Mütəxəssislər bildirirlər ki, ölkədə pandemiya ilə əlaqədar SMS-icazə sistemi yenidən tətbiq edilərsə, vaksin vurduran şəxslər ondan azad edilməli və onların sərbəst hərəkətinə imkan yaradılmalıdır.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib ki, belə bir qərar qəbul edilərsə, bu, peyvənd vurulmayan digər qruplar arasında haqlı narazılığa səbəb ola bilər:
“SMS-icazə ilə bağlı hələlik rəsmi qərar yoxdur. Əgər ölkədə belə bir qərar olarsa və peyvənd vurulan şəxslərə tətbiq edilərsə, bu, əhali arasında müəyyən narazılıqlar və aqressiya doğura bilər. Çünki vaksinasiya prosesi könüllü aparılır və ölkəyə gətirilən vaksin sayı da müəyyən risk qrupu üçün nəzərdə tutulub. Onlar vaksin olunmaq istədiklərini, lakin növbəsi çatmadığı üçün bunun baş tuta bilmədiyini qeyd edərək etiraz edə bilərlər. Əgər ölkədə vaksinasiya prosesi bütün yaş qrupları üçün aparılsaydı və bəziləri bu prosesdən kənarda qalmaq istəsəydi, deyə bilərdik ki, SMS icazə yalnız onlar üçün tətbiq edilsin”.
Ekspert onu da qeyd edib ki, SMS-icazə sistemi tətbiq olunarsa, yalnız virusa yoluxub sağalanlar ondan azad oluna bilər:
“Virusa yoluxan şəxslər vaksinasiyadan da kənarda qalırlar. SMS-icazə sistemi tətbiq olunarsa, 6 ay ərzində virusa yoluxub sağalanlar bu qadağadan kənarda qalmalıdır”.