Axtarış...

Bakının daha bir sülhə məcburetmə əməliyyatı - İrəvanda “qamçı” üçün darıxırlar...

Bakının daha bir sülhə məcburetmə əməliyyatı - İrəvanda “qamçı” üçün darıxırlar...
Ermənistanda 10 noyabr üçtərəfli anlaşma sənədinin təftişi davam edir. Özü də buna yalnızca müxalifətçilər cəhd eləmir, İrəvan rəsmiləri də vaxtaşırı ümumi “xor”a qoşulurlar. Ola bilsin, bu həm də daxili auditoriyanın sifarişidir. İstənilən halda, dərs çıxarılmalı olan mühüm bir sənədin belə təqdimatı Ermənistanın xalqı və onun siyasi elitasına yaxşı heç nə vəd eləmir. Rusiya prezidenti Vladimir Putinin təbirincə desək, revanş hissləri və cəhdləri yalnız özünə qəsdə aparacaq. Bu da növbəti fakt.

“10 noyabr bəyanatı nizamlama haqda sənəd deyil. Bu, atəşkəs, barışıq, müharibəyə son qoymaq haqda bəzi əsas prinsipləri özündə cəmləşdirən sənəddir. Ancaq bütün əsas prinsiplər, xüsusən də öz müqəddəratını təyinetmə və status məsələləri həyata keçmədiyindən, münaqişə həll olunmuş sayıla bilməz. Bu baxımdan Minsk Qrupu həmsədrləri tərəfindən 3 dekabrda qəbul edilmiş və təməl prinsiplərə əsaslanan hərtərəfli nizamlanmanın vacibliyini qeyd edən bəyanatı vurğulamaq istəyirəm”.

Belə bir sərsəm açıqlamanı srağagün Ermənistanın xarici işlər naziri Ara Ayvazyan verib.

Zəruri qeyd: bu, həmin Ayvazyandır ki, kapitulyasiyadan az sonra, XİN rəhbəri təyin olunar-olunmaz, Bakıya qarşı 4 şərt irəli sürmüşdü. Onlardan birincisi “öz müqəddəratı təyinetmə” ilə bağlı idi. Bu günlərdə isə o, nümayişkaranə şəkildə Xankəndinə qanunsuz səfər eləməklə səbrimizi sınağa çəkmiş, rəsmi Bakının sərt xəbərdarlığını almışdı.

Bu da ona növbəti və son xəbərdarlıq: “Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir”.

Bu sözlər Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin açıqlamasındandır. “Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”, - deyə rəsmi açıqlamada vurğulanır.

*****

Di gəl ki, İrəvandan yenə köhnə bayatılar səslənir. Bu anlaqsız nazirə heç cür çatmır ki, Azərbaycan Ordusu Qarabağda artıq tam yeni bir reallıq yaradıb - hansını ki, ən birinci elə Ermənistanın əsas varlıq qarantı olan Rusiya və bütün dünya qəbul edib. Həmin reallığın adı - 10 noyabr kapitulyasiya sənədidir. Bununla hər şey deyilib. Ermənistan Dağlıq Qarabağ uğrunda müharibəni həmişəlik uduzub, status isə deyildiyi kimi, cəhənnəmlik olub.

Ayvazyan hansı öz müqəddəratı təyinetmədən dəm vurur? Ağzının dediyini qulağı eşidirmi görəsən? Hələ də dərk eləmir ki, 10 noyabrdan sonra şərtləri diktə edən artıq Ermənistan deyil, Azərbaycandır. Biz öz ərazilərimizi özümüz azad eləmişik, Ermənistan qoşunları oradan öz xoşu ilə çıxmayıb, işğalçı ordunun belini qıraraq buna nail olmuşuq. Ordusu darmadağın olan məğlub tərəf indi bizə yalnızca hansısa xahişdə buluna bilər, şərtdə yox! Bakı da məqbul bilərsə, xahişə baxar, bilməzsə - yox.

Sitatdan da göründüyü kimi, İrəvanda yenə əsas ümidi ATƏT-in faktiki mövcud olmayan Minsk Qrupuna, daha doğrusu, onun həmsədrlərinə, özəlliklə də Fransaya bağlayıblar. Eyni eyhamı Moskvada 11 yanvar bəyanatı ilə bağlı keçirilən mətbuat konfransında baş nazir Nikol Paşinyan vurmuşdu. Amma erməni siyasilərinin özlərindən başqa daha kimsə belə nağıllara qulaq asmır. Erməni xalqı da qulaq asmasa, ən böyük yaxşılığı özünə eləmiş olar. O səbəbə ki, bölgənin axırıncı inkişaf qatarı çıxıb getmək üzrədir və heç olmasa, özünü sonuncu vaqona ata bilsin...

*****

Məsələ də bundadır: nə qədər ki, Ermənistanın rəsmi şəxsləri və müxalifət yetkilliləri 44 günlük müharibənin yaratdığı sərt gerçəyi görməzlikdən gəlib də, Dağlıq Qarabağla, status məsələsi ilə bağlı “çəhrayı yuxular” görməyə davam edəcəklər, o zamanadək erməni xalqı düşdüyü quyudan çıxa bilməyəcək. Ümumiyyətlə, belə davam edərsə, İrəvanı yekun sülhə məcbur eləmək üçün daha bir əməliyyata ehtiyac olacaq. Çünki qonşu xalq və onun önündə gedən başabəla siyasilərinin ərazi iddiası mərəzinə qarşı “peyvənd” edilməsi artıq zamanın diktəsinə çevrilməkdədir.

Niyə də olmasın. Bunun adı yəqin ki, antiterror əməliyyatı olacaq. Bəllidir ki, indinin özündə Qarabağ ərazisində İrəvandakı revanşist bəyanatlardan ruhlanan bandit Araikin quldur dəstələri qalır və təxribatlarını davam etdirir. Ola bilsin, ümid həm də onlara - ərazimizdə qalan qaçaq-quldurlara və terrorçularadır.

Onların böyük bir dəstəsi - 62 nəfər ötən ilin dekabrında ələ keçib. Ermənistan onları hiyləgərcəsinə hərbi əsir kimi qələmə verməyə çalışır, halbuki müharibə 10 noyabrda bitib. Odur ki, onlar diversant-terrorçular kimi qanun qarşısında cavab verəcəklər.

Təsadüfi deyil ki, həmin diversantları qaytarılması məsələsi 11 yanvar Moskva danışıqlarında da Paşinyan tərəfindən qaldırıldı. Lakin nəinki prezident İlham Əliyev, heç Putin də buna, yumşaq desək, isti yanaşmadı. Bu da o anlama gəlir ki, artıq Rusiya da ermənilərin kapitulyasiya sonrası silahlı təxribatları və hoqqalarından, 10 noyabr sənədini təftiş eləmək cəhdlərindən bezib...

*****

“Dağlıq Qarabağ münaqişəsi 10 noyabr 2020-ci il Bəyanatı ilə başa çatıb. İrəvan öz başına yeni macəralar axtarmaqdansa, birgə bəyannamədə razılaşdırılmış şərtlərə əməl etməli, yeni təxribatlardan çəkinməlidir”.

Bu sözləri iki gün öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına müsahibəsində deyib. Türkiyə baş diplomatı bildirib ki, bu sənəd hər şeydən əvvəl Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bir daha təkrarlayır: “Bundan sonra Ermənistanın bəyannamədə razılaşdırılmış şərtlərə əməl etməsini, yeni təxribatlardan çəkinməsini və Azərbaycanın azad olunmuş bütün ərazilərində suverenliyi tanıyan birdəfəlik siyasi həll yolu açmasını gözləyirik. Anlaşma davam edərsə, bu, Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərər. Bölgədə sabitliyin yaranması erməni xalqı üçün də sərfəli olacaq”.

Aydındır ki, Bakı və Ankara sonsuzadək İrəvana barışıq əli uzatmayacaq. Günlərin birində əl geri çəkilə bilər...

*****

“Azərbaycan öz qələbəsindən sonra Dağlıq Qarabağ ərazisində referendum keçirməyə imkan verməyəcək”.

Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza jurnalist Coan Lisoskiyə müsahibəsində deyib (Axar.az).

“Sözün düzü, bütün bu illər ərzində Minsk Qrupunun həmsədrlərindən heç kəs, hətta Ermənistan prezidentinin özü də inanmırdı ki, belə bir referendum nə vaxtsa keçirilə bilər. Bununla bağlı zarafatımız belə var idi ki, ermənilər bunu ”referendum" adlandırırlar, amma bu, əslində “neverendum”dur (Never - ingiliscə “heç vaxt”)", - o bildirib.

Onun sözlərinə görə, Putin üçtərəfli danışıqlarda Minsk Qrupunun adını çəkərək məsələdə yalnız öz müstəqil iştirakını legitimləşdirir: “Minsk Qrupu sülhməramlı missiyaya, bu missiyanın tərkibi və qalma müddəti ətrafında proseslərə cəlb oluna bilər, lakin bu, yalnız ehtimaldır”.

İndi bütün bunların üstündən, xüsusən də kapitulyasiya ilə bitən müharibədən sonra rəsmi İrəvanın heç nə olmayıbmış kimi yenə Dağlıq Qarabağa faktiki müstəqillik statusu tələb eləməsi (!!) siyasi yekəxanalıq olmaqla yanaşı, həyasızlığın zirvəsi sayıla bilər. Nə etməli, belə getsə, sözlə qanmayanı yenə “şallaq”la başa salmalı olacağıq. Deyəsən, Ermənistanda “qamçı” üçün darıxıblar.....
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz