Prezident İlham Əliyev dünən AzTV- yə müsahibə verib. O, çıxışında bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin minalı ərazilərin xəritəsinin verilməməsindən danışıb: “Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub.
Bu istiqamətdə işlər davam etdiriləcək”.
Millət vəkili Məlahət İbrahimqızı “Sherg.az”a açıqlamasında dedi ki, rəsmi İrəvanın bu inadkarlığı onun bir dövlət kimi mahiyyətindən xəbər verir:
“Ermənistan terrorçuluğa xidmət edən, faşizmi yayan dövlətdir. “Dəmir yumruq” başlarına dəysə də, dünya ictimaiyyəti qarşısında biabır olsa da, düşmənlik niyyətlərindən əl çəkmirlər.
Ermənistan baş naziri Nikol Paşinyan “nala-mıxa vurur”. Rəsmilərin dedikləri üst-üstə düşmür. Deməli, Ermənistanda vahid dövlət siyasəti yoxdur.
Çünki Ermənistan özü qondama dövlətdir. Hansısa qüvvələr Ermənistanın “beyinini o qədər zəhərləyiblər” ki, artıq düşmən ölkədə “xroniki xəstəlik” yaranıb. Bu “xəstəliyin” “müalicəsi” isə xeyli vaxt tələb edir. Əlbəttə, Ermənistanın sözügedən xəritəni verməməsi hansısa qüvvələrin diktəsi ilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvanın müstəqil xarici siyasəti yoxdur”.
M.İbrahımqızının sözlərinə görə, qərb qonşumuzun bircə çıxış yolu var:
“Ermənistan “dalan dövlətdir”. İranla sərhədlər bağlansa, bir neçə günə iflasa uğrayacaq. Odur ki, rəsmi İrəvan gələcəyinin Azərbaycan və Türkiyədən asılı olduğunu bilməlidir. İndi bu iki dövlətin hər birində on minlərlə erməni yaşayır, çörək qazanır.
Ona görə şərtlərimizə əməl etməlidir. Ən mühüm məsələ isə, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Qarabağı otuz il işğaldan saxlayan Ermənistan nə əldə etdi?! Heç nə! Əvvəl necə idisə, indi də elədir- səfil vəziyyətdə.
Nə qədər ki, Ermənistanı daha acı aqibət gözləmir, bu dövlət nicat yolunun Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərindən keçdiyini anlamalı və adekvat addımlar atmalıdır”.