“Oğlum Zaur İsrafilov Vətən müharibəsində yaralanıb. Güllə sağ qolundan girib, qabırğasını, ağciyərini dağıdıb. Çox güclü ağrıları olur, sağ qolu işləmir, dərmanlarla yaşayır. 5 ailə üzvü birotaqlı evdə, ağır şəraitdə yaşayırıq".
Bu barədə “Qafqazinfo”ya qazinin anası Qəbələnin Uludaş kənd sakini Hicran İsrafilova müraciət edib. O bildirib ki, 22 yaşlı oğlu Z. İsrafilov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, idmanla məşğul olub. Lakin indi elə vəziyyətdədir ki, həkimlər 2 kiloqramdan artıq yük qaldırmasına icazə vermirlər:
“Zaur müharibənin ilk günündən ön cəbhədə xidmət edib. Oktyabrın 5-i Suqovuşan uğrunda döyüşlərdə yaralanıb. Çoxlu qan itirib, iki dəfə əməliyyat olunub. Bir müddət Naftalan xəstəxanasında, sonra Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb. Daha sona vəziyyəti pisləşdiyindən Bakıya – ATU-nun Tədris-Cərrahiyyə Klinikasına, oradan da Hərbi Hospitala köçürüblər. 7 aydır uşağım gözümün qabağında yarımcan qalıb. Hərəkət edə bilmir, bir az hərəkət edən kimi tərləyir. Ona tərləmək olmaz, vitaminli qidalarla qidalanmalıdır. Ailədə yalnız yoldaşım işləyir, fəhləliklə aya 240 manat qazancı olur. Bu qazanc da ancaq dərmanlara gedir”.
H. İsrafilovanın sözlərinə görə, yaşadıqları bir otaqdan həm yataq, həm qonaq otağı, həm mətbəx, həm də hamam kimi istifadə edirlər. Qışda rayonun imkanlı şəxsləri qazi ailəsini rayon mərkəzində 3 aylıq kirayə mənzilə köçürüblər. Qışı orada keçirən ailə öz evinə dönən kimi isə qazi soyuqlayıb:
“Həkimlər deyirlər ki, Zaurun yeməyi qüvvətli olmalıdır ki, immuniteti güclü olsun. Hamam olmalıdır ki, tez-tez yuyuna bilsin. 18 gündür evimizə qayıtmışıq, mən bu bir otaqda onu çimdirməyə yer tapmıram. Əməliyyatda dişlərini bir-birinə qıcamaqdan balamın dişləri elə vəziyyətə düşüb ki, yemək də yeyə bilmir. Bir az danışan kimi əsəb keçirir. Gördüyü hadisələr... Həmçinin yanında onunla birgə döyüşən dayısı oğlu şəhid olub. Bütün bunlar ona pis təsir edir. Zaur xəstəxanadan çıxandan kreditlər götürüb dərmanlarını, müalicəsini özümüz edirik. Maddi köməklik olunsa, dərmanlarını alaram, yeməyinə fikir verərəm”.
Qazi anası qeyd edib ki, “YAŞAT” Fondu tərəfindən qaziyə pul ayrılıb: “Qəbələ rayon İcra Hakimiyyətindən dedilər ki, əlilik təyinatı olmasa heç nə edə bilmərik. Həmçinin “YAŞAT” Fondundan da bildirdilər ki, əlavə köməklik olunması üçün gərək oğluma əlillik təyin olunsun. Zaur isə ordudan təzəlikcə təxris olunub, bundan sonra əlilliklə bağlı müraciət edəcəyik”.
Məsələ ilə bağlı Qəbələ rayon İcra Hakimiyyətinə də müraciət etdik. İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramin Hidayətov bildirdi ki, qazinin ailəsinə bir neçə dəfə köməlik olunub: “Qazinin atası tərəfindən İcra Hakimiyyətinə müraciət olunub, ailəyə bir maşın odun yanacağı və 500 manat dəyərində yataq dəsti alınıb. Bundan başqa ərzaq yardımı edilib, Novruz bayramında sovqat verilib. “YAŞAT” Fondu tərəfindən 2500 manat məbləğində yardım edilib. Minimum 2750 manat sığorta ödənişi olunub”.
Qeyd edək ki, ki, Z. İsrafilov Vətən müharibəsində göstərdiyi igidliyə görə dövlət başçısı tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.