Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda təsdiqləyib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb ki, ölkəmizdə 2016-cı ilin martından tətbiq olunan əmanətlərin tam sığortalanması qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunmasında, bank sistemində sabitliyin tam təmin edilməsində, əmanətçilərin bank sisteminə etibarının artırılmasında mühüm rol oynayıb. O bildirib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari il dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.
T.Mirkişili deyib ki, “Əmanətlərin sığortalanması haqqında” qanun layihəsində fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur. Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək. Həmçinin, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.
Məsələ ilə bağlı şərh almaq üçün müraciət etdiyimiz Mərkəzi Bankdan sorğumuza cavab olaraq bildirdilər ki, qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilib:
“2016-cı il martın 4-dən qüvvəyə minən qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 il müddətində tam sığortalanıb. Növbəti dövrlərdə, qanuna edilmiş dəyişikliklər əsasında, sözügedən müddət 4 dekabr, 2020-ci il tarixinədək uzadılıb. Əmanətlərin tam sığortlanması sxeminin 2016-cı ildən tətbiqi nəticəsində maliyyə sabitliyi qorunub saxlanılıb, əmanətlərin dinamikasında sabitləşmə təmin edilib, bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Ötən dövr ərzində bank sektoru üzrə aparılmış sağlamlaşdırma tədbirlərinin nəticələri və əmanətlərin tam sığortalanması mexanizminin maliyyə sabitliyinin lövbəri rolunu oynaması nəzərə alınmaqla, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair hərtərəfli strategiya hazırlanıb. Strategiya baş nazirin rəhbərliyi altında Azərbaycanın İqtisadi Şurasında geniş müzakirə edilib, müzakirələrin nəticəsi olaraq 5 aprel, 2021-ci ilədək keçid dövrü müəyyən edilməklə əmanətlərin tam sığortalanması sxemindən çıxılması və cari situasiyaya uyğun əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılıb”.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov bildirdi ki, kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması adekvat yanaşmanın göstəricisidir:
“Əmanətlərin tam sığortalanması müvəqqəti addım kimi qəbul edilib. Xarici valyutada olan əmanətlərlə bağlı daha ardıcıl, daha qətiyyətli siyasətin aparılmasına nail olmalıyıq. Xarici valyutada olan əmanətlərin sığortalanması təcrübəsindən ən azı tədricən uzaqlaşmalıyıq. Digər tərəfdən, ölkədən valyuta çıxışının qarşısını almaq üçün nəzarət mexanizminin tətbiqinə ehtiyac var”.
E.Məmmədovun sözlərinə görə, sahibkarların bank hesablarında olan vəsaitlərinin də sığortalanması düzgün addımdır:
“Bununla sahibkarların bank sektoruna olan inamının artırılmasına nail ola bilərik. Amma eyni zamanda, hüquqi şəxsləri də buraya daxil etmək lazımdır. Təcrübə göstərir ki, hüquqi şəxslər bir çox hallarda bankların sığorta hadisələri baş verərkən lisenziyalarının alınması nəticəsində çox ciddi iqtisadi zərərlə üzləşirlər. Ona görə, hüquqi şəxslərin də buraya aid edilməsi yaxşı olardı”.
İqtisadçı ekspert Samir Əliyev isə hesab edir ki, əmanətlərin tam sığortalanması öz ömrünü yaşayıb və bu qanunla vidalaşmağın vaxtı gəlib.
“Son dörd bağlanan bankın təcrübəsi göstərdi ki, tam sığorta mexanizmi bir çox problemlər yaradır. Bununla birlikdə, yalnız məhdud kompensasiya təmin edən və gələn həftə qüvvəyə minəcək qanunun da təkmilləşdirilməsi lazımdır. Depozitlər üçün sərhədsiz kompensasiya sisteminin tətbiqi tarixinin özü 2015-ci ildən başlayır. Sonra iqtisadi böhran və neft qiymətlərinin düşməsi şəraitində hökumət banklara və əmanətçilərə dəstək verməyə qərar verdi, nəticədə ölkədə fiziki şəxslərin əmanətlərinin itirilməsinin qarşısını almaq üçün hazırlanmış “Depozitlərə tam kompensasiya haqqında” qanun qəbul olundu. Bu, məntiqdən məhrum deyildi, çünki neft qiymətlərinin düşməsi və bank böhranı sonrasında banklardan kütləvi depozit axını başladı. Tam kompensasiya sistemi sabitliyin əldə olunmasına kömək etdi, lakin bu təcrübə uzun müddət davam etdirilə bilməz”.
Ekspert bu sistemin əsas çatışmazlığını Əmanətlərin Sığortalanması Fondunun qapalı bankların ən böyük kreditoruna çevrilməsində görür:
“Bu vəziyyətdə məlum olur ki, bankdakı əmanətlər nə qədər çox qorunursa, sığortalanmamış kreditorların pullarını geri qaytarmaq şansı da o qədər az olur. Buna əlavə olaraq, fərdi şəxslərin əmanətlərinin tam təminatı kapitalın iri banklarda cəmləşməsinə gətirib çıxarır. 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” qanunun tələbləri yeni ildən qüvvəyə minəcək. Eyni zamanda, bu sənədlər arasındakı fərq yalnız təzminat məbləğindədir. Yəni, tam sığorta mexanizmi ləğv edildikdən sonra qapalı banklardakı əmanətlərə görə təzminat məbləği 30 min manatı və ya mövcud məzənnə ilə 17647 dolları keçməyəcək”. //pressklub.az//