Axtarış...

Soçi görüşü: Ankara regionda buna çalışır – İsti şərh


Soçidəki görüşün bizim üçün maraqla gözlənilməsində başlıca səbəb nazirlərin Qarabağla bağlı düşüncələri, birgə əməkdaşlığı və s. idi.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya və Türkiyə xarici işlər nazirlərinin Soçidəki görüşü haqda danışarkən deyib.

O bildirib ki, son günlər işğaldan azad edilən ərazilərimizdə erməni yaraqlılarının həyata keçirdikləri hücumlar baxımından da bu görüş maraqla gözlənilirdi:

“Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyə regionda bütün ölkələrin iştirakı ilə yeni bir əməkdaşlıq formatının qurulmasında maraqlıdır. Hər nə qədər region ölkələri fərqli milli maraqlara, düşüncələrə sahib olsa da, rəsmi Ankara bu ölkələri vahid bir platforma və ya təşkilatda bir araya gətirmək istəyir.

Əslində, Çavuşoğlu əməkdaşlıq haqda fikirləri təkrarlamaqla region ölkələrinə, xüsusilə də Ermənistana mesaj vermiş oldu. Ermənistan hakimiyyəti və cəmiyyəti ikisindən birini seçməlidir: ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirməli və bu zaman növbəti ağır məğlubiyyətlərlə üzləşməli, ya da sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edərək, barış və inkişafa üstünlük verərək, regional əməkdaşlıqdan faydalanmalıdır.

Hazırda Ermənistanın nəyə üstünlük verdiyini demək çətindir. Çünki 44 günlük müharibədən sonra bu ölkədə daxili sabitlik təmin olunmur. Bu şərtlər altında Ermənistan qeyd olunan bir əməkdaşlığa hazır deyil. Ümumilikdə isə bu sualın cavabını gələn il parlament seçkisindən sonra yeni və ya yerində qalacaq hökumətin siyasətində görəcəyik”.

Politoloq qeyd edib ki, Türkiyə və Rusiyanın Suriya, Liviya və Qarabağ məsələsinə yanaşmalarında fərqlər olsa da, daim dialoq içindədirlər və ortaq nöqtələr axtarmağa çalışırlar:

“Türkiyə ilə Rusiyanı Qərbin sanksiyaları da bir-birinə yaxınlaşdırır. Düşünürəm, bu zəruri yaxınlaşmadan Azərbaycan diplomatiyası faydalana bilər. Bundan öncə də qeyd etmişdim ki, Azərbaycan diplomatiyasının səyləri nəticəsində bu gün İsrail-Türkiyə münasibətləri normallaşma mərhələsinə qədəm qoyur. Məhz buna görə də deyə bilərəm ki, rəsmi Bakı Türkiyə və Rusiya əməkdaşlığını daha da intensivləşdirməli, zəruri səbəbləri ayrılıqda görüşlər zamanı hər iki tərəfə çatdırmalıdır. Bu zaman regionda tam sabitlik və sülhdən danışmaq olar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz