Axtarış...

Arvadının saymadığı akademik, rüşvətxor əməkdar müəllim... - TƏFƏRRÜAT

Arvadının saymadığı akademik, rüşvətxor əməkdar müəllim... - TƏFƏRRÜAT
Az öncə Baş Prokurorluq Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Sahib Famil oğlu Şükürovun həbs edilməsi xəbərini təsdiqlədi.

S.Şükürov işlədiyi məktəbin direktoru Mehriban Əsgər qızı Rüstəmovanı aldadaraq, 168 min manat pulunu mənimsəyib. Aldatma isə M.Rüstəmova haqda başlayan istintaq işinin xətm ediləcəyi barədə S.Şükürovun vədi olub. Deyib ki, bu pul rüşvət olaraq veriləcək.

“Məktəb direktoru müəllimə inanaraq, niyə bu qədər pul verib” sualının cavabı aydındır. İllərlə cinayət işlərinin istintaqdaca xətm edilməsi yolları haqda təfəkkürlərdə oturuşan stereotiplər var, ona görə də Mehriban Rüstəmovanın rüşvət qismində külli miqdarda pul verməsi başadüşüləndir.

Bu rüşvətin qəbul edilməməsi, üstəlik Baş Prokurorluğun bu iddianı araşdıraraq, pulu mənimsəyən müəllimi həbs etməsi öz imici üçün vacibdir və bu sayı artırmalıdır, insanlar rüşvətə görə tutulanda rüşvət verib xilas olacaqlarını düşünməməlidirlər. Nə qədər ki, bu düşüncə xalqın yaşam tərzinə hakim kəsilib, bu rüşvət əməllərinin kökü kəsilməyəcək.

Bunlar məsələnin ictimai-sosial əhəmiyyətli hissəsi.

Məni bu prosesdə ən çox narahat edən talayanın, rüşvətxorun, dələduzun müəllimlər olmasıdır. Bu müəllimlərdən biri – direktor Mehriban Rüstəmova 2012-ci ildə “əməkdar müəllim” fəxri adına da layiq görülüb.

Həmin bu “əməkdar müəllim”lə bağlı 500 min manatlıq mənimsəmə üzrə cinayət işi başlayıb, 25 noyabr 2020-ci ildə istintaq tamamlanıb və cinayət işi məhkəməyə göndərilib. Yəni “əməkdar müəllim”in 500 min manatlıq dövlət vəsaitini talaması təsdiqini tapıb.

İddiaçı Mədəniyyət Nazirliyidir.

Gör nə gündəyik ki, indi “sağ olsun Mədəniyyət Nazirliyi” yazmaqdan özümü saxlaya bilmirəm. Çünki bu nazirlik yeyintiyə şərik olmayıb, Prokurorluğa müraciət edib və nəticə də ortadadır.

Bir məktəbin direktoru 500 min talama ilə tutulur, digəri 168 min dələduzluqla həbsə göndərilir.

Dəhşətdir: bu, Allah qoymasa, bizim müəllimlərimizdir - aydınlar yetişdirən, mədəniyyət xadimləri hazırlayan müəllimlərimiz. Bunların o musiqi məktəbində tələbələrdən necə rüşvət aldığını da təsəvvür etmək çətin deyil – dövlətin yarım milyonunu talayan müəllim uşaqdan rüşvət almazmı?

Bir neçə gün əvvəl iki məşhur klinikanın 40 yaşları yenicə tamam olan rəhbərləri həbs edildi. Bunların nə işlə məşğul olduğunu hamınız bilirsiniz: ölüm ayağında olan koronaviruslu xəstələri müalicə etmək üçün külli miqdarda rüşvət yığırdılar. Halbuki o xəstəxanalar məhz koronaviruslu xəstələrin müalicəsi üçün dövlət tərəfindən tələm-tələsik açılmışdı və orda çalışan həkimlər də digər həkimlərdən beşqat artıq maaş alırlar.

Nə artırılan maaşlar, nə xaricdə təhsil görmüş, intellektli və savadlı gənclərin rəhbər təyinatı rüşvətin, korrupsiyanın kökünü kəsməyə qadir deyil.

Hələ ardı gəlir – bu sətirlər yazıldığı vaxt allahsızlıq edən həkimlərlə bağlı Baş Prokurorluğun daha bir rəsmi açıqlaması yayıldı. Yenə həkimlər…

Amma təkcə həkim və müəllimlərmi?

İnşat sektoru: “ağacları kəs, insanların rahat həyatını məhv elə, şəhərin arxitekturasının anasını ağlat, məktəbi şikəst elə və bina tik” təfəkkürü hakimdir. Sənə hansısa məmur öz nəfsinə görə o bərbad işi görməyə şərait yaradırsa, bəs, sənin öz kişiliyin, öz insafın, öz vicdanın hardadır? Görmürsən yaşadığın şəhəri – o ki ola, paytaxt ola – məhv edirsən? Bu şəhərdə axı sən də yaşayırsan, sən də havasızlıqdan, sıxlıqdan əziyyət çəkirsən. Niyə bu hala salırsan ki Bakını?

Bir sahibkar gördünüzmü ki, öz pulu ilə yer alıb, orda ictimai park tiksin?

Bir pullu kişi – məmurundan biznesmeninə qədər – gördünüzmü ki, öz təşəbbüsü ilə öz ərazisini ictimaiyyətin xidmətinə versin, orda ağac əksin, yaşıllıq salsın?

Bizim xalqımızın həkimi, müəllimi, iş adamı budurmu? Bunların mənəvi materialı hardan götürülüb, görəsən?

Əlbəttə, bütün müəllimləri, həkimləri və s. bura aid etmək insafsızlıqdır. Ancaq…

Rəhmətlik Heydər Əliyevin az qala 25 ilə əvvələ aid bir çıxışı yadıma düşür. Alimlərin vəzifə hərisliyindən, arvadına çay gətizdirə bilməyən akademikin vəzifəyə təyin ediləndən sonra necə hoqqalardan çıxmasından dəhşətə gəlmişdi.

İndi də İlham Əliyev: xaricdə təhsil alan gənci baş həkim qoyur – adam vəzifəyə çatar-çatmaz özündən əvvəlkilərin ata-anasına min rəhmət oxudur; cavan oğlana başçı vəzifəsini tapşırır – adamın dalı kresloya çatar-çatmaz qanunsuzluqlara başlayır; torpağı azad edib, Şuşanı dünyanın ən gözəl şəhərinə, Duvaqlı Gəlinə çevirmək istəyir – orda villalar tikmək üçün növbəyə düzülürlər…

Biz bu qədərmi acgöz, həris xalqıq? Bu qədərmi özümüzə qənim kəsilmişik?

“Çürük taxta ilə dəmir qapı düzəltmək olmur” – Elçibəyin sözüdür, kadrlar haqda əsəbi halda demişdi o vaxt.

Böyük olmaq, hazırkı geosiyasi reallıqda mövcudluğumuzu şərəfli tariximizə uyğun qorumaq, inkişaf etmək, Qalib Dövlətin qürurlu xalqı kimi yaşamaq üçün “materialımız” saf, təmiz, güclü olmalıdır – polad kimi – elə lap, Həşimov Polad kimi…

Başa düşürəm – xalqın fərdlərinin hamısı başdan-başa vicdan simvolu olmur: xalqın içində vicdanlı, namuslu, şərəfli, mərd, yurdu üçün canından keçməyə hazır olan, intellektli, cəsurlar olduğu kimi, vicdansız, qorxaq, həris, rüşvətxor, vətənsatanlar da olur.

Ancaq vicdansızların sayı vicdanlıları aşa bilməz ki! Vicdanlılar vicdanlarını vəzifəyə sata bilməz ki! Bütövlükdə bu, bütün sahələri əhatə eləyə bilməz ki!

Özünüzdən başlayın, vicdanınıza hesabat verin, qətiyyən əbədi olduğunuzu düşünməyin! Materialınızı saf edin ki, saf Dəmirdən Dəmir Yumruq yaradıldığı kimi, sizdən də bu dövlət Dəmir Qapı düzəldə bilsin – Dəmir Yumruğun təmizlədiyi düşmən önündə çürük taxta qapı olmayın… //axar.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz