Axtarış...

Hökumət üçün daha bir problem: - Bankların kredit faizi niyə azalmır?

Hökumət üçün daha bir problem: - Bankların kredit faizi niyə azalmır?

Pandemiya şəraitində, vətəndaşların kredit götürmək imkanları xeyli aşağı düşsə də, gözləniləntilərin əksinə olaraq banklar kredit faizlərini aşağı salmadı.

Məlum olduğu kimi, Azərbaycanda kredit faizləri əksər dünya ölkələri ilə müqayisədə xeyli yüksəkdir ki, bu da vətəndaşların durumuna mənfi təsir etməklə yanaşı, həm də sahibkarlığın inkişafını ləngidir.

Pandemiya dönəmi, ötən il neft qiymətlərinin dəfələrlə aşağı düşməsi isə ölkədə qeyri-neft sektorunun inkişafının vacib olduğunu bir daha ortaya qoydu. Görünən isə odur ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbləri çoxşaxəlidir.

Yüksək əmanət faizlərindən, Mərkəzi Bankın qoyduğu yüksək xidmət haqlarından tutmuş, məhkəmə sisteminin fəaliyyətinə qədər bura daxildir. Problemin həlli isə sistemli yanaşma tələb edir və bu, yalnız bankların üzərinə düşmür.

Çünki son nəticədə bankların vətəndaş və sahibkarlara yaratdığı problemlər, yüksək faizlər həm də hökuməti gələcək çətinliklər qarşısında qoyur.

Ən azından, vətəndaşın sosial problemləri artır, sahibkarlar isə kredit götürərək yeni iş yerləri yaratmaq fikrini reallaşdıra bilmirlər. Bu da hökuməti növbəti problemlər qarşısında qoyur.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiya vəziyyətində vətəndaşların gəlirləri azalsa da, bankların da xərcləri azalmayıb. Buna görə də onlar daha ucuz kredit verə bilmir:

“Bank bir vətəndaşa krediti digər vətəndaşın qoyduğu əmanət hesabına verir. Əmanətlər üzrə faizlər düşməyib axı… Bu baxımdan bankların kredit faizlərini aşağı salmaması başadüşüləndir. Bizdə kredit faizlərinin yüksək olması iki amilə bağlıdır.

Birinci bankların özünün ucuz pulunun olmamasıdır. vətəndaşlar qorunan və sığortalanan əmanəti 10-12 faizlə qoyur. Bank 12 faizlə əmanət götürdüyü halda onun üzərinə faiz qoymalıdır. Çünki bankın inzibati xərcləri - əmək haqqı, avadanlıq, digər xərcləri var. Bundan başqa, bankın gəlirləri olmalıdır, bank fəaliyyəti də qazanc əldə etmək məqsədi daşıyır. Yəni həmin 12 faizin üzərinə həm bankın xərcləri, həm də qazancı gəlməlidir.

Bundan başqa risklər var, bankın verdiyi kreditlərin bir hissəsi qaytarılmır, ya da bankın məhkəməyə müraciət etməsi, əmlak satması yolu ilə qaytarılır ki, bu da bank üçün əlavə xərclərdir. Təəssüf ki, Azərbaycanda bu cür risklər çoxdur. Bunlar üst-üstə gəldikdə bankların faizləri artmış olur”.

Əkrəm Həsənov deyir ki, Azərbaycandakı bank faizləri dünya ölkələri ilə müqayisə edildikdə, həmin ölkələrdə əmanət faizlərinin də aşağı olması nəzərə alınmalıdır:

“İnkişaf etmiş ölkələrdə əmanət üzrə faizlər 1-2 faizdir. Bu baxımdan da Avropa ölkələrində 3-4 faizlə kredit verilir. Birinci növbədə Azərbaycanda bu problemi həll etmək lazımdır. Təəssüf ki, bizdə xeyli insan onlar banka aşağı faizlə əmanət qoymaq istəmir. Bank faizi onların dolanışığına çevirilib. Əslində isə banka qoyulan pul üzrə faiz cüzi olmalıdır. Bizdə ilk növbədə əmanət üzrə faizlər endirilməlidir.

Digər tərəfdən, bankların kredit qaytarılması ilə bağlı riskləri azaldılmalıdır, bunun üçün məhkəmə -hüquq sistemində islahatlar olmalıdır ki, məhkəmələr belə işlərə mümkün qədər qısa müddətdə və ədalətlə baxsınlar. Eyni zamanda, borc alanın qiymətləndirilməsi mexanizmi olmalıdır. Bu gün Azərbaycanda kredit bürosu var ki, orda vətəndaşların kreditləri haqqında məlumat var. Vətəndaş banka kredit almaq üçün gedən zaman bank kredit bürosuna müraciət edir. Oradan həmin vətəndaşın başqa banka və ya bank olmayan kredit təşkilatlarına borcunun olub-olmadığını araşdırır.

Amma ticarət şəbəkələrindən kreditlə götürülən mallarla bağlı məlumat olmur. Məsələn, vətəndaş var ki, banka borci yoxdur, amma ticarət şəbəkələrindən borca o qədər məhsul götürüb ki.. Bankdan kredit götürmək istədiyi zaman bankda bilmirlər ki, onun başqa borcları da var. Kredit bürosu ticarət şəbəkələrinin də kreditlə verdiyi məhsullarla bağlı məlumatlı olmalıdır. Doğrudur, bəzən bankların özü də “acgözlük” edir, faizləri çoxaldır, bu da var. Amma əsas problemlər bu cür problemlərdir”.

Ölkəmizdə aparılan bank siyasətinin sahibkarlığa təsirinə gəlincə, Əkrəm Həsənov bildirir ki, dövlət müəyyən qədər bunu tənzimləməyə çalışır, amma bu yetərli deyil:

“Məsələn, Sahibkarlığın İnkişafı Fondu sahibkarlara güzəştli kreditlər verir ki, orda faizlər azdır. Kənd Təsərrüfatı Nazirliyinin də aqrar sektor üçün ucuz kreditləri var, amma bu, hamıya bəs etmir. Çalışmaq lazımdır ki, banklar öz pulu ilə ucuz kredirlər versin. Dövlət niyə güzəştli kreditlər verməlidir? Təbii ki, ölkədə faiz dərəcələrinin yüksək olması sahibkarlıq üçün mənfi amildir. Sahibkar baha kredit götürdükdə, onu qaytarmaqda çətinlik çəkəcək. Sahibkarın nə qədər qazancı olmalıdır ki, 20 və ya daha yüksək faizlə götürdüyü krediti qaytarsın.

Bu baxımdan da ölkədə kreditlər üzrə faizlər düşməlidir. Amma bunun üçün də dövlətin qarşısında duran əsas məsələlərdən biri ilk növbədə əmanətlər üzrə faizlərin endirilməsinə nail olmaqdır. Vətəndaşlarımız da bunu anlayışla qarşılamalıdır. Dövlət bəzən bunu etməyə çəkinir ki, insanlar banklardan əmanətlərini çəkərlər. 12 faizlik əmanət faizi dünyanın heç bir yerində yoxdur. Bunun da ziyanı son nəticədə sadə vətəndaşa dəyir”.

Azərbaycan vətəndaşlarının xarici banklardan kredit götürməsi mümkündürmü?

Hüquqşünas bildirir ki, qanunla buna heç bir qadağa yoxdur:

“Qanunla nə bizdə, nə də xaricdə qadağa var. Amma xarici banklar belə bir krediti verməz axı. Bizim banklar xarici vətəndaşa kredit verərmi? Bəzən öz vətəndaşımıza verdiyi kreditlərlə bağlı problem çıxır. Biz əgər xarici vətəndaşa kredit versək, gələcəkdə onu xaricdə məhkəməyə verməliyik. Eyni ilə xarici bank Azərbaycan vətəndaşına verdiyi kredit qaytarılmadığı zaman gəlib, onu Azərbaycanda məhkəməyə verməlidir. Bu, onun üçün əlavə xərclərdir. Amma yalnız bizim vətəndaş yaxşı girov qoyduğu və ya hansısa bir bankın zamin durduğu zaman bu mümkün ola bilər. Yəni ola bilər ki, hansısa vətəndaşlarımız bu şərtlərə riayət etməklə xarici bankdan kredit götürsünlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz