Axtarış...

Məğlub ölkə kapitulyasiyadan sonra strateji “yol xəritəsi axtarışında - TƏHLİL

Məğlub ölkə kapitulyasiyadan sonra strateji “yol xəritəsi axtarışında - TƏHLİL
2021-ci il Ermənistan üçün sakit axarda başlasa da, II Qarabağ müharibəsindəki kapitulyasiya sonrası kritik ictimai-siyasi ovqat və daha da ağırlaşan sosial-iqtisadi böhran davam edir. Müxalif qüvvələr, - hansı ki, əsasən radikal baxışlı siyasi xadimlər və keçmiş xunta rejiminin revanşistlərindən ibarətdir, - çıxış yolunu hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsində görür. Lakin müstəqil təhlilçilər N.Paşinyanın istefasının Ermənistanın yaralarına məlhəm olmayacağı qənaətindədir.

Ən əvvəl də o səbəbə ki, opponentlər hələ ki mövcud dərin siyasi-iqtisadi böhrana qarşı effektli “yol xəritəsi” təqdim edə bilməyiblər. Onların təklif elədiyi isə artıq keçilmiş yoldur və bu dəqiqə erməni xalqı elə məhz həmin avantürist kursun doğurduğu bəlaların altını çəkir.

Şübhə yox ki, məhz bu səbəbdən erməni əhalisinin əksəriyyəti müxalifətin etiraz aksiyalarına və istefa tələblərinə faktiki laqeyddir. Başı daşdan-daşa dəyən ermənilər, deyəsən, indi-indi “ağı-qaradan seçməyə” başlayıblar.

*****

Əlbəttə ki, bu olduqca ehtiyatlı bir müşahidədir. Ona görə ki, geniş anlamda erməni cəmiyyətinin aşağıdan-yuxarıya hərbi məğlubiyyətdən doğru-dürüst dərs götürdüyü hələ müşahidə olunmur - barmaqla sayılacaq hallar istisna olmaqla. Yeganə təsəlli isə vurğulandığı kimi, radikal müxalifətin hələ də hazırkı hökumətə qarşı kütləvi etiraz dalğası təşkil edə bilməməsidir. Bu da müəyyən mənada erməni toplumunun kapitulyasiya ilə barışmağa meylli olması təəssüratını gücləndirməklə yanaşı, “sorosçu” baş nazirin siyasi ömrünün uzanacağı qənaətini yaradır.

“Erməni müxalifətinin hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qaldı”.

Bunu rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko deyib. O, müxalifət düşərgəsinin mitinqlərdə hələ də yetərli sayda narazı kütləni toplaya bilməməsinə diqqət çəkərək bildirib: “Görünən odur ki, erməni müxalifəti havaya sovrulub. İrəvandakı anti-Paşinyan mitinqləri mövcud hökuməti zorla devirmək üçün lazımi qədər narazı kütlə toplaya bilmədi”.

Ekspert hesab edir ki, bu, erməni xalqının əksəriyyətinin II Qarabağ müharibəsinin nəticələrini reallıq kimi qəbul etdiyinin və bir daha təlatümlər arzulamadığının göstəricisi sayıla bilər: “Daha heç vaxt ”böyük Ermənistan" olmayacaq. Heç vaxt. Amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət əgər yaradıcı əməyə qadirdisə, onda qoy onu inkişaf etdirsin".

*****

Bu da var ki, Ermənistanın iqtidarlı-müxalifətli cəmiyyət olaraq 1 nömrəli problemi yanlış milli məfkurə və bu məfkurədən qaynaqlanan əsassız iddialarla bağlıdır. Məsələ ondadır ki, hələ də ermənilər maniakalcasına özlərini dünyanın “ən qədim, ən ali irqi” sayaraq, az qala hamını, özəlliklə də qonşu xalqları özlərinə borclu hesab edirlər. Təsadüfi deyil ki, bu xalq günü bu gün də, müxalifət və Paşinyan daxil, nasist əlaltısı və hərbi canisi Qaregin Njdeyə kütləvi pərəstiş edir, onu özünə kumir, mübarizə simvolu sayırlar. İrəvanda 3 ildir Njdenin 6 metrlik abidəsi ucalır.

Demək, Ermənistan bölgə üçün əvvəlki tək potensial təhlükə mənbəyi olaraq qalır və onun xüsusən də Rusiya hesabına dirçəlib yenidən militarist dövlətə çevrilməsinə bir daha imkan vermək olmaz. Nə yaxşı ki, bunu Rusiyada da anlayanlar az deyil.

“Fikrimcə, 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanla Rusiya arasında yaxınlaşma hələ ki kifayət dərəcədə deyil”.

Musavat.com-un məlumatına görə, bunu rusiyalı tanınmış ekspert Yevgeni Mixaylov İrəvan-Moskva münasibətlərinin hazırkı durumunu şərh edərkən deyib.

Yevgeni Mixaylov: Rusiya əsl müttəfiqinin Ermənistan olmadığını gördü

Onun sözlərinə görə, İrəvan Moskvasız yaşaya bilməyəcəyini çox gözəlı başa düşür. “Elə buna görə də biz ölkəmizə (Rusiyaya - red.) qarşı difirambaların şahidi oluruq. Tarix təkrarlanır. Ermənistanda Moskvanın İrəvanda Njdeyə abidə qoyulması ilə bağlı iddialarını belə xatırlamırlar. Eyni zamanda Ermənistanın həmin abidəni, sadəcə, boşuna götürüb sökəcəyini gözləmək də əbəsdir. Çünki illər uzunu erməni xalqına yanlış qəhrəmanlıq keçmişi sırınıb”, - deyə ekspert qeyd edib.

Politoloqa görə, Qaregin Njde ermənilər üçün hər şeydən əvvəl türklərə qarşı döyüşmüş bir mübarizdir: “Faşist ideologiyasına gəlincə, Hitler Almaniyası ilə əməkdaşlığın səbəbi məhz elə bu ideologiya olub. Yəni əgər SSRİ mövcud olmasaydı, daha dəqiqi, Ermənistan onun tərkibində olmasaydı, o zaman düz böyrümüzdə faşist rejimli bir ölkənin mövcudluğuna təəccüblənməzdim. SSRİ dövründə faşizmə dəstək verən bütün insanlar mühakimə edildi və ya aradan götürüldü. Lakin SSRİ dağılandan sonra bir çox yerlərdə nasistlər başlarını yenə qaldırmağa başladılar. Ermənistandan da bu, yan keçmədi. Beləcə, onlar öz Njdelərini xatırladılar - özü də yad torpaqların işğalı fonunda. Odur ki, Njde problemi, mənim fikrimcə, hələ uzun müddət aktual olacaq və abidənin günü sabah söküləcəyi ilə bağlı illüziyalara qapılmağa dəyməz. Əlbəttə ki, onu sökəcəklər, lakin Moskvanın sərt şərtləri altında və bunun üçün uyğun məqam yetişəndə”.

Öz növbəsində Ukraynada yaşayan erməni kökənli tarixçi-tədqiqatçı Filip Ekozyants hesab edir ki, Qaregin Njdenin İrəvandakı abidəsinin sökülməsinə icazə verilməyəcək. Səbəbə gəldikdə tarixçiyə görə, Njde obrazı bu gün ölkədə vətənpərvərlik anlayışına tamamilə uyğundur: “Ermənilərin böyük hissəsi indi könüllü cəhalət, özləri haqqında həqiqəti bilmək və əsl səbəbləri anlamaq istəməmək girdabındadırlar”, - deyə tarixçi qeyd edib.

Onun qənaətincə, medianın yaratdığı obrazla Qaregin Ter-Arutyunyan adlı gerçək bir şəxsi qarışdırmaq olmaz: “Onlar əsla eyni deyillər. Njdenin media obrazı bu gün müxtəlif siyasi baxışları olan erməniləri birləşdirir. Etiraf edək ki, hazırda nadir bir erməni bu adamı yalnız sözdə xalqını müdafiə edən, əslində isə onu nifrət və ümidsizlik uçurumuna qərq edən təxribatçı sayır. Bu cür şəxsləri qəhrəmanlaşdırmaq heç də yalnız bəzi quduz vətənpərvərlərin şıltaqlığı ilə bağlı deyil. Bu, erməni millətinin əsl yaradıcılarının ümumi kursunun davamıdır. O kurs ki, erməniləri saysız-hesabsız qan qohumluğu olduğu qonşularından ayırmağı, təcrid olunmağı və ermənilərin doqmaları ilə yüngülcə belə, razılaşmayan hər kəslə müharibə aparmağı hədəf seçib”.

Ekozyantsa görə, hər kəs bu problemin bu şəkildə həll oluna bilməyəcəyini başa düşür: “Nə qədər ki, ermənilər özlərinə Njdeni qəhrəman hesab edirlər, abidə sökülməyəcək”.

*****

O vaxta kimi də erməni xalqının bəlaları bitməyək, üzərinə yeniləri əlavə olunacaq. Çünki zaman-zaman qonşu xalqlara və ölkələrə qarşı təxribatlara cəhdlər ediləcək. Görünür, bu və digər səbəblərdən, misal üçün, rusiyalı hərbi ekspert Aleksey Leonkov deyir ki, bu il - 2021-ci ildə Qarabağda konflikt yenidən qızışa bilər.

Sitat: “2021-ci ildə hərbi qarşıdurmalar Dağlıq Qarabağ, Donbas və Suriyada davam edəcək. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı münaqişə bu il gizli şəkildə davam edə bilər”.

Mütəxəssis hesab edir ki, əgər müharibənin nəticələri bütün tərəfləri qane etsəydi, konflikt bitərdi. “Konfliktin həlli böyük ölçüdə Rusiya sülhməramlılarının hərəkətlərindən asılı olacaq”, - deyə o ehtimal edib.

Ancaq “Su səhəngi suda sınar” deyiblər. Yəni pislik yenə də qonşuların özlərinə qalacaq. Ermənistandakı müxtəlif siyasi, radikal-ekstremist qüvvələrin Qarabağda revanşın zəruriliyi barədə vaxtaşırı səsləndirdikləri bəyanatlar da öncə elə ermənilərin təhlükəsiz gələcəyi ilə bağlı suallar doğurur.

Qonşu ölkədə davam edən təlatümlər və müxalif siyasi qüvvələrin hakimiyyət davası fonunda belə qisas cəhdləri, aydındır ki, Ermənistana ucuz başa gəlməyəcək. Bu barədə rəsmi Bakı dəfələrlə sərt xəbərdarlıq da edib. Qalır onların ciddiyə alınması. Erməni xalqı artıq bir dəfə Qarabağdakı yalançı “hərbi zəfər”ə aldanıb. Əgər ağır hərbi məğlubiyyətdən də düzgün nəticələr çıxarmazsa, onda yalnız özlərindən incimək qalır... //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz