2020-ci ilin may ayının 8-də Bakıda saytların manşetini kədərli bir yazı başlığı bəzədi. 85 yaşlı məşhur professor tənha yaşadığı evdə vəfat etmişdir. Belə ki, professor həyatının son vaxtlarında və son günlərində ağır və baxımsız şəraitdə yaşayıb. Bakıda ləhiş bağlarında tənha yaşadığı evdə gözlərini əbədiyyətə yumub. Bu əslən Təbriz şəhərində doğulub, boya-başa çatmış şair, fəlsəfə elmlər doktoru, professor Qulmarza Səbri Təbrizi idi. Bu üzücü xəbər məni bir anlığa 2000-2008-ci illərə apardı.
Bu o illər idi ki, Avropa Parlamentinin dəstəyi ilə ABŞ-da, Kanadada, İsveçrədə mühacirət həyatı yaşayan, əslən İrandan olan bəzi soydaşlarımız Bakıda məskunlaşaraq, Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Milli İstiqlal və s. ictimai təşkilatlarla birlik nümayiş etdirərək “Bütöv Azərbaycan Birliyi (BAB)”, “Təbrizə bayraq sancmaq”, “İranda Azərbaycanlıların hüquqları pozulur”, “Güneyə azadlıq” və s. məntiqdən uzaq sərsəm çıxışlarla xalqın incə nəbzini tutmağa çalışırdılar. İrana qarşı aksiyalar az da olsa Bakıda bir “canlanma” yaratmışdır. Amma xalqın ən ağrılı yeri Qarabağ idi. Bir milyon qaçqın hələ də çadırlarda yaşayırdı. İnsanların vəziyyəti indikindən çox fərqli idi. ABŞ-ın, Qərbin dəstəyi ilə yaranan “Dünya Azərbaycanlıları Konqresi (DAK)” və “Güney Azərbaycan Oyanış Müdafiə Komitəsi (GAOMK)” və s. təşkilatlar Qarabağ həsrəti ilə yaşayan, didərgin insanları öz tərəflərinə çəkmək üçün “Qarabağın azadlığı Təbrizin işğalından azad edilməsindən keçir” şüarlı tez-tez səsləndirirdilər.
Bir gün Bakıya Dünya Azərbaycanlıların Konqresinin (DAK) sədri Cavad Derəxti gəldi. ABŞ-da DAK-ın yaradıcısı sayılan Cavad Derəxti müxalifətlə, Azərbaycan rəsmiləri ilə görüşlər keçirir, şirin vədlər verir, Bakıda tədbirlər, konfranslar keçirirdi. Konfranslarda çıxışlar, təriflər bitmək bilmirdi. DAK üzvü qərb ölkələrinin birində mühacirət həyatı yaşayan Əjdər Tağızadə ilə şair, milli məclisin deputatı Sabir Rüstəmxanlının çıxışları iştirakçıları lap “kövrəltdi”. Belə ki, sovetlər dönəmində İran-Azərbaycan sərhəddində tikanlı məftillərin o tayında və bu tayında iki yeniyetmə uşaq olan Sabir Rüstəmxanlı və Əjdər Tağızadə qoyun-quzu otarırmışlar. Onların bir-biriləri ünsiyyətdə olmaları mümkün deyildi. Bir müddət keçdi. Cavad Derəxti əkdiyi ağacın bəhrəsini nədənsə görə bilmədi. Bu dəfə meydanı Qulamrza Təbrizi aldı. DAK sədri Qulamrza bəylə əqidə dostları arasında çox çəkmədi, ixtilaflar yarandı. Bu ixtilaflar o qədər dərinləşdi ki, nəhayət Sabir Rüstəmxanlı DAK-a sədr seçildi. Lakin vəziyyət yenə düzəlmədi. Əqidə dostları arasında kəskin qarşıdurma yarandı. Bir vaxtlar dost olan Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadə bir-birlərini ittiham etdilər. Əjdər Tağızadə xəyanətlə suçlandı. Bunları yada salmaqda məqsədim odur ki, bu nağıllara qulaq asa-asa onda ayıldıq ki, Qarabağ 27 ildir bizdən uzaqlaşıb. Bu nağılların mahiyyəti nə idi? Qarabağı unutdurmaq, İranda böyük ixtisaşlar yaratmaq. Nağıl qəhrəmanları isə ABŞ-dan, Qərbdən ənamlar alıb, ortada yeyib-gəzmək, lüks otellər, təyyarələr, eyş-işrət nəbilim nələr. “Cənubi Azərbaycan”, “Şimali Azərbaycan” bütün bunlar sovet ideologiyasının məhsulu idi. İranda sosializm quruluşunu bərqərar etmək üçün əlində bir silah idi. SSRİ dağılandan sonra bu silah ABŞ-ın əlinə keçdi. ABŞ qərb İranda qərbyönlü hakimiyyətin qurulmasından ötrü bu silahdan yetərincə istifadə etdi, amma məqsədinə çatmadı. Bunu bilməyə nə var ki? ABŞ dünyada müstəqil siyasət yeridən, iqtisadi cəhətdən güclü dövləti sevmir, əlalxüsus müsəlman dövlətini.
Belə bir dövlət də İrandır. İranda soydaşlarımızın hüquqları ilə bağlı bir vaxtlar canfəşanlıq göstərən bəzi dırnaqarası millət qəhrəmanlarını kəskin tənqid edən mərhum Heydər Əliyev demişdir: “Azərbaycanda belə bir məsəl var: özünə umac ola bilməyən başqasına əriştə kəsmək istəyir. Bunu bizim özümüzün, bir milyondan çox azərbaycanlının hüquqları tapdanıbdır. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə əlaqədar bu dəqiqə ən ağır vəziyyətdə olan bir ölkədir. Bəzi adamlar populist fikir söyləyərək deyirlər ki, İranda azərbaycanlıların hüquqları tapdalanıbdır. Qoy o adamlar gedib desinlər ki, Azərbaycanda azərbaycanlıların hüquqları tapdalanıbdır. Bunlar kənarda qalıb, başlayıblar ki, İranda azərbaycanlıların hüquqları tapdalınbdır”.
Təəssüf ki, belə bir ibrətamiz öyüd-nəsihətdən bəziləri hələ də nəticə çıxarmayıblar. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük savaşda “dənizdən-dənizə ermənistan”, “qədim erməni xalqı” kimi uydurmaları mifləri dağıdaraq, tarixin arxivinə qərq etdiyi kimi, “Güney Azərbaycan”, “Qarabağın azadlığı Təbrizin işğaldan azad olunmasından keçir” kimi çeynənmiş ifadələrə, nağıllara da son qoydu. Prezident İran-Azərbaycan sərhədini dostluq sərhədi adlandırdı. Sual oluna bilər, məni bu mövzu ilə bağlı yazmağa vadar edən nədir? Gəlin cəbhə.info saytında bu ilin fevral ayında dərc olunan “Güneyə diqqət niyə azalıb? – bu səfirliyin apardığı “səmərəli işin nəticəsidir” yazısına diqqət edək. Müəllif “Güney” deyəndə İranda yaşayan soydaşlarımızın yaşadıqları ərazini nəzərdə tutaraq, İranın Bakıdakı səfirliyini qınağa çəkir. Belə çıxır ki, səfirlik Azərbaycan mediasında “Güenylə” bağlı yazıların dərc edilməsinə qarşı çıxaraq, mediaya təzyiq göstərir. Gəlin bir az insaflı olaq. Xalqın gözü tərəzidir, bizim bir dərdimiz var idi. Elə bir dərd ki, bizə baş ucalığı gətirmirdi. O da Qarabağ idi. Şükür olsun Qarabağ azad olundu. Necə deyərlər xəcalətdən qurtardıq. O ki qaldı İranın Bakıdakı səfirliyinə, səfirlik ölkəsini təmsil edən diplomatik xidmət orqanıdır. Əvvəllər konsulluq səlahiyyətlərini həyata keçirən səfirlik uzun illərdir Azərbaycan dövlətinin işinə qarışmaqdan uzaq olaraq Azərbaycan adət-ənənəsinə daim hörmət edir. O ki, qaldı Azərbaycan mediasına, əgər media “Güney Azərbaycan”, “Təbrizə bayraq sancmaq” kimi məntiqdən uzaq çıxışların təxribat yönümlü olduğunu artıq dərk edirsə, buna səfirlik neyləsin?
Dünya mədəniyyətinə min illər boyu töhfələr verən İran və Azərbaycan həmişə bir yerdə olublar. Uzun illərin ayrılığına baxmayaraq biz yenə bir yerdəyik. Mən hər kəsi ədalətli olmağa çağırıram. Gəlin hər şeyi qara rəngdə görməyək. Gəlin hər şeyi birmənalı qiymətləndirməyək. Bizim bu gün dost itirən vaxtımız deyil. Təəssüf ki, bəzi saytlar öz şakərindən bu gün də əl çəkməyərək qaşınmayan yerdən qan çıxartmağa çalışırlar. Yenə də hər şeyi qara rəngdə görmək istəyirlər. Axar.az saytında bu günlərdə dərc olunan “İrandan Qarabağla bağlı şok: Dostluq mesajı, yoxsa məkr?” yazısı buna misal ola bilərdi. Yalan ayaq tutar heç vaxt yeriməz. Xalq düzü düz, əyrini əyri kimi artıq tanımağı dərk edib. Bu xalq 90-cı illərin xalqı deyil.
Mirzəağa Məmmədli
Media Məlumat Mərkəzinin direktoru