Artıq 1 il olacaq ki, koronavirus bizim həyatımızdadır. Haçırda heç kim özünü maska və spirtdən uzaq təsəvvür edə bilmir. Koronavirusdan həyatını itirən, yoluxaraq sağalan çox insanlar var. Virusa yoluxub sağalanlardan biri də jurnalist, İlkxəbər.org saytının rəhbəri Xanoğlan Əhmədovdur. O, Modern.az-a 22 gün müddətində xəstəxanada nələr yaşadığını danışıb.
“Mən də bu qorxunc bəladan yaxamı qurtara bilmədim”
- Virusdan nə qədər qorunsam da, dünyanı ağuşuna alan bu qorxunc bəladan yaxamı qurtara bilmədim. Dekabr ayının 1-də işlədiyim ofisdə koronavirus testindən keçdiyimdən və ertəsi gün neqativ cavab aldığımdan bir qədər arxayın idim. Lakin bu arxayınçılıq uzun çəkmədi, cəmi 2 gün sonra yüksək tempraturla yatağa düşdüm. Tanış həkimlərin məsləhəti ilə bir neçə sistem köçürtdüm və koronavirusa qarşı müəyyən dərmanlar qəbul etdim. Amma səhhətimdə yaxşılığa doğru dəyişiklik baş vermirdi. Tempratur 38-dən aşağı düşmür, iştahsızlıq, halsızlıq məni getdikcə əldən salırdı. İlkin tibbi yardım üçün Abşeron Təcili Yardımına zəng vurdum, lakin zəngimə cavab verən taplmadı. Dekabrın 10-da “Feysbuk”da bununla bağlı status da paylaşdım və Abşeron Təcili Yardımın işini tənqid etdim.
Abşeron Təcili Yardımının baş həkiminə etdiyim zəng də nəticəsiz qaldı.
“Təcili yardım həkimi məni oksigen balonuna qoşmaq istəyəndə...”
- Artıq dekabrın 12-si halım çox pisləşmişdi. Təcili Tibbi Yardım maşını məni xəstəxanaya aparanda gecə saat 23.30 idi. Demək olar ki, nəfəs ala bilmirdim, ciyərlərimin ikisi də 75% işləmirdi. Təsəvvür edin, təcili yardım həkimi məni oksigen balonuna qoşmaq istəyəndə hesab elədim ki, bu, vaxt apara bilər. Ona görə də, özümü toparlayıb “məni tez xəstəxanaya çatdırın!” deyə bildim. Gecə saat 12-də artıq Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalında idim. Məni hospitalın 18-ci korpusuna, 2-ci mərtəbəyə, 35-ci palataya yerləşdirdilər. Dərhal oksigen balonuna qoşdular. Özümü yaxşı hiss etmirdim və gecəni necə keçrdiyimdən xəbərsiz oldum. Ancaq gecə yarısı iki xalatlı xanımın başımın üstündə dayandığı yuxu kimi yadımda qalıb. Səhər tezdən gözümü açanda başımın üstündə həkimin və tibb bacısınının dayandığını gördüm. Özümü necə hiss etdiyimi soruşurdular. Sistemə qoşulu haldaydım. Müalicəyə başlayandan 2-3 gün sonra səhhətimdə yaxşılaşma hiss etməyə başladım. Həkimlər əllərindən gələni edirdilər, ən bahalı dərmanlardan istifadə olunurdu. Ümumi analizlərimin cavabında da müsbət dinamika vardı. Həkimlərin səyi nəticəsində artıq ciyərlərimin fəaliyyəti normaya düşdü. Tək problem onda oldu ki, verdiyim testin cavabı çox gec gəldi. Bayram günlərinidə orada qalmaq məcburiyyətində oldum.
“Qonşu palatada ağlayan bir yaşlı qadın diqqətimi cəlb etdi”
- Xəstəxanada olduğum 22 gün müddətində apardığım müşahidələr nəticəsində deyə bilərəm ki, COVİD-19 çox ağır xəstəlik olsa da, insanlar bəzən panikaya düşərək, bu qorxunc bəlanın qurbanına çevrilirlər. Doğrudur, koronavirus proqnoz veriləcək xəstəlik deyil, orqanizmdəki ən zəif nöqtələri oyadır. Üstəlik, ətrafındakı insanları gözün görə-görə itirmək ağır dərddir. Orada olduğum ilk günlərdə qonşu palatada için-için ağlayan bir yaşlı qadın diqqətimi cəlb etdi. Düşündüm ki, ağrılar və tənhalq ona əzab verir. Axı burada xəstələrin yanına heç kimi buraxmırlar, yalnız telefonla əlaqə saxlamaq olar. Ancaq sonradan öyrəndim ki, bu qadın hospitala həyat yoldaşı ilə birgə gəlib və həyat yoldaşı dünyasını burada dəyişib. Əlbəttə ki, çəkiləsi dərd deyil. Yaxud dünən qonşu palatada deyə-gülə salamlaşdığın adamın sorağını reanimasiyadan alanda necə təsirlənməyəsən.
Bütün bunlara baxmayaraq, daxili inam, möhkəm iradə xəstəliklərə qarşı ən təsirli vasitədir. Həkimim mənə “müəllim, siz koranavirusu yendiniz” deyəndə yuxarıda qeyd etdiyim fikirlərimdə haqlı olduğuma bir daha inandım. Ona görə də, bu istiqamətdə bütövlükdə cəmiyyətdə ciddi maarifləndirmə işləri aparılmalıdır.
“Xəstəxanadan ilk çıxdığım günlər özümü çox ağır hiss edirdim”
- Virusu çox ağır formada keçirtdim. Evə döndüyüm ilk günlərdə ayaqlarım şişirdi, normal hərəkət edə bilmirdim. Artıq iki gündür ki, işə çıxıram, hərəkət etmək biraz çətindir. Hazırda ürəyimdən müalicə alıram, onun da bitməsinə az qalıb. Ümumilikdə isə vəziyyətim daha yaxşıdır.
“Bir jurnalist olaraq müşahidələrdə aparırdım”
- Bu virus çox qəribə, proqnoz verilməsi mümkün olmayan bir xəstəlikdir. Elə olurdu ki, 1 saata evə gedəsi adamın 10 dəqiqə içində vəziyyəti pisləşirdi. Xəstəxanada olan elə insanlar var idi ki, sadəcə ölümü düşünərək gəlirdilər ora. Məndə isə bir arxayınçılıq var idi, həkim də mənə dedi ki, sən özün qalib gəldin virusa. Qorxunun özü bir xəstəlikdir, qorxmaq yox, mübarizə aparmaq lazımdır ki, qalib gələsən. Allah hər kəsə kömək olsun!
Son olaraq demək istəyirəm ki, insan belə vəziyyətdə olan zaman sadəcə, dəstək görmək istəyir. Virusla mübarizə apardığım zaman mənim yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Bunun özü də çox böyük rol oynayır, düşünürsən ki, hələ yaşamağa dəyər.