Ali Baş Komandanın ailəsi ilə birgə Azıx mağarasını ziyarəti və Şuşaya məhz ilaxır çərşənbə günü növbəti səfəri hər birimizin qəlbindəki ruh yüksəkliyinə qeyri-iradi daha bir təkan verdi...
Lakin dövlətimizin Milli Ordumuzun şəhid və qaziləri, eləcə də siyasi-diplomatik gedişləri hesabına əldə etdiyi şanlı zəfərindən sonra əldə olunmuş 10 Noyabr üçtərəfli razılaşmasından bəri hər bir vətənpərvər azərbaycanlını narahat edən bir sıra məsələlər var.
Əsas problemlərdən biri də Ermənistanın rəsmi və ya qeyri-rəsmi şəxslərinin, eləcə də “müharibə zamanı Qarabağdan köçmüş erməni” adı altında on minlərlə naməlum məxluqun “Laçın dəhlizi” deyilən ərazidən, demək olar ki, maneəsiz olaraq Xankəndinə və keçmiş Dağlıq Qarabağ ərazisinin digər məntəqələrinə keçib-gəlməsidir.
Adama deyərlər ki, nə var, rahat masa arxasında oturub cürbəcür mülahizələr yürütməyə, Yuxarı Qarabağ, eləcə də Laçın barədə bilib-bilmədiyiniz problemlər, təhdidlər, təzyiqlər var... Bunlar doğrudur. Fəqət, heç kəsin də vətəndaşa öz Vətəninin, öz yurdunun taleyi haqda düşünüb fikirlərini, təbii ki, qanunun və əxlaqın imkan verdiyi sərhədlər çərçivəsində, azad şəkildə ifadə etməsinin qarşısını almağa ixtiyarı yoxdur...
***
Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin ermənilərin təhlükəsiz gediş-gəlişi üçün Laçın şəhəri və bir neçə kəndimiz də daxil olmaqla 5 km enindəki əraziyə nəzarət etməsi anlaşılandır. Ancaq söhbət ondan gedir ki, bölgəyə gəldikləri ilk günlərdən rus hərbçilər məlum razılaşmanın 4-cü bəndinə uyğun olaraq Laçın dəhlizi də daxil Yuxarı Qarabağdakı bütün erməni silahlı birləşmələrinin tərksilah edilərək çıxarılmasını təmin etməkdənsə, bilavasitə hərbi əməliyyatlar zamanı yaşayış yerlərini tərk etmiş ermənilərin Ermənistandan geri – Xankəndi və digər ərazilərə qaytarılmasıyla məşğul oldular. Nəticədə Rusiya Müdafiə Nazirliyinin verdiyi son məlumatlarına görə, Azərbaycanın birbaşa nəzarətində olmayan tarixi-hüquqi torpaqlarına bircə azərbaycanlının da qayıtmadığı bir halda, bu günədək Qarabağa guya 53 minə yaxın erməni qaytarılıb... Və bu baxımdan ən ciddi problem ondadır ki, onların hamısı torpaqlarımıza Laçındakı sərhəd-keçid məntəqəsindən Azərbaycanın müvafiq dövlət qurumlarının yox, Rusiya hərbçilərinin yoxlanışından keçərək gəliblər. Yəni Azərbaycan dövlətinin birbaşa nəzarətindən kənar ərazilərimizə guya “müharibədən sonra qayıtmış” şəxslərin kimliyi barədə dəqiq məlumatı yoxdur. Bəlkə də var? Sadəcə, erməni toplumunun aqressiv hissəsini qıcıqlandırmamaq üçün bunu açıqlamırıq. Allah eləsin, belə olsun. Bunun əksi olduğu, yəni torpaqlarımıza keçmiş on minlərlə məxluqun şəxsiyyətinin identifikasiya olunmadığı halda ərazidə erməni təxribatlarının və gələcəkdə hətta əks-hücumlarının baş verməsi üçün böyük təhlükə yaranır. Çünki öncəki yazılarımızda da deyildiyi kimi, hətta Qarabağa qayıtmış ermənilərin sayı barədə rəqəmlərin şişirdiləcəyi təqdirdə və azı, 20-30 min erməninin gəldiyi halda belə, onların arasında azı, 2-3 min təxrubatçı və ya terrorçunun, xarici muzdlunun ola bilməsi ehtimalı yaranır... Nəzərə alsaq ki, 10 noyabrdan bu günədək Rusiya hərbi kontingentinin Yuxarı Qarabağ ərazisindən hansısa silahlı erməni birləşməsini çıxarması haqda heç bir rəsmi məlumat verilməyib, Şuşa rayonunda rayon mərkəzindən başqa heç bir kənd azad olunmayıb(Daşaltı kəndi Müdafiə Nazirliyinin rəsmi saytında Xocalı rayonuna aid olaraq təqdim edilir) və Böyük və Kiçik Kirs kimi ətraf yüksəklik və meşələrdə, Şuşanın Qaladərəsi, keçmiş Kirov kəndləri, eyni zamanda Xocavənd, Əsgəran və Ağdərənin yüksəklik və meşələrində minlərlə erməni silahlısının qalma və eləcə də hazırda sarsıdıcı məğlubiyyətlərinə rəğmən genişmiqyaslı təlim keçən Ermənistan ordusu hərbçilərinin mülki erməni adı altında Qarabağa keçməsi ehtimallarını da nəzərə alsaq, təxribat və terror aktları təhlükələrinin nə qədər real olduğunu anlarıq...
Deyilənlər ehtimal olsa da, Ali Baş Komandanın xəbərdarlıqlarına rəğmən son 120 gündən çox müddətdə Ermənistan nazirləri, komitə sədrləri, eləcə də Qarabağ münaqişəsinin və tarixən Türkiyə və Azərbaycandakı qırğınların əsas baiskarlarından olan terrorçu “Daşnaksütyun” və digər partiya liderlərinin və s. həftə səkkiz, mən doqquz torpağımıza; Xankəndinə, Əsgərana, Ağdərəyə gəlib-getmələri danılmaz faktdır. Və bu gerçəklik hər bir vətəndaşın, xüsusən də məcburi köçkünlərin heysiyyatına toxunur...
Və bütün deyilənlərlə bağlı qeyri-iradi suallar meydana çıxır:
-Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinin Azərbaycanın deyil, Rusiya sülhməramlılarının nəzarətində olması beynəlxalq hüquq baxımından doğrudurmu?
-Bəlkə rus hərbçilərin Laçın sərhəd-keçid məntəqəsinə nəzarət etməsi sülhməramlı missiyalar haqda hansısa beynəlxaq qanuna əsaslanır?
-Dünyadakı sülhməramlı missiyalar təcrübəsində belə hal olubmu ki, sülhməramlı kontingent ərazisində olduğu dövlətin sərhəd-keçid məntəqəsinə nəzarət etsin?
-Rusiyanın Azərbaycanın razılığı olmadan onun sərhəd-keçid məntəqəsinə nəzarət etməsi və bunun dövlətimizin nəzarətinə verilməsindən imtina etməsi onun qoşunlarını yerləşdirdiyi ərazini öz işğalı altında olan ərazi hesab etməsi anlamına gəlmir ki?
Doğrudur, bir sıra təhlilçilər iddia edir ki, Azərbaycan dövləti 10 Noyabr razılaşmasına əsasən Rusiya sülhməramlılarının Laçın dəhlizi ilə birgə onun Ermənistanla sərhəd hissəsinə də nəzarətinə razılıq verib. Və bu baxımdan Rusiyanın sözügedən ərazini işğal etməsi ehtimalı doğru deyil...
***
Növbəti sual:
-Bəlkə burada Zəngəzur-Meğri yolunun açılmaması daha böyük rol oynayır. Yəni Azərbaycan da, Türkiyə də səbir göstərir ki, Meğridən Naxçıvana yol açılsın, sonra Laçın, eləcə də Xocalı, Xankəndi, Ağdərə və s. məsələlərini həll edək?
Əlbəttə, həm hərbi, həm də iqtisadi-siyasi baxımdan çox mühüm Meğri dəhlizinin açılıb fəaliyyətə başlamasına nail olmaq üçün də rəsmi Bakı da, Moskva da, Ankara da erməniləri mümkün qədər az qıcıqlandırmalıdır... Lakin o da var ki, Naxçıvana dəhlizin açılışı ermənilərin Yuxarı Qarabağa maneəsiz axını hesabına baş verməməlidir...
Bəhs edilən sualları cavablandıraraq vətəndaşlarımızı maarifləndirmək müvafiq dövlət qurumlarının və siyasi şərhçilərin borcudur. Və ayıq başla, səbirlə yanaşdıqda son savaşdakı böyük hərbi və siyasi-diplomatik qələbəmizə rəğmən 33 illik bir problemin 5-6 ay ərzində tam həllinin mümkün olmadığını da anlayırıq. Məsələnin həlli prosesi olduqca mürəkkəb, ziddiyyətli beynəlxalq münasibətlər, təhdid və təzyiqlər girdabında gedir. Onu da nəzərə almaq lazımdır ki, əgər Ermənistan tərəfdən Qarabağa gediş-gəlişə ciddi nəzarət qoyulacağı təqdirdə Azərbaycan dövləti qəsbkar hökumətin Qarabağdakı mülki ermənilərə maddi-sosial yardımının da qarşısını almalı və bu soyuq qış aylarında öz vətəndaşları kimi onları özü təmin etməli olardı.... Amma artıq yaz gəlməkdə, meşələr yarpaqlamaqdadır... Və bu gün rəhmimiz gələn erməni sabah silahlanıb işğaldan azad ərazilərimizdəki hərbi və mülki vətəndaşlarımıza qarşı hər cür təxrubat törədə bilər... Odur ki, bütün təhdid, təzyiq və digər problemlərə rəğmən Laçın sərhəd keçidinə nəzarət məsələsi tezliklə həllini tapmalıdır ki, Azərbaycan xalqının Qarabağın taleyi barədəki narahatlıqlarına da son qoyulsun... //moderator.az//