Axtarış...

Məgər dövlət məmurları, doğrudanmı, oturduqları budağın kəsilməsini istəyirlər? - NƏ BAŞ VERİR?

Məgər dövlət məmurları, doğrudanmı, oturduqları budağın kəsilməsini istəyirlər? - NƏ BAŞ VERİR?
Fransa–Rusiya müharibəsi zamanı baş verimiş 1812-ci il 7 sentyabr tarixli Borodino döyüşü Napoleonun böyük istilaçı ordusunun məğlubiyyətinin başlanğıcını qoydu. Həmin döyüş təkcə müharibənin taleyini həll etmədi, həm də öz xalqını və doğma dilini bəyənməyən rus zadəganlığının düşüncəsini dəyişdi. Vətən uğrunda fədakarlıqla döyüşən, canından keçən əsgərlərin qəhrəmanlığı evlərində və saraylarda fransız dilində, yaxud qarışıq fransız-rus şikəst dilində danışan yerli zadəganları öz xalqına daha böyük hörmətlə yanaşmağa sövq etdi.

Bu faktı təsadüfən xatırlatmıram. Güman edilirdi ki, 44 günlük Vətən müharibəsi ərəfəsində və ərzində cəmiyyətimizdə yaranmış birlik və həmrəylik Qələbədən sonra daha güclü şəkildə davam edəcək, dövlət məmurları öz vəzifə borclarını ləyaqətlə yerinə yetirəcək, xalqa münasibətdə daha həssas davranacaqlar. Müharibədən sonra Ali Baş Komandan İlham Əliyevin ilk görüşünü Vətən müharibəsi qaziləri ilə keçirməsi, şəhid və qazi ailələri ilə bağlı qəbul etdiyi qərarların da həmin məmurlara nümunə olacağı gözlənilirdi.

Amma Yasamal rayonundan 17 şəhidin Qaradağ rayonu ərazisindəki məzarlığın yarıtmaz yerində dəfn olunması ilə bağlı narazılığın gündəmə gəlməsi, Qaradağ və Yasamal rayon icra hakimiyyətlərinin, eləcə də Müdafiə Nazirliyinin məmurlarının şəhid ailələrinin qarşısına çıxmaması ümidləri puç etdi. Çünki övladının qəbrindən su çıxması, məzarının ətrafında inəklərin və itlərin dolaşması ilə heç bir valideyn, xüsusilə də Vətənə qələbə qazandırmaq üçün canını və qanını fəda edən şəhidin anası və atası barışa bilməz. Və onlar qəzəblənməkdə çox haqlıdırlar. Ümumiyyətlə, əgər məmurlar vəzifələrini dogru-düzgün yerinə yetirsəydilər, məsələnin bu yerə gəlib çatmasına, erməni mediasının bizi qıcıqlandırmasına hacət qalmazdı.
Odur ki, əvvəla, şəhid məzarı üçün yarıtmaz yerin seçilməsinə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin haqqında ölçü götürülməlidir. Çünki bu, heç bir mənəviyyata sığmayan hərəkətdir.

İkincisi, sözdə “şəhidlərə borcluyuq” deyən məmurlar bu vədi əməldə də yerinə yetirməlidirlər. Şəhid ailələrinin qarşısına çıxmalı, heç bir səhvə yol vermədən narazılıqların aradan qaldırılmasına nail olmalıdırlar.

Üçüncüsü, heç bir məmurun Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq arasında qazandıqları hörmətə, düşmənlərimizin belə etiraf etdikləri xalq–hakimiyyət vəhdətinə zərbə vurmağa ixtiyarı yoxdur. Hazırkı durumun yaranmasında, xalqın narazı qalmasında yalnız hakimiyyətdən qovulmuş, ölkəmizin müstəqilliyini istəməyən, “bəlkə də qaytardılar” revanşist duyğusu ilə yaşayan antimilli qüvvələr maraqlı ola bilərlər.

Məgər dövlət məmurları, doğrudanmı, oturduqları budağın kəsilməsini istəyirlər?

Bu işə də ermənilərə və onların havadarlarına qarşı siyasi və diplomatiya müstəvisində mücadilə aparan, Qarabağda baş verən diversiyaların, rus sülhməramlılarının, erməni mənfurlarının qıcıqlandırıcı hərəkətlərinin qarşısının alınması, yağı düşmən tərəfindən dağıdılmış, xarabalığa çevrilmiş ərazilərin – şəhər və kəndlərin – yenidən qurulması və abadlaşdırılması istiqamətində iri miqyaslı işlərin görülməsinə çalışan Prezident İlham Əliyev müdaxilə etməlidir?

Axı Prezident İlham Əliyev dəfələrlə dövlət məmurlarına vəzifə borcu və davranış normaları ilə bağlı xəbərdarlıqlar edib. Həmin xəbərdarlıqdan birini xatırladaq. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İlham Əliyev belə demişdi: “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.

Eşidirsinizmi, cənab məmurlar?!

Xatirə SADİQ,
KONKRET.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz