Axtarış...

Bakı dünya siyasətinin mərkəzinə çevrilir... - “Görüş Qarabağla bağlı da ciddi əhəmiyyət kəsb edə bilər”

Bakı dünya siyasətinin mərkəzinə çevrilir... - “Görüş Qarabağla bağlı da ciddi əhəmiyyət kəsb edə bilər”
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər.

Bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat yayıb. Birləşmiş Ştatların sabiq rəsmiləri və ekspertlər mümkün görüş yerləri kimi Çexiya, İslandiya, Sloveniya və Azərbaycanın adını çəkiblər. Ekspertlərin fikrincə, prezidentlərin görüşü paytaxt Reykyavik, Praqa, Lyublyan və Bakıda keçirilə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Dövlət katibi Entoni Blinken Vladimir Putin və Co Bayden arasındakı mümkün görüşün hər iki ölkəyə fayda gətirəcəyini söyləyib.

Aprel ayında Çex Respublikası Baş nazirinin birinci müavini, həmin dövrdə Xarici İşlər naziri vəzifəsini icra edən Yan Hamacek ölkəsinin Moskvada və Vaşinqtondakı səfirlərinə Praqada Rusiya-ABŞ sammitinin keçirilməsini təklif etməyi tapşırdığını bildirib. Lakin bu açıqlama Çexiya ilə Rusiya Federasiyası arasındakı diplomatik qalmaqalın başlamasından bir neçə gün əvvəl verilmişdi. Siyasi müşahidəçilər bu təklifi 1986-cı ildə Reykyavikdə ABŞ Prezidenti Ronald Reyqan və Sovet İttifaqı Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov arasında keçirilmiş görüşlə müqayisə edir. Ancaq İslandiyanın Xarici İşlər Nazirliyi Reykyavikdə Putin və Bayden arasında görüş keçirmək təklif almadıqlarını, buna baxmayaraq, gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildirib. 2001-ci ildə isə V.Putinlə ABŞ Prezidenti Corc Buş arasında ilk danışıqlar Lublyanada keçirilib.

Qeyd edək ki, Ağ Ev Prezident Baydenin Putinə bu yay Avropa ölkələrindən birində ikitərəfli münasibətlərdə yığılmış problemləri müzakirə etmək üçün zirvə görüşü təklif etdiyinə dair məlumat yayıb. Kreml görüş üçün mümkün tarixin müzakirə edildiyini bildirib. Mayın 4-də Bayden Putinlə iyun ayında görüşəcəyini ümid etdiyini deyib.

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə bildirib ki, Bakıda Rusiya və NATO rəsmilərinin bir neçə yüksək səviyyəli görüşü keçirilib. Bu müzakirələrin Bakıda aparılması hər iki tərəfin Azərbaycana olan etimadından irəli gəlir. Rəsmi Bakının bu görüşlərin təşkilində vasitəçi kimi iştirakı Azərbaycanın nüfuzunun və regional proseslərə təsir imkanlarının artmasından xəbər verir: “Adıçəkilən şəhərlər arasında mən Praqanı istisna edirəm. Çünki son vaxtlar Rusiya və Çexiya arasında baş vermiş gərginliklə əlaqədar rəsmi Moskvanın bu görüşün Praqada keçirilməsinə razılıq verəcəyi inandırıcı görünmür. Hətta Çexiyada Putini aşağılayan hadisələr baş verib. Rusiya səfirliyinin qarşısına Putinin heykəlinin qoyulması ona başucalığı gətirən məsələ deyil. Ona görə də düşünürəm ki, adıçəkilən şəhərlər arasında Reykyavikin və Bakının seçilməsi ehtimalı daha böyükdür. 1986-cı ildə ABŞ Prezidenti Reyqanla SSRİ rəhbəri Qorbaçovun görüşünün Reykyavikdə təşkili o zaman “soyuq müharibə” ab-havasının aradan götürülməsi və tərəflər arasında etimadın yaranması baxımından yüksək dəyərləndirilmişdi.

Həmin danışıqlarda məxfi razılaşmalar da əldə olunmuşdu. Hətta beynəlxalq ekspertlər SSRİ-nin dağılmasını Reykyavik görüşündə əldə edilmiş hər hansı razılıqlarla əlaqələndirir. Lakin Putin Qorbaçovdan fərqli olaraq dövlət adamıdır. Onun Co Baydenlə danışıqlara getməsi Rusiyanın dünyadakı nüfuzunun və beynəlxalq proseslərə təsir imkanlarının saxlanılmasına yönələcək. Putin Qorbaçovdan və Yeltsindən fərqli olaraq, NATO-nun şərqə doğru genişlənməsi prosesinə fərqli yanaşır. Putin adekvat addımlar atıb NATO-nu öz sərhədlərində saxlamaq fikrindədir. Bu baxımdan, görüşün Bakıda keçirilməsi həm tərəflərin rəsmi Bakıya olan etimadından xəbər verməklə yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həll olunmamış məsələlərin, yəni Dağlıq Qarabağda Azərbaycanın yurisdiksiyasının tam bərpası ilə bağlı yanvarın 11-də Moskva razılaşmasının yerinə yetirilməsi baxımından ciddi əhəmiyyət kəsb edə bilər”.

O bildirib ki, ABŞ isə Azərbaycana Avropanın enerji təhlükəsizliyinə töhfə verən dövlət, beynəlxalq terrorizmə qarşı koalisiyada yer almış tərəfdaş kimi baxır: “Azərbaycan Qərb koalisiyasına öz hava məkanından Əfqanıstandakı “Taliban” rejiminə qarşı mübarizə aparmaq hüququ verib. Eyni zamanda Azərbaycanın geostrateji mövqeyi nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi bütün hallarda ABŞ və Rusiyanın diqqət mərkəzində olub. Ona görə də görüşün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinin artması ilə yanaşı, ABŞ və Rusiya ilə münasibətlərdə yeni mərhələnin başlanmasına xidmət edə bilər”.

Qeyd edək ki, NATO və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəislərinin görüşlərinin Bakıda keçirilməsi Azərbaycanın balanslı xarici siyasət yürütməsi, yəni həm Qərb, həm də Kremllə sabit münasibətlərə malik olması ilə izah edilir. Lakin ABŞ Prezidentinin Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” adlandırması Azərbaycanla münasibətlərə zərbə vurub. Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi etməsi ABŞ-ın Azərbaycana olan marağından xəbər versə də, Co Baydenin açıqlamasından sonra yaranmış vəziyyət Putinlə görüşün Bakıda keçirilməsinə mane olan amil kimi dəyərləndirilə bilər.

Elşən Manafov bildirib ki, dövlət başçısı İlham Əliyev Co Baydenin bu ifadəsini tarixi səhv adlandırıb. Amma ABŞ Prezidenti “soyqırım” ifadəsini işlədərkən əsasən Osmanlı İmperiyasını hədəf götürüb. Türkiyə Cümhuriyyəti isə Osmanlı dövlətinin siyasi varisi deyil. Bununla yanaşı, Osmanlı dövlətinin ünvanına işlədilmiş ifadə qardaş xalq kimi Azərbaycanı da narahat edir:

“Ümumilikdə, ABŞ-ın Azərbaycana verdiyi dəyər ölkəmizin Avropanın enerji təhlükəsizliyinı verdiyi dəyərdən, sabitliyin və təhlükəsizliyin təminatında oynaya biləcəyi roldan asılıdır. Nəzərə almaq lazımdır ki, Co Bayden də Azərbaycana münasibətdə “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin dondurulması və Azərbaycana hərbi yardımın göstərilməsi haqda sənədlərə imza atdı. Co Bayden vaxtilə Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri olsa da, onun son addımı verilən dəyərdir. ABŞ hər halda, Azərbaycanın İranla qonşuluğunu, geostrateji bölgədə yerləşməsini, Mərkəzi Asiyaya gedən nəqliyyat-kommunikasiya yollarının ölkəmizdən keçdiyini nəzərə alır. Azərbaycanın balanslaşdırılmış siyasəti onun milli təhlükəsilzik maraqlarından irəli gəlir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstan deyil. Hər iki ölkə Cənubi Qafqazda yerləşsə də, Azərbaycanın Rusiya ilə münasibətləri Gürcüstandan fərqlənir. ABŞ da Azərbaycanın çoxqütblü xarici siyasətinin hansı məqsədlərə xidmət etməsinə anlayışla yanaşır. Bu mənada, mən ABŞ və Rusiya prezidentlərinin görüşünün Bakıda keçirilməsinə problem görmürəm. Əgər NATO və Rusiya rəsmiləri arasında ən yüksək səviyyəli görüşlər Bakıda keçirilibsə, deməli, prezidentlərin də danışıqları burada baş tuta bilər”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz