Axtarış...

Qarabağın inkişaf strategiyası - TƏHLİL

Qarabağın inkişaf strategiyası - TƏHLİL

Qarşıda bizi mühüm və məsuliyyətli bir mərhələ gözləyir - Qarabağ sıfırıdan qurulmalı, inkişaf etdirilməlidir. Ölkəmizin iqtisadi imkanları Qarabağın inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır. Əlbəttə, bunun üçün dövlət inkişaf strategiyası hazırlamalıdır. Amma Qarabağın inkişafını nəzərdə tutan bu strategiyanın hazırlanması üçün ilkin mərhələdə atılan addımlardan biri kimi qeyri-dövlət qurumun yaradılması daha məqsədəuyğun olardı. Bu, ictimai mərkəz, qeyri-hökumət təşkilatı, hər hansı birlik formatında təsis oluna bilər. Söz yox ki, müvafiq dövlət qurumları Qarabağın inkişaf strategiyasının hazırlanması üçün tədbirlər həyata keçirəcək, layihələr hazırlayacaqlar. Amma...

Bəs Qarabağın inkişaf strategiyasının hazırlanmasında ictimai mərkəzin rolu necə ola bilər və bu nə üçün vacibdir?
Əvvəla, Qarabağın zəngin resursları, təbii ehtiyatları, turizm potensialı var. Qarabağda təkcə binalar tikməklə, yollar çəkməklə, infrastruktur qurmaqla iş bitməyəcək. Bütün bunların gələcəyə hesablanmış tərəfləri nəzərə alınmalıdır. Qarabağın hər bir ərazisinin relyefi, yaratdığı münbit şərait, çətinliklər, bu ərazilərin ayrı-ayrılıqda vəd etdiyi gələcək imkanlar nəzərə alınmalıdır.

Bir ictimai qurum yaradılmalı və regionun inkişafını nəzərdə tutan addımların həyata keçirilməsi üçün bütün məsələlər ictimai müzakirəyə çıxarılmalıdır. Qarabağın turizm potensialı o qədər zəngindir ki, ictimai müzakirələr, bu istiqamətdə mütəxəssislərin təkliflərinin öyrənilməsi, eləcə də, diskussiyaların, debatların təşkili olduqca vacibdir.

Yaradılan ictimai mərkəz fəaliyyəti şəffaf olmaqla yanaşı, 3 istiqamətdə öz işini qurmalıdır:

1. Bu ictimai quruma bütün sahələr üzrə mütəxəssislər cəlb olunmalıdır

2. KİV-lərdə, sosial media resurslarında müzakirələr aparılmalıdır və ictimaiyyətin öhdəsinə sorğular verilməli, əldə olunan nəticələr mərkəzə daşınmalıdır

3. Mərkəz müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir

İkincisi və ən başlıcası: söhbət təkcə sosial-iqtisadi layihələrdən yox, Qarabağın həm də hərbi-siyasi inkişafından gedir. Elə ən vacib amil də budur. Biz Qarabağda hərbi hissələrin, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, siyasi qurumların fəaliyyətini ənənəvi üslubda quracağıq, yoxsa fərqli və daha möhkəm bir üslub tətbiq olunacaq? Şübhəsiz, onların da fəaliyyəti Bakıdakı, Şəkidəki, Lənkərandakı, Gəncədəki kimi dövlət qanunlarımızla tənzimlənəcək. Qanunlar çərçivəsində, hüquq daxilində! Amma məsələnin bir də mənəvi və ictimai tərəfləri var. Və düşünək ki, bu torpaqlar 28 il işğal altında qalıb və orada hər bir iş yenidən qurulacaq.

MÜHÜM məqamlardan biri: İctimai müzakirələr ona görə vacibdir ki, Qarabağa insanların köçürülməsi təkcə məcburi köçkünlərlə məhdudlaşmamalıdır. Dövlət stimullaşdırıcı, həvəsləndirici sosial-iqtisadi layihələr həyata keçirməlidir. Amma bunun üçün ilk növbədə vahid mərkəz formasında ictimai müzakirələr aparılmalı, təhlillər aparılmalıdır. Cəmiyyətin və mütəxəssislərin rəyi öyrənilməlidir.

- Məsələn, Şəkidə yaşayan vətəndaş gedib Füzulidə niyə yaşasın?

- Yaxud Bakıda biznesi olan şəxs öz maddi imkanlarını Qubdalıya niyə daşısın?

Bunun üçün onların istək və təklifləri nəzərə öyrənilməlidir. Bu istək və təklifləri öyrənmək dövlət qurumlarının fəaliyyətinə əlavə yük və ağırlıq gətirə, bürökratik əngəllər yarada bilər. Ona görə də, müstəqil ictimai qurumun yaradılması vacibdir ki, hər kəs gəlib təkliflərini ora versin. Bütün məsələlər telekanallarda, sosial media resuslarında, müzakirəyə çıxarılsın. Məhz bundan sonra əldə olunan nəticələri konsepsiya halına gətirib dövlətə təqdim etmək lazımdır.

VACİB məqam: Diplomatik nümayəndəliklərin - korpusların bir neçəsinin Qarabağa köçürüməsi üzərində də iş aparılmalı, bu addımın bütün siyasi-diplamatik tərəfləri təhlil olunmalıdır. Bəzi səfirlikləri Qarabağa köçürmək nə dərəcədə mümkündür, yaxud münkün deyil, bu məsələ də araşdırılmalıdır. Digər tərəfdən, hansı diplomatik korpusları ora köçürməklə daha çox dividend qazanmaq olar, təhlil olunmalıdır. Bəlkə elə bəzi səfirliklərin paytaxtdan kənarlaşdırılması daha məqsədəuyğundur.

dominant.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz