Axtarış...

Yeni tikinti bumu olacaq - QARABAĞ YENİDƏN QURULUR

Yeni tikinti bumu olacaq - QARABAĞ YENİDƏN QURULUR
"Beynəlxalq maliyyə institutları həm Qarabağ və Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, həm də digər bölgələrdə tikinti sektoruna investisiya qoymağa maraqlıdır". Bunu Sputnik Azərbaycan-a müsahibəsində Misirin "Dorra" inşaat şirkətinin direktor müavini Məhəmməd Həsən Dorra bildirib.

"Biz artıq uzun illərdir ki, bir çox investisiya institutları ilə əməkdaşlıq edirik və onlarla güclü işgüzar əlaqələrimiz var. Misirdə və ya ölkə sərhədindən kənarda əməkdaşlıq etdiyimiz İngiltərə, Çin və Hollandiya şirkətləri Azərbaycandakı layihələrə böyük maraq göstərirlər. Azərbaycana gəlməmişdən əvvəl onlarla əlaqə saxlayıb bu barədə fikirlərini, məsələyə nə qədər ciddi yanaşıb-yanaşmadıqlarını, Azərbaycanın tikinti bazarı haqqında düşüncələrini öyrəndik. Azərbaycanın sabit və iqtisadi inkişaf nümayiş etdirdiyini və stabil tikinti bazarına sahib olduğunu onlar da təsdiqlədilər. Azərbaycanın həm işğaldan azad olunmuş torpaqlarında, həm Qarabağda, həm də ölkənin digər bölgələrində inşaat sektoru böyük potensiala malikdir. Bu şirkətlər də həmin sahəyə maliyyə ayırmağa maraqlıdırlar", – deyə Dorra vurğulayıb. Onun sözlərinə görə, maliyyə qurumları tikinti sahəsinə, ilk növbədə də Azərbaycanın dövlət layihələrinə 1 milyard dollardan 5 milyard dollara qədər vəsait ayırmağa hazırdır.

Şirkətin direktor müavini onu da bildirib ki, digər investisiya variantları, o cümlədən, birbaşa "Dorra" şirkətinin bu işə maliyyə vəsaiti ayırması məsələsi də nəzərdən keçirilir. Bununla belə, şirkətin ayıra biləcəyi vəsaitin həcmi bir o qədər də böyük deyil.

"Məsələn, biz beş-altı milyard dollarlıq investisiya yatırmaq gücündə deyilik və belə böyük layihələr üçün yuxarıda adı çəkilən qurumlar vasitəsilə investisiya cəlb edəcəyik", – deyə o qeyd edib.

İnşaat prioritetləri məsələsinə də toxunan Dorra bildirib ki, onlar üçün həm Qarabağda, həm azad edilmiş digər ərazilərdə, həm də Azərbaycanın başqa şəhərlərində yaşayış binalarının inşası böyük əhəmiyyət daşıyır. Nəzərdən keçirilən tikinti sistemlərindən biri də "tik-istismar et-təhvil ver" (BOT: built-operate-transfer) sistemidir ki, bu da sözügedən şirkət tərəfindən artıq həm Misirdə, həm də Körfəz ölkələri də daxil olmaqla, digər dövlətlərdə təcrübədən keçirilib.

"Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə danışıqlar zamanı qeyd etdim ki, işğaldan azad edilmiş torpaqlarda yaşayış kompleksləri tikmək üçün ilk növbədə ərazini məktəblər, xəstəxanalar, universitetlər və s. ilə təchiz etmək lazımdır. Biz bu cür layihələri həyata keçirmək istəyirik. Bunu "tik-istismar et-təhvil ver" sisteminə uyğun olaraq həyata keçirmək mümkündür. Alış-veriş mərkəzləri və ya xəstəxanalar tikib 25-30 il idarə edə, sonra dövlətə təhvil verə bilərik. Bu məsələdə Azərbaycan dövlətinin ehtiyacları və prioritetləri nəzərə alınacaq", – deyə Dorra vurğulayıb.

Xarici şirkətin direktor müavini İqtisadiyyat Nazirliyi, Enerji Nazirliyi və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri də daxil olmaqla, ölkənin bir sıra vacib qurumları ilə görüşlər keçirdiyini də bildirib. Nəticədə yeni bir şirkət qurmaqla və ya artıq mövcud olan "Dorra" şirkətinin filialını açmaqla Azərbaycanda öz nümayəndəliyini yaratmaq qərarına gəliblər.

"Bir-iki həftə ərzində biz Azərbaycanda öz nümayəndəliyimizi açmağı planlaşdırırıq. Artıq bununla bağlı müxtəlif məsələlər – vergilər, xaricdən işçi qüvvəsinin cəlb olunması və s. – araşdırılır", – deyə Dorra bildirib.

Şirkətin direktor müavini onu da qeyd edib ki, "Dorra" avadanlıq və kadr baxımından layihə üçün lazım olan hər şeyə sahibdir.

"Şirkətimizin mənzil tikintisində böyük təcrübəsi var. Misirdə son beş ildə təxminən 50000 mənzil tikmişik. Azərbaycandakı inşaat sistemi investisiya və ya tikinti işləri baxımından Misirdəki sistemə çox bənzəyir", – deyə Məhəmməd Həsən Dorra qeyd edib.

Şirkətin ən uğurlu son layihələrindən də bəhs edən Dorra qeyd edib ki, belə proyektlərdən biri də Qətərin paytaxtı Dohada Yaxın Şərqin ən böyük ticarət mərkəzi olan "Vendome Mall"-un inşasıdır. Tikintisinə 2016-cı ildə başlanılan bina hazırda istismara verilmək üzrədir. Layihəyə ümumilikdə beş milyard Qətər rialı həcmində investisiya qoyulub.

Şirkət ayrıca Misirdə dövlət layihəsi çərçivəsində bütöv bir qəsəbə üçün yaşayış komplekslərinin inşası ilə məşğuldur. Bundan başqa, "Dorra" Misirin yeni inzibati paytaxtında layihələr gerçəkləşdirir. Şirkət bu şəhərin rayonlarından birində dövlət layihəsi çərçivəsində təxminən 3500 villa, 6000 mənzil tikəcək. Misirin şimalında, Ərəb Körfəzi sahilində yerləşən Əl-Ələmeyn şəhərində isə 2017-cı ildən "The Gate Towers"-ın iki göydələnindən birinin – LD05 qülləsinin tikintisi davam etdirilir.

"Şirkətimizin illik gəliri 1,5 milyard dollardır. Biz tikinti sektorunda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstəririk – yaşayış binalarının, ticarət, ticarət-əyləncə mərkəzlərinin, yolların, körpülərin tikintisi və s.", – deyə Dorra bildirib.

Qeyd edək ki, "Dorra"-nın əsası 1943-cü ildə Misirdə baş podratçı şirkət kimi qoyulub. 1961-ci ildə şirkət özəlləşdirilib. 1971-ci ildə "Dorra Group" mühəndis-tikinti şirkəti qurulub. Misirin və Yaxın Şərqin beş ən iri tikinti şirkətindən biridir.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz