İş icraçısını döydürən və borcunu qaytarmayacağını deyən iş adamı: “Səni yox etdirərəm, hünərin çatır kiməsə şikayet et”…
İş adamı Əliyev Tahir Təmraz oğlu Bakıda, 20 yanvar küçəsində, məşhur “Qızıl Tac” şadlıq sarayı ilə üzbəüz özünə təmtəraqlı “Sofiya” şadlıq sarayı tikdirib. Sarayı tikdirdikdən və tam təmir etdirdikdən sonra isə tikintini aparan briqadaya olan 260 min manatlıq borcunu verməkdən imtina edib. Hazırda isə iş adamı borclu olduğu şəxsləri təhdid edir…
Bu barədə “Sofiya” şadlıq sarayını tikən və təmir edən briqadanın icraçıları olan Sərvər Məmmədov və Xeyrulla Abuşovun PİA.az-a müraciətində bildirilir.
İcraçlar bildirirlər ki, sarayın tikintisi müddətində Tahir Əliyev onları dəfələrlə aldaıb və müxtəlif vədlər verib. İşlər başa çatdıqdan sonra isə Tahir Əliyevin borcu 264 min manat təşkil edib. Sarayın tikintisi başa çatdıqdan sonra isə Tahir Əliyev ümumiyyətlə fəhlələrin pulunu verməkdən imtina edib. Uzun müddət davam edən mübahisələr Sərvər Məmmədovun səhhətinə də ağır təsir edib və o, ürəyindən açıq əməliyyat keçirib.
Şikayətçi Xeyrulla Abuşov bildirir ki, bu müddət ərzində Tahir Əliyev dəflərlə onu təhqir edib və hədələyib: “Mən Tahir Əliyevə deyəndə ki, bu məsələni belə qoymayacam və dövlət qurumlarına şikayət edəcəm, o, məni hədələyərək, “səni yox etdirərəm hünərin çatır kiməsə şikayet et”, dedi. Bundan sonra mən Daxili İşlər Nazirliyinə müraciət etdim. Şikayətimdən sonra Tahir Əliyev mənimlə görüş istədi və görüşdüyümüz zaman mənə 60 min manat ödəyəcəyini deyərək, şikayətimi geri almağı tələb etdi. Lakin mən bundan imtina etdim”.
Zərərçəkən qeyd edir ki, onun imtinasından qəzəblənən Tahir Əliyev “get kimə istəyirsən, şikayət elə, sənin pulunu verməyəcəyəm”, deyərək yanındakı adamları ilə birlikdə onu döyməyə başlayıblar. “Zeytunluq” deyilən ərazidə baş verən bu görüşdən sonra Xeyrulla Abuşov yenidən Daxili İşlər Nazirliyinə müraciət edib. Lakin hələ də onun şikayətinə qurumdan cavab verən yoxdur və baş verənlərlə bağlı araşdırma belə aparılmır. Hər halda Xeyrulla Abuşov iddia edir ki, DİN-dən onunla maraqlanan olmayıb.
Sərvər Məmmədov və Xeyrulla Abuşov bildirir ki, onlara və tikintidə çalışan fəhlələrə küllü miqdarda maddi və mənəvi ziyan dəyib. Xeyrulla Abuşovun dediyinə görə tikintinin getdiyi müddətdə Tahir Əliyevin vədlərinə inanaraq fəhlələrin pulunu ödəmək üçün maşınını və evini satıb. Lakin hələ də onlara borcu var.
Maraqlıdır ki, iş adamı Tahir Əliyev tikinti və təmir işləri başa çatdıqdan sonra “Sofiya” şadlıq sarayını başqasına satıb və hazırda “Sofiya” şadlıq sarayı ona məxsus deyil.
Zərəçəkənlər isə Daxili İşlər nazirinə bir daha müraciət edərək, şikayətlərinin araşdırılmasını və onlara dəyən ziyanın ödənilməsinin təmin olunmasını xahiş edirlər.
Şikayətlə bağlı qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq…