Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır.
Bunu teleqraf.com-a həkim-infeksionist Vüqar Cavadzadə deyib.
İnfeksionist qeyd edib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: "Sadəcə olaraq insanlarda bir qədər arxayınlıq yaranıb. Bəzi insanlar demək olar ki, koronanın varlığını yaddan çıxarıb. Son günlərin statistikasında artım dinamikası müşahidə olunur. Bu da karantin tədbirlərinin nisbətən yumşalması ilə bağlıdır.
Bir sıra məktəblər, o cümlədən ictimai iaşə obyektləri mərhələli formada açılmaya getdi. Təbii olaraq mərhələli bərpa prosesi ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olur. Bu da yoluxma statistikasında artıma gətirib çıxarır. Son dövrlər yoluxma sayı 100-dən aşağı düşmüşdüsə, hazırda gündəlik 300-350 nəfərdə yoluxma qeydə alınır”.
Ekspert qarşıdan gələn Novruz bayramı ərəfəsində yoluxma sayında artımın olacağını istisna etmir:
“Bayram ərəfəsində insanların qonaq getmək kimi bir ənənəsi var. Bu zaman insanlar bir-biri ilə daha çox ünsiyyətdə olacaq. Bu da yoluxmaların artmasına təsir edəcək”.
Vüqar Cavadzadə hazırda ölkədəki epidemioloji vəziyyəti stabil qiymətləndirib:
“Düşünmürəm ki, hazırda sərt karantinə gediləcək. Çünki bu gün epidemik proses nəzarət altındadır. Amma yoluxma sayı artarsa, sərt karantindən başqa alternativ yolumuz qalmır.
Ölkəmizdə 3 dəfə sərt karantinə gedilib. Ən çox yoluxma payız aylarında qeydə alınmışdı. Gündəlik 4000-4500 nəfərin testinin nəticəsi pozitiv çıxırdı. Sərt karantin tədbirləri tətbiq olunandan sonra yoluxma sayında azalma qeydə alındı. Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır. İnsanlar bir qədər ehtiyatla davranmalıdır ki, bayramdan sonrakı dövrdə sərt karantin rejimində yaşamayaq”.