Axtarış...

Əvf sərəncamı gözləntiləri doğrultdumu? - Görünəni budur ki...

Əvf sərəncamı gözləntiləri doğrultdumu? - Görünəni budur ki...
Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. Onlardan 475-i cəzasının qalan hissəsindən azad edilərək, həbsdən buraxılıb. 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb. Üzərində şərti cəza olan 2 nəfər, müəyyən müddətə azadlıqdan məhrum edilsə də, cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər də əfv olunub. Bundan başqa, sərəncam azadlığı məhdudlaşdırılan 9 nəfərə, islah işləri cəzası almış 12 nəfərə, cərimə cəzasına məhkum olunmuş 23 nəfərə də şamil edilib.

Əfv olunanlar arasında 3 nəfər ömürlük azadlıqdan məhrum edilmiş məhkum var. Onların cəzası 25 il həbslə əvəzlənib. Bunlar 49 yaşlı Azər Aslanov, 47 yaşlı Araz Əhmədov və 40 yaşlı Vüqar Əliyevdir.

Vüqar Əliyev 2003-cü ildə nişanlısı ilə birlikdə o zaman Şəmkirin icra başçısı olan (daha sonra kənd təsərrüfatı nazirinin müavini) Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməyə görə ömürlük azadlıqdan məhrum edilmişdi. Nişanlısı Lamiyə Quliyeva məhkəmədə bildirmişdi ki, Ruslan Aslanov ona təcavüz edib, V.Əliyev qətli də bu səbəbdən törədib. Amma cinayət işinin materiallarında Vüqar Əliyevin atasının icra başçısından torpaq sahəsi istədiyi, lakin “yox” cavabı aldığı, oğlunun da bu üzdən qisas məqsədilə Ruslan Aslanovu qətlə yetirdiyi iddia olunurdu.

Yerli və beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi 40-a qədər şəxsin adı da əfv olunanlar siyahısındadır. Onların arasında 2015-ci il noyabrın 26-da Nardaranda ilahiyyatçı Taleh Bağırzadə və tərəfdarlarına qarşı keçirilmiş polis əməliyyatı zamanı və sonrakı günlərdə həbs olunanlar, 2018-ci ilin iyulunda Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin ardından şəhərdə iki polis polkovnikinin öldürüldüyü aksiyaya görə cəzalandırılanlar, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri də var.

AXCP-dən “Press Klub”a bildirilib ki, partiyanın həbsdə olan 4 üzvü əvf olunub ki, onlardan üçünün cəza müddətinin başa çatmasına bir neçə ay qalmışdı:

“Orxan Baxışlı və Babək Həsənlinin cəzası mayda, Məhəmməd İmanlının həbs müddəti isə iyulda başa çatırdı. Elçin İsmayıllının isə cəza müddətinin bitməsinə 3 il qalmışdı. Məhz siyasi baxışlarına, AXCP üzvü olduğuna görə həbsdə olan başqa fəallar da var. Hökumət Aqil Məhərrəmlini, Saleh Rüstəmlini və digər siyasi məhbusları buraxmamaqla siyasi məhbus problemini kökündən həll etmək istəmədiyini ortaya qoydu”.

Hüquq müdafiəçisi Anar Məmmədli də bu sərəncamın siyasi məhbus problemini həll etmədiyini düşünür. Onun sözlərinə görə, vahid siyasi məhbus siyahısının hazırlanması üzrə işçi qrupun siyahısında adı olanların üçdə biri azadlığa buraxılıb: “Həbsdə olan siyasi məhbusların sayı kifayət qədər çoxdur”.

Hüquq müdafiəçisinin fikrincə, hökumətin siyasi məhbus problemini birdəfəlik həll etməyə siyasi iradəsi çatmır: “Əsas məsələ hakimiyyətin baxışının dəyişməsidir. Baxış dəyişsə, insanlar siyasi mənsubiyyətinə, fərqli fikrə görə cəzalandırılmasalar, siyasi məhbus problemi də olmaz”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bu sərəncam dövlətin öz vətəndaşlarına verdiyi dəyərin, humanist siyasətin göstəricisidir. “Dövlətimizin başçısının bu sərəncamı böyük sosial əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu addım Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir. Əfv olunanlar dövlətin onlara inam və etibarını üzərlərində hiss edirlər ki, bu da onlara layiqli vətəndaş olmaq stimulu verir”, – deyə deputat sosial media hesabında yazıb. //PRESSKLUB.AZ//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz