Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin qarşısındakı piyada səkisi avtomobil satışı həyata keçirən şirkət tərəfindən zəbt edilib.
Qlobal.az-a verilən məlumata görə piyada səkisinə edilən müdaxilə "Avto Galery” avtomobil salonu tərəfindən həyata keçirilib. Belə ki, Milli Qəhrəmanın heykəli istiqamətinə gedən piyada səkisinə "Avto Galery” salonu tərəfindən metal konstruksiya əlavə olunub. "Avto Galery” bu metal konstruksiya vasitəsilə salona avtomobil yolu təşkil etdiyi deyilir.
Avtosalonun piyada səkisinə etdiyi müdaxilə şəhərin görkəminə xələl gətirməklə yanaşı, eyni zamanda piyadaların da həyatını təhlükə ilə üz-üzə qoyur.
"Nəzərə almaq lazımdır ki, piyada səkiləri ilə hərəkətdə olanların arasında yaşlılar, uşaq arabası ilə hərəkət edənlər, fiziki cəhətdən problemli insanlar da var. Belə adamlar "Avto Galery” salonunun qarşısına çatanda məcburdurlar ki, salonun səkidə tikdiyi metal konstruksiyaya görə həyatlarını təhlükəyə ataraq maşın yolu ilə hərəkət etinlər. Ən acınacaqlı olan isə "Avto Galery” salonunun yaratdığı bu eybəcərliyin hər il dünyanın müxtəlif yerlərindən gələn insanlar tərəfindən ziyarət edilən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin önündə baş verməsidir. Bəs həmin insanlar bu səhnəni görəndə bizim xalq haqqında nə düşünürlər?!”-deyə məlumatda qeyd edilir.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da, İcra Hakimiyyəti heç bir münasibət bildirmədi.