Keçmiş telejurnalist Rüstəm Əbülfət oğlu AZAL-la bağlı qeydlərini qələmə alıb.
DİA.AZ Gununsesi.org-a istinadən jurnalistin həmin yazısını sizə təqdim edir:
Ümid edirəm AZAL pandemiya ilə əlaqədar BÜDCƏDƏN ayrılmış 86.9 milyon manat yardıma görə, zərurət yaranarsa, ölkə Prezidentinə xərclərin dəqiq hesabatını təqdim edə biləcək.
Maraqlı statistik uyğunsuzluq müşahidə edilir. Rəsmi məlumatlara əsasən, Azərbaycan Hava Yolları bütünlüklə 2017 ci ili (12 ayı) 41 milyon 568 min manat zərərlə başa vurub. 2018 ci ildə bu göstərici daha 20.8% artıb (12 ay üzrə). 2019 cu il üçün məlumat hələ açıqlanmır (?). İndi isə uçuşların dayandırıldığı 16 mart 2020 ci il tarixindən başlayaraq, aprel və may ayları üzrə (cəmi 75 gün üçün) AZAL-a 86.9 milyon manatın ayrılması tələsik və qeyri-dəqiq qərar təəssüratı bağışlayır. Qərardan sanki, həm də neftin qiymətinin 90 dollar olduğu çoxşaxəli maraqlar dövrünün ağır qoxusu gəlir. Baxmayaraq ki, zaman fərqlidir və indi hətta 1 manat ianə üçün sıravi vətəndaşa təşəkkür edən dövlət bundan sonra bütün sahələr kimi hava məkanını da aydın, qoxusuz və təmiz görmək istəyir.
Sözümün canı odur ki, bir az ehtiyatlı olun, cənablar! Büdcənin yükgötürmə gücünü nəzərə alın!
Deyilənə görə, həm də DTX karantin dövrü ən son model müasir yüksək keyfiyyətli kameralarla birlikdə hətta təhlükəli qoxunu belə aşkar edən xüsusi texnoloji vasitələrlə təhciz edilib…
P.S. Xatırladım ki, düz 1 ay əvvəl cari xərclərin şişirdildiyini və buna ciddi nəzarətin vacibliyi bəyan edən Prezident İlham Əliyev yanacağı özümüzdən, təyyarəsi büdcədən alınan, hava limanı dövlət hesabına tikilən, saxlanılan və 1992- ci ildən bazarın müstəsna və dominant oyunçusu olmaqla, 28 ildir zərərlə işləyən (?) AZAL-ın fəaliyyətini bir neçə dəfə sərt tənqid edib.