Axtarış...

Sahil Babayev sabiq əməkdaşını Azərbaycan vətəndaşlığından imtinaya vadar edir - Mehriban Əliyevaya müraciət

Sahil Babayev sabiq əməkdaşını Azərbaycan vətəndaşlığından imtinaya vadar edir - Mehriban Əliyevaya müraciət


Redaksiyamıza Xaçmaz şəhəri, R.Behbudov küçəsi, dalan 1, ev 18-də yaşayan Cəbiyeva Validə Eldar qızının Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qarşılaşdığı haqsızlıqlardan, qanunsuz işdən azad olunmasından və digər qanunazidd əməllərdən bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

"Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin ölkəyə ün salmış məşhur 20040011806 №-li, 27.07.2020-ci il tarixli əmri ilə karonavirus dövründə işdən qovulmuş 2000-dən artıq (Nazirliyin bütün qurumları üzrə isə 5000-dək) keçmiş işçilərdən biriyəm. ƏƏSMN-nin yüksək vəzifəli şəxsləri möhtərəm Prezident İlham Əliyev cənablarının 1077 №-li, 31.08.2020-ci il tarixli Fərmanının 5.1-ci hissəsinə əsasən DSMF-nun Publik Hüquqi Şəxs olmasını fürsət bilib, bütün işçiləri hədə-qorxu və təzyiq göstərərək ərizələrini almaqla işdən çıxartdılar. Bu zaman həmin Fərmanın 7.5-ci bəndinə əməl etmədilər. Fərmanın 7.5-ci bəndində möhtərəm Prezident DSMF-nun bütün işçilərinin işlə təmin olması barədə göstəriş vermişdi. Lakin Nazirlik həmin Fərmana «özfəaliyyət» nöqteyi-nəzəri ilə yanaşaraq qeyd olunmuş Fərmana «düzəlişlər» etdilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olmayan əmək müqaviləsi ilə işçiləri «Ştatdankənar işçi» adı ilə 3 aylıq işə götürdülər.

Mən işdən çıxma ərizəsi yazmasam da, əksinə Prezidentin Fərmanına əsasən işləmək istədiyimi nazirə ərizə ilə bildirsəm də, Nazirliyin Fərmana «özfəaliyyət» ilə yanaşmaq ruhu o qədər yüsək oldu ki, məni də «öz arzum ilə» işdən azad etdilər və 3 aylıq «Ştatdankənar işçi» götürdülər. Bildirirəm ki, Əmək Məcəlləsində «Ştatdankənar işçi» termini yoxdur. Belə çıxır ki, cənab Sahil Babayevin rəhbərlik etdiyi Nazirlik Prezidentimizin imzaladığı «Əmək Məcəlləsi»nə və digər normal aktlara əhəmiyyət vermirlər. Nazirliyin rəhbərliyi, hətta cənab Prezidentin dəfələrlə mətbuatda bəyan etdiyi «işçiləri karonavirus dövründə işdən çıxarmaq olmaz» xəbərdarlığına əhəmiyyət vermədi. Hətta nazir Sahil Babayev də mətbuatda «işçiləri işdən çıxarmaq olmaz» bəyanatı ilə işəgötürənlərə xəbərdarlıq etdi. Lakin Sahil Babayevin özünün rəhbərlik etdiyi qurum məhz bu ədalətsizliklə məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müdafiəyə möhtac olan vətəndaşları, əlilləri sosial müdafiəsiz qoymaqla məşğul olur, əgər bunun adı «büdcəyə xeyir vermək»dirsə, bəs necə olur ki, publikə qədər 400-500 manat arası aylıq əmək haqqı alan, hazırda isə Nazirliyin himayəsində olan ştatlı işçilərə 1500-2000 manat arası aylıq əmək haqqı (Nazirlikdə və yaxud Nazirliyin digər qurumlarında 3000-5000 manat aylıq əmək haqqı alırlar) verilir?!. Nazirlik və onun digər qurumları yardıma ehtiyacı olan vətəndaşların müraciətlərinə rədd cavabı verərkən, hətta uşaqlıqdan əlillərin müavinətlərini dayandırarkən, Vətən Müharibəsi əlillərinin «Ayağının dizdən aşağı neçə santimetr kəsildiyini» xətkeşlə ölçərkən hansı vicdanı meyarlara əsaslanır, Nazirliyin rəhbərliyinin müəyyən şəxsi münasibət və əlaqələri əsas tutaraq «Ştatlı işçilərinə» yüksək əmək haqqı ödəyərkən hansı meyarlardan istifadə edirlər? Məlumat verirəm ki, Nazirliyin və Nazirliyə tabe olan qurumların, o cümlədən DSMF-nun nizamnamə fondu, maliyyə fəaliyyətinin əsas hissəsini məcburi dövlət sosial sığorta vəsaitindən formalaşır. İşləyən sığortaolunanların məcburi sığorta olunmaları hesabına formalaşan vəsaiti Nazirliyin pensiyaçılara və köməyə ehtiyacı olanlara qıymayıb, özünə, işçilərinə vəsaitin böyük hissəsini xərcləyir.

Çox qəribədir! ƏƏSMN-nin rəhbərliyi qanunsuz ödənişlərdən yazır, amma qanunsuz ödəniş əməliyyatlarında iştirak edən işçiləri işdə saxlamaqla mükafatlandırır. Mən bunları yazarkən o faktlara əsaslanıram ki, DSMF-nun Xaçmaz nümayəndəliyində 2017-2018-ci illərdə baş vermiş korrupsiya faktları ilə əlaqədar dəfələrlə ƏƏSMN-ə, Respublika Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə, Hesablama Palatasına müraciət etsəm də, nədənsə mənim müraciətlərim araşdırılmadan ƏƏSMN-ə göndərildi. ƏƏSMN isə iki dəfə mənə faktları «araşdırırıq», 3-cü də isə «Sizə cavab vermişik» yazdılar və Nəticəsiz qaldı. (Həmin məktubları əlavə edirəm.)

Mən bunları yazarkən o faktlara əsaslanıram ki, 2017-2018-ci illərdə DSMF-nun Xaçmaz rayon Şöbəsində müdir işlədiyi dövrdə pensiyaçıların yüz minlərlə pulunu mənimsəyən Yasin Məmmədov haqqında cinayət işi açılmadı. Həmin illərdə Yasin Məmmədovun «xəzinədar»ı olan pensiya sektorunun müdiri (sonradan şöbə müdiri vəzifəsinə təyin edilib) olmuş Həmidov Ceyhun Elçin oğlu qanun qarşısında cavab verərdi. Belə olmasaydı, pensiyaçıların pensiya kartlarından pullarını «çırpışdıran» Bayramova Fəzilə Fizuli qızı haqqında məlumatlar prokurorluq orqanlarına verilərdi. Bildirirəm ki, Bayramova Fəzilə DSMF Publik Hüquqi Şəxsin Xaçmaz rayon nümayəndəliyində hazırda da sektor müdiri vəzifəsində işləyən Məmmədova Xavərin qızıdır. Bayramova Fəzilə pensiyaçıların pensiya kartlarından mənimsədiyi pulları (o məbləğ hər pensiyaçının adına 10000 manatdan artıq olurdu) «xəzinədar» Həmidov Ceyhuna verirdi, Həmidov da Rüstəmov Yasinə. Bu əməliyyatdan qazanılan pulları aralarında bölüşdürürdülər.

Qanunsuz sosial yardım ödənişləri edən işçilər, sağlam olduqları halda saxta əlillik qrupu alaraq həm uşaqları, həm də özləri pensiya alan işçilər –Məmmədxanova Səidə, Ağayeva Zeynəb işdə qaldılar. Məmmədxanova Səidə, hətta həm uşaqlarına, həm də özünə qanunsuz pensiya almaqda davam edir. Ağayeva Zeynəb sağlam azyaşlı qızına aldığı sosial muavinəti dövlətə qaytarmayıb. Saxta sənəd düzəldərək bəzi şəxslərin əmək pensiyası almasına köməklik edən Süleymanov Ceyhun Əkbər oğlu da işdə saxlanılıb.

ƏƏSMN-nin daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov Nazirliyin özünün araşdırması zamanı təsdiq olunmuş bu saxtakarlıq faktlarını bu fövqəladə işçilərə bağışlayıb. Bütün əlaqədar orqanlara göndərdiyim ərizələr Heybət İmanov sayəsində ört-basdır edilir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq «milyarder» naziri Əhməd Əhmədzadənin qohumu olan Məmmədova Xavər Həmid qızını Heybət İmanov «qanundankənar» elan edərək «toxunulmazlıq» statusu verib. Hətta «Həsənağanın qohumu» anlayışı ilə Əhmədzadənin qohumu olan Məmmədova Xavər Həmid qızını adi məsləhətçi vəzifəsindən sektor müdiri vəzifəsinə yüksəldib. Bununla Əhmədzadəyə olan minnətdarlıq hissini bildirmək istəyib yəqin. ƏƏSMN-nin vəzifəli şəxslərinin Əhmədzadəyə hüsn-rəğbəti bununla da bitmir. Belə ki, Əhmədzadənin bacısı oğlu Bayramov Pərvin Yusif oğlunu da Xaçmaz rayonunun Əlillərin Bərpa Mərkəzinin direktoru vəzifəsinə ƏƏSMN- tərəfindən təyin olunub. Nazirlik onu vəzifəyə təyin edərkən Pərvinin şəxsi həyatının qaranlıq səhifəsini belə görmək istəməyiblər. Hətta Əhmədzadə işdən çıxarıldıqdan sonra belə Bayramov Pərvinin qanunsuzluqlarına «göz yumur». P.Bayramov oktyabr 2020-ci il tarixdən hal-hazıradək 4 nəfər şəxsi qeyri qanuni bağban, katibə, ocaqçı və gözətçi adı ilə işdə saxlayır. Həmin şəxslərdən ikisi-Qabil adlı şəxs və onun qızıdır. Aylardan bəri P.Bayramov onları bu gün-sabah sizin ştatlarınız gələcək vədi ilə əmək haqqı ödəmədən işdə saxlayır. Pərvinin atası Bayramov Yusif 1990-cı illərdə rüşvətxorluq üstündə həbsxanada cəza çəkib. Həmin «rüşvətxor həkim» hazırda Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında psixiatr-həkim işləyir. ƏƏSMN-nin dəfələrlə bəyan etdiyi saxta əlillik qruplarının əksəriyyətinin epikrizləri Bayramov Yusif tərəfindən imzalanıb.

Mən əlaqədar orqanlara müraciət edirəm: –Cinayət əməlləri faktlarla təsdiq olmuş yuxarıda adlarını qeyd etdiyim bu şəxsləri ƏƏSMN-nin rəhbərliyini, yaxud Heybət İmanovun bağışlamaq hüququ varmı?

ƏƏSMN dəfələrlə qeyd edib ki, saxta əlillik qruplarını dayandırıb. Lakin mənim göndərdiyim saxta qrup alan şəxslər pensiya almaqda davam edir. Onlar aşağıdakılardır:

1. Əhmədov Çingiz Təbriz oğlu bir neçə rayonda, o cümlədən Xaçmaz rayonunda şöbə müdiri vəzifəsində işləyib. İşdən azad olunduqdan sonra saxta əlillik düzəldərək yüksək pensiya alır.

2. Bəkdəmirov Sahib Kamil oğlu və arvadı Bəkdəmirova Arzu əlilliyə görə saxta pensiya alırlar. S.Bəkdəmirov DSMF-nin Xaçmaz rayon şöbəsinə müavin, sektor müdiri vəzifəsində işləyib. İşdən azad olunan kimi saxta əlillik alaraq yüksək məbləğdə pensiya alır.

3. Məmmədova Şəlalə Əbil qızı DSMF-nin Xaçmaz rayon şöbəsindən işdən azad olunandan sonra saxta əlillik alaraq, yüksək məbləğdə pensiya alır

4. Mahmudov Sabir Sahib oğlu uzun illərdir ki, sağlam olduğu halda saxta əlilliyə görə pensiyası alır. Bundan əlavə heç bir əsas olmadan pensiyasının üzərinə əlavə hesablanıb və böyük məğləğdə pul ödənilib.

Azərbaycan Respublikası Qanunlarına, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının korrupsiyaya qarşı barışmazlıq prinsiplərinə etinasızlıq etmək cəsarətinin mənbəyini ƏƏSMN-nin əlaqədar şəxsləri haradan tapır? Axı, bunun kökündə vətəndaşları qəsdən narazı salmaq durur! Bəlkə ƏƏSMN və Heybət İmanov məhz buna çalışır?

DSMF Publik Hüquqi Şəxs elan olunarkən ƏƏSMN bütün işçilərdən öz arzumuzla işdən çıxma ərizəsi yazmağımızı tələb etdi. Mən və digər 3 nəfər işçi imtina etdik. Mən əksinə ƏƏSMN-nə ərizə ilə müraciət edərək Prezidentimizin Publik Hüquqi Şəxs haqqında Fərmanına uyğun olaraq, nazirdən iş istədim. Lakin ərizəmə əhəmiyyət verilmədən nazir S.Babayevin o məşhur 20040011806 №-li, 27.07.2020-ci il tarixli işdən çıxma əmrinə mənim də adımı daxil etdilər. Bununla əlaqədar olaraq 27.08.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə işdən qanunsuz çıxarılmağım və işə bərpa olunmağımla əlaqədar ərizə ilə müraciət etdim. Bu barədə 2-1(118)-1263/2020 №-li mülki işə Vəfa Əzizovanın hakimliyi ilə 14.09.2020-ci il tarixdən 15.04.2021-ci il tarixədək məhkəmə baxışı keçirildi. Bu müddət ərzində 3 dəfə məhkəmə baxışı oldu. Məhkəmədə mənim ərizəm araşdırıldı, araşdırıldı, araşdırıldı və mənim işdən çıxarılmağım qanuni sayıldı. Budurmu ədalət? Bunun araşdırılması üçün hakim Vəfa Əzizovanın hakimlik etidiyi məhkəməyə 6 ay 01 gün vaxt lazım olub?!

Cənab Sahil Babayev tərəfindən işdən çıxarılan yüzlərlə işçilər ölkənin müxtəlif məhkəmələrinə müraciət etsələr də, müraciətləri baxılmadan geri qaytarılır. Əsas göstərilir ki, bu faktlar müraciət olunmuş məhkəmələrin səlahiyyətlərinə aid deyil. Bəlkə cənab Sahil Babayevin qanunsuz işdən çıxardığı işçilərin müraciət etmələri üçün «xüsusi məhkəmə» yaradılsın!. Biz də süründürməçilikdən qurtaraq!

Mən 13.06.2007-ci il tarixdə də o vaxt DSMF-nun xətti ilə Xaçmaz rayon şöbəsinə müdir təyin olunmuş Əhmədov Çingiz tərəfindən qanunsuz işdən çıxarılmışdım. Ç.Əhmədovun məni və işçiləri rüşvət almağa və saxtakarlığa, vətəndaşın pulunu mənimsəməyə təhrik olunmağımıza dözməyərək DSMF-na və əlaqədar təşkilatlara müraciətlər etmişdim. Bunun nəticəsində mən o vaxt DSMF Aparatının rəhbəri Əjdər Cəbiyevin dəstəyinə arxalanan Ç.Əhmədovun qanunsuz əmri ilə işdən azad olunmuş, 2(105)-1215 №-li, 05.12.2008-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə işə barpa olmuşdum. «Müxalifət» qəzetinin 18-24.10.10 2008 -ci il tarixli (№ 19/1238) buraxılışının 8-9-cu səhifəsində DSMF-nun Xaçmaz rayon şöbəsində nələr baş vermir» adlı, «Musavat» qəzetinin isə 07.11.2008-ci il tarixli (№ 296/3918) buraxılışının 13-cü səhifəsində «Xaçmazda pensiya maxinasiyasını ifşa etmək iəhlükəlidir» adlı məqalələrində ümumilikdə DSMF-da və şöbələrində Səlim Müslümov və Əjdər Cəbiyevin başçılığı ilə baş

verən korrupsiya faktları açıqlanmışdır. Mənim yazdıqlarım 13 ildən sonra öz təsdiqini tapdı, onlar həbs olundu.

Azərbaycan Respublikasının Konstitusiyasına görə Dövlət vətəndaşların işlə təminatının və təhlükəsizliyinin təminatçısıdır. Yaşadığı ölkənin vətəndaşlığından imtina etmək də Konstitusiyamıza görə vətəndaşın hüququdur. Mənim dəfələrlə işlə təminat hüququm əlimdən alınıb, hazırda övladımın və özümün təhlükəsizliyimizə təminatım yoxdur. İşlədiyim təşkilatın təhqirlərinə dəflərlə məruz qalmışam, hədələyiblər, korrupsiyaya təhrik etmək istəyiblər. Lakin iradəmi qıra bilməyiblər. Düzgün yaşamağın bəhrəsi bumu olmalıdır? Artıq bezmişəm, 60 yaşım var. Rahat yaşamaq istəyirəm, mobinqlərdən bezmişəm.

Hörmətli Mehriban xanım!

Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanaraq, yüksək vəzifə sahiblərinin qanunsuz və ağayana əməllərinə etiraz olaraq xahiş edirəm, məni Azərbaycan Respublikası vətəndaşlığından azad olunmağıma edin!

Mənim mətbuat vasitəsi ilə müraciətimi rəsmi qəbul etməyinizi xahiş edirəm".

***

Redaksiyadan: Bu Cəbiyeva Validə Eldar qızının redaksiyamıza ikinci müraciətidir. Əvvəlki müraciətdə yer alan iddiaların araşdırılması məqsədi ilə 04.03.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə yenixeber.org olaraq rəsmi məktub ünvanladıq. Birinci instansiyadan hələ ki, cavab almamışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə elektron ünvanımıza anlaşılması mümkünsüz olan "cavab" gəlib: Hörmətli İlqar müəllim, Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının redaksiyanız tərəfindən 04.03.2021-ci il tarixli 07/021 nömrəli məktubla daxil olmuş müraciətinə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsində baxılmışdır. Bildiririk ki, V.Cəbiyevanın müraciətində qeyd etdiyi məsələlər Nazirliyə daxil olmuş öncəki şikayətləri əsasında Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmış və bununla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülmüşdür.(?)

P.S. Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq. //yenixeber.org//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz