu.
İndi görək deputat Könül Nurullayeva nə deyir: “Mən seçkiyə qatılanda da bildirmişdim ki, əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, parlament seçkilərində də DÜZGÜN SEÇİM etməliyik. Hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini tam şəkildə ifadə edir”.
Bu yerdə adam nəsə demək istəyir ki…
Könül xanım yekə müsahibəsində deyir ki, mən neçə illərdir stolüstü tennisi xoşlayıram.
Bu xanıma deyən yoxdur ki, bura Milli Məclisdir, stolüstü tennis deyil.
Xanım deputat onu da deyir ki, “Ailə kiçik dövlətdir”, ailə möhkəm təməl üzərində qurulmalıdır, var gücümlə ailə dəyərlərinə sadiq qalmağa çalışıram.
Bu yerdə xanım deputatın duvaqlı, çarşablı şəkilləri gəlir göz önünə və yada aşağıdakı misralar düşür:
…Üzündən götür duvağı
Qoy açıq görünsün Ayın qabağı…
Bir sözlə, xanım deputat güc verib müsahibələrə, açıqlamalara. Amma siftəsi yaman pis gəldi.
Bəli, Könül xanımın deputat kimi “siftəsi” çox uğursuz və rüsvayçı oldu. Məlumdur ki, erməni faşistləri 30 ildir torpaqlarımızı zəbt edib, sərvətimizi talayıb, abidələrimizi dağıdıb, meşələrimizi qırıblar və beynəlxaq hüquq normalarına görə Ermənistan bizə külli miqdarda təzminat ödəməlidir. Bu barədə hətta ölkə rəhbərliyi dəfələrlə fikir bildirib. Ancaq Könül xanım deyəsən fil qulağında yatıb. Türkiyə TV kanalına açıqlamasında deyir ki, ermənilər və Ermənistan dövləti çox kasıbdır, ona görə də bizə təzminat verməli deyil. İndi özünüz düşünün. Bu ağılın sahibini kim(lər), hansı yolla parlamentdə otuzdurub. Bu adam sabah hansısa Avropa ölkəsində elə bir siyasi səhvə yol verər ki, altından çıxa bilmərik. Məsələ o dərəcədə ciddiləşdi ki, Milli Məclis öz üzvü olan Könül Nurullayevaya töhmət verdi.
Belə gəncin nəyinə etimad göstəriblər ?
Bəs, imkansız ailənin evinə ayaqqabı ilə girib utanmadan poz verməyi, özünü reklamı kimin ayağına yazaq? Sənə deməyiblər ki, evə ayaqqabı ilə girmək olmaz? Yaxşı Nizami rayonunun Keşlə qəsəbəsindəki insanlarla görüşə az qala çarşabda, çadrada getməyinə nə ehtiyac var idi?
Siz kimi aldadırsınız, Könül Nurullayeva?
Mənbə: gundelik-baku.com