“Mən xalqımızdan, prezidentimdən və Mehriban xanım Əliyevadan, aidiyyəti orqanlardan kömək istəyirəm. Çünki həyati təhlükəm var. Bir müddət özümü qorxudurdular, şantaj edirdilər, ölümlə hədələyirdilər. Artıq övladıma keçiblər, məni oğlümla şantaj edirlər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ölkədə böyük bir dələduzluq seti yaradan şəxslər barədə məlumat verən vətəndaş Gülşən Əziz qızı Salmanova bildirib. Redaksiyamıza bu fırıldaqçı şəbəkənin əsas üzvləri haqqında danışan G.Salmanova təxminən 60 min manata yaxın pulunun mənimsənilməsində Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovun, kürəkəni Bayram Mətləb oğlu Aslanovun və oğlu İgidalı Hüseynovun (Baba ləqəbli) adlarını çəkib. G.Salmanova məsələ ilə bağlı bunları bildirib:
“Mən 2017-ci ildə Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovun kürəkəni Bayram Aslanovla tanış olmuşam. O, ilk öncə mənə evli olduğunu bildirsə də, boşanacağını da demişdi. Biz bir neçə il yaxın münasibətdə olmuşuq. Və elə bu illər ərzində də Bayram fırıldaqçılıq yolu ilə mənim 60 min manata yaxın pulumu mənimsəyib. Belə ki, tanış olduğumuz ilk dövrlərdə o, mənə yeni maşın almaq adıyla Nissan Sunny-mi 9 min manat nağd pula satdırdı. Əvəzində isə kredit yolu ilə Hyundai Elantra götürdü. Həmin maşının sənədlərini isə mənə hazır şəkildə gətirib göstərdi və dedi ki, kreditini də özü ödəyəcək. İki aydan sonra isə məlum oldu ki, sən demə, bu maşın kirayəyə götürülübmüş.
Məmməd Hüseynov, Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi
Ümumiyyətlə, Bayram “Okean” avto salonunun xətti ilə, konkret olaraq orada çalışan Əlişir adlı adamın əli ilə məni bir neçə dəfə bilə-bilə “maşın oyunlarına” salıb. Və Bayram oradan mənə Kia Sportage maşını da götürmüşdü ki, sonradan o maşın da itib-batırıldı. Amma aylarla mənə “Okean”dan kreditlə bağlı zənglər gəldi. Həmin vaxt Bayram artıq növbəti dəfə həbs edilmişdi”.
Bayram Aslanovun bir neçə dəfə həbsdə olduğunu deyən G.Salmanova onu da bildirir ki, son dəfə o, 2019-cu ildə soyğunçuluq üstündə cinayət məsuliyyətinə cəlb olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilsə də, qayınatası Məmməd Hüseynovun köməkliyi ilə 1 il 8 aydan sonra şərti azadlığa buraxılıb. M.Hüseynovun kürəkəni B.Aslanovu hərtərəfli himayə etməsinin səbəbini isə şikayətçi belə izah edir:
“Bayram qayınatası Məmmədin bütün saxta işlərini gördüyü üçün o da onun əməllərini ört-basdır edir. Elə mənim Xırdalanda yeni inşa edilən çoxmərtəbəli binadakı 72 kv.m-lik ikiotaqlı mənzilimin satılaraq pulunun mənimsənilməsində də qayınata-kürəkən əlbir olublar. Belə ki, Bayramla bir yerdə yaşadığımız müddətdə mənə dedi ki, qayınatası Məmmədin zavodu var və dəmir alqı-satqısı işləri ilə məşğul olurlar. Mənə təklif etdi ki, evimi satıb həmin işə qoyaq. Mən öncə buna razı olmasam da, Bayram dilə tutdu ki, işi düzüb-qoşan kimi mənə yol qırağında gözəllik salonu açmaq üçün əlverişli bir yerdə mənzil alacaq. Mən Bayramın təklifinə razı oldum və evim tez bir zamanda satıldı. Bu işə həm də ona görə razılıq verdim ki, Bayramın qayınatası Məmməd dövlət işində çalışır və güman etmirdim ki, bir məmur kimi o, fırıldaq işlərlə məşğul ola bilər. Amma mən yanıldım…”.
Bayram AslanovŞikayətçi xüsusi olaraq vurğulayır ki, kürəkəni Bayram tərəfindən mənimsənilən pulunun geri qaytarılması üçün illərdir M.Hüseynova müraciət etsə də, hələ də onun yağlı dili ilə yola verilir: “Məmməd özü mənimlə borc məsələsinə görə bir neçə dəfə görüşsə də, işi həll etmək əvəzinə, mənə qarşı hətta əxlaqsız hərəkətlər və təkliflər də edib. Onu da deyim ki, mənim bu insanların fırıldaqçılıqlarının qurbanına çevrilməyimdə Məmmədin oğlu İgidalının da rolu var. Belə ki, İgidalı da dəfələrlə məni bir çox məsələlərdə nələrəsə inandırmağa çalışıb”.
Evi olmadığı üçün hazırda övladı ilə pis bir şəraitdə yaşayan Gülşən Salmanova onu da əlavə edir ki, uzun illərdir təkidlə pulunu tələb etməsinə görə Bayram tərəfindən təhdid edilir, övladı ilə qorxudulur.
G.Salmanova məsələ ilə bağlı “Azəriqaz”ın direktor müavini Cahid Hüseynova da müraciət etdiyini, lakin ondan heç bir dəstək ala bilmədiyini də deyir. Qeyd edək ki, Cahid Hüseynov problemdə adı hallanan Məmməd Hüseynovun bacısı oğlu və kürəkənidir.
Bayram Aslanov və Gülşən Salmanova
KONKRET.az şikayətçinin məsələ ilə bağlı ölkə başçısına və aidiyyəti orqanlara videomüraciətini də təqdim edir:
KONKRET.azP.S. Məsələ ilə bağlı Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd Hüseynovun mövqeyini öyrənmək üçün etdiyimiz zənglər cavabsız qaldı…