Fövqəladə Hallar Nazirliyinə məxsus Zığdakı modul tipli xəstəxanın baş həkimi İmran Ağayev korrupsiya faktı ilə həbs olunmasına baxmayaraq, koronavirus xəstələrini müalicə edən bu tibb müəssisəsində neqativ hallar rada qalxmayıb.
TİA.Az-ın məlumatına görə, hələ də xəstələrə qarşı laqeydlik, baxımsızlıq, normal qulluq göstərilməməsi davam etməkdədir. Gələn xəbərlərə görə, “covid” xəstələrinin yaxşı müalicə olunmaması, diqqətsizlik ucbatından ölüm faktları qeydə alınmaqdadır.
Bu barədə jurnalist Elçin Rüstəmli də yazıb. Onun sözlərinə görə, dostunun anası koronavirusa yoluxub. Təcili yardım çağırılıb və xəstəni FHN-nin Zığdakı Modul Xəstəxanasına aparıblar. Xanım evdən aparılarkən olduqca ağır vəziyyətdə olub, amma görün nə baş verib:
“Bir gün sonra xəstə telefonla ailəsinə zəng edərək onu təcili bu xəstəxanadan çıxarılmasını xahiş edib. Məlum olub ki, xəstəyə bir sutka ərzində heç bir yardım göstərilməyib, ümumiyyətlə heç bir yardım!
Dostumun ailəsi böyük çətinlikə xəstəni oradan çıxarıb evə gətiriblər, hazırda ev şəraitində müalicə olunur. Təsəvvür edin, ciyərləri 80 faiz buzlamış xəstəyə heç bir yardım göstərməyiblər.
Ötən ay bu xəstəxananın baş həkimini 4-10 min manata çarpayı satdığına görə tutublar. Mən buradakı alverlə bağlı hələ dekabr ayında yazmışdım, konkret faktlar təqdim etmişdim.
Amma təəssüf ki, 4-5 ay sonra, minlərlə insanı burada soyub-soğana çevirdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçdilər.
Eyni laqeydlik, vicdansızlıq başqa modul xəstəxanalarda da baş alıb gedir. Bir həftə öncə Tovuzda, kəndimizdən həmyaşdım bir xəstə Qazaxda koronavirus xəstəxanasında vəfat etdi. Öyrəndim ki, xəstənin yaxınlarından israrla pul tələb edirlərmiş.
Mərhumun vəfat etməsindən sonra cənazəsi xəstəxanada otaqların birində üstüaçıq vəziyyətdə qalıbmış. Mərhumun yaxınları onun cənazəsini hazırladıb gətirib kənddə dəfn etdilər. Onun üç azyaşlı uşağı vardı…”
Redaksiyamıza gələn başqa bir xəbərdə isə deyilir ki, bu günlərdə 42 yaşında biri xəstəxanada dünyasını dəyişib. Onun da müalicəsinə ürək yandırmayıblar, səhlənkarlıq, etinasızlıq göstəriblər.
Ümumiyyətlə, Zığdakı bu xəstəxanada həbslərdən sonra ciddi irəliləyişlər olmayıb. Görünür, kökündən dəyişikliklərə ehtiyac var.