Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı.
30 ilə yaxındır danışıqlar yolu ilə həllinə çalışdığımız haqq mübarizəmizi 45 gün içərisində hərb yolu ilə həll etdik. Budur şanlı, qürurlu Azərbaycan ordusu. Budur haqq mübarizəsi, Vətən müharibəsi. Bu müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi və qızıl hərflərlə tarixə yazıldı.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivdə qaldı. Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları da alt-üst oldu.
Sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə çalışılırdı, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin bütün bu iddialar, istəklər xəyal olaraq qaldı. Azərbaycan Prezidenti yeni reallıq yaratdı. 45 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bir sözlə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Ermənistan ordusu atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiya imzalamağa məcbur etdi.
Ermənistanın daxilindəki hazırki biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar göz qabağındadı. Ermənistanla müqayisədə isə Azərbaycanda, Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu açıq-aydın şəkildə nümayiş etdirir. Hazırda Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 45 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir.
Danılmaz faktdır ki, Şuşaya nəzarət edən avtomatik olaraq Qarabağa da nəzarət edir. Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçınının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək.
Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq.
Prezident status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diqtə edir.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
Birgə bəyanat sentryabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktı hesab olunur. Bəyanat tam olaraq, Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb.
Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.
Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır.
Belə ki, Azərbaycanın maraqları çərçivəsində imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 15-i Kəlbəcər, noyabrın 20-si Ağdam, dekabrın 1-i isə Laçın işğalçılardan təmizlənərək Azərbaycan ordusunun nəzarətinə veriləcək. Ermənistan bu rayonlarda olan qoşunlarını Ermənistan istiqamətində çıxarır.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər.
Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir.
Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin etdiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
Bütün bunların fonunda daha vacib məqamlardan biri isə münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.
Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi;
Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisində doğma yurdlarına qayıdacaqlar.
Bu o deməkdir ki, vətən həsrəti bitdi! Bu o deməkdir ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazdı! Bu o deməkdir ki, haqq mübarizəmizi, Vətən müharibəmizi qələbə ilə başa vurduq. Nəhayət bu o deməkdir ki, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!