Bu gün Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə “Parameks Az Constraksen” MMC arasında satınalma müqaviləsi bağlanıb.
Cari təmir işləri üçün 74 min 958 manat 71 qəpik məbləğində imzalanan müqavilədə satınalmalar haqqında qanunvericilik kobud şəkildə pozulub.
27.08.2020 tarixində yaradılan “Parameks Az Constraksen” MMC-nin sözügedən tenderdə qalib gəlməsi şübhəlidir. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.
Qeyd edək ki, dekabrın 15-də Xaçmaz Regional Mədəniyyət İdarəsinin keçirdiyi iki tenderdə sözugedən şirkət qalib gəlmişdi: Odun tədarükünə görə 60 min manat, cari təmir işləri üçün 74 min 958 manat 71 qəpik. Həmin vaxt məsələ ilə bağlı mediada kifayət qədər məlumat yazılsa da, müsabiqə ləğv olunmadı və bu gün isə artıq şirkətlə satınalma müqaviləsi bağlanıb.
Maraqlı məqamlardan biri də idarənin ötən ilin dekabrın 15-də keçirilən başqa bir tenderdə qalib elan olunan “Rofland TC Grup” MMC (111 min 998 manat məbləğində olan dəftərxana və təsərrüfat mallarının satınalmasını ) ilə bağlıdır. “Parameks AZ Constraksen” MMC və “Rofland TC Grup” MMC 27.08.2020-ci il tarixində “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınıblar. Hər iki MMC-nin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.
Şübhəli məqamlardan biri də odur ki, avqust ayında “Parameks AZ Constraksen” MMC və “Rofland TC Grup” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi “Parameks AZ Constraksen” MMC-nin qanuni təmsilçisi ilə eyni şəxs olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur. Həmin ünvanda qeydiyatda olan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu eyni zamanda 5 şirkətin rəhbəri olub. //Qaynarinfo.az//