Axtarış...

“Öz villasına bahalı boya vurur, piyada xəttinə isə ucuzunu” - ETİRAZ



Bu ilin 11 ayı ərzində təkcə Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, həmin qəzalar nəticəsində 107 piyada ölüb, 187 nəfər isə ağır və ya yüngül xəsarət alıb. Ölkə üzrə baş verən yol qəzalarının 60%-i piyadaların vurulması faktlarıdır.

Yolu keçərkən avtomoil tərəfindən vurularaq öldürülən piyadalar arasında yol hərəkəti qaydalarına əməl etməyənlər də çoxluq təşkil edir. Belə ki, bəzən piyada xətti olsa da, piyadalar səhv yoldan ya da diqqətsizlikdən yüksək surətlə keçən avtomil yolundan istifadə ediblər.

Təəssüf ki, belə səhlənkarlıq halları bu gün də davam edir. Baxmayaraq ki, piyada keçidinə riayət etməyən sürücülər də var. Ötən ilin rəsmi statistikasına nəzər salsaq, 2018-ci ildə yol-nəqliyyat hadisələrinin 92,6%-i sürücülərin məsuliyyətsizliyindən, 6%-i isə piyadaların diqqətsizliyindən baş verib.

Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov AYNA-ya deyib ki, piyada xəttlərinin, yolda işıqlandırmanın az olması da qəzaların səbəblərindəndir: “Digər səbəb piydalar üzərində işıqqaytarıcı elementlərin olmamasıdır. Xarici ölkələrdə axşam saatlarında küçəyə çıxan insanların çoxunun geyimində işıqqaytarıcı elementlər olur. Məqsəd sürücülərə məlumat ötürməkdir. Piyadalarımızın özlərinin də məsuliyyətsizliyi, piyada keçidindən kənarda, qırmızı işıqda yolu keçməsi, qulaqlıqla yolda hərəkət etməsi qəzaların artımına səbəb olur”.

V.Əsədov sürücülərin də səhlənkarlığını diqqətə çatdırıb: “Nəqliyyat vasitəsinin istismarçısı avtomobilinin işıqlarının vurma buacağını tənzimləməlidir. Bunun üçün xüsisi texniki vasitələr var ki, sürücülərimiz axşam saatlarında hərəkətdə olanda yolun qarşısını daha yaxşı işıqlandıra bilərlər. Çoxu hələ də bilmir ki, axşam saatlarında işıqların vurma məsafəsi qanunda göstərildiyi kimi necə olmalıdır. Xüsusilə, yağış yağanda sürücülərimiz daha çətinə düşür, tünd, qara rəngli geyinməyə adət edən piyadalarımız da qəza şəraiti yaradırlar. Bir müddət əvvəl QHT-lərdən birinin layihəsi üzrə məktəblilərə 50 minə yaxın işıqqaytarıcısı olan qolbaq, zəncir formasında əşyalar paylanıldı ki, onlar üzərlərində gəzdirsinlər. Maarifləndirmə gücləndirilmədən, piyada ölümlərinin qarşısını almaq olmayacaq”.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı AYNA-ya açıqlamasında bildirib ki, piyada keçidlərinin normal vəziyyətdə olmaması ciddi problemlərə səbəb olur: “Keyfiyyətsiz boyalardan istifadə edərək piyada xəttini rəngləyirlər, vurulan boya az müddətdə yoxa çıxır, nə sürücü görür, nə də piyada. Bu da piyada vurulmasının əsas səbəblərindən biridir”.

“Yollar arasında da ayrı-seçkilik var. Ölkə rəhbərinin keçdiyi yollar gözəldir, bəzədilir, başqa yollara ögey münasibət göstərilir. Hər bir qurumun öz məsuliyyəti olmalıdır. Öz villalarının həyətində bahalı boyalardan istifadə edə bilirlər, amma ictimai yerlərdə ucuz boyaları işlədirlər. Konkret boya ilə bağlı biabırçı vəziyyət ortadan qalxmalıdır”, - ekspert vurğulayıb.

Muradlının sözlərinə görə, piyada mədəniyyəti də, təəssüf ki, pis vəziyyətdədir: “Statistikaya baxanda, ötən illərlə müqayisədə qəzaların artması müşahidə olunur. Ölkə rəhbərinin 2018-ci ildə təsdiqlədiyi Dövlət Proqramında da göstərilir ki, baş verən qəzaların ocağı, səbəbləri araşdırılmalıdır ki, problemlər həllini tapsın. Həmin əraziyə baxış keçirilməli, vəziyyət təhlil olunmalı, ehtiyac varsa, piyada xətti çəkilməlidir”.

“Küçələrin işıqlandırılması problemi də bir başqa dərddir. Magistral yollar pis vəziyyətdədir, piyadalar üçün yeraltı keçidlərin çoxu yalnış yerdə qoyulub, həm keçidlər arasındakı məsafə yalnışdır, həm də keçidlər əhalisi az olan yerdə inşa edilib. Axı bu, hansı hesaba görə belədir? Bu boyda yalnışlıq etmək olmaz axı. Bəlkə kiminsə tez-tez piyada ölümünü eşitmək xoşuna gəlir?”, - deyə müsahibimiz fikrini əsaslandırıb.

Məlumat üçün deyək ki, ötən həftə ardıcıl baş verən piyada ölümlərini nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məlmumatlandırıcı lövhələr hazırlanıb, artıq həmin lövhələr Bakı-Sumqayıt yolunun üzərində quraşdırılıb. Magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, “qarşıda piyada keçidi var, diqqətli olun”.

Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.

Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı addım olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər. Gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər yerlər üçün də məlumatverici lövhələrin hazırlanması planlaşdırılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz