MilliTV.az
Vətən müharibəsində iştirak edən şəhidlərimizin xatirələri həm kövrəldir, həm də qürur verir.
Sonxeber.az Şəmkirin Keçili kəndindən olan Alızadə Seymurun Vətən hekayəsini yaxınlarının dili ilə təqdim edir:
"Sentyabrın 21-də təlimlərə birlikdə çağırılmışdıq. Yadınızdadır yəqin ki, bu haqda yazmışdım bir dəfə. Çox yağışlı gün idi. Seymur da nazik köynəkdə gəlmişdi. Komissarlığın qabağında istədi ki, aşağı düşüb, telefonu anasına versin. Polis saxladı ki, "hara gedirsən?" Seymur qayıtdı ki, "telefonu verim gəlirəm". Polis kinayəli şəkildə "birdən qaçarsan" dedi. Seymur da polislə burun-buruna gəlib, "qaçası olsam, bir zəngə tələsik gəlməzdim" deyə cavab verdi...
Seymur Füzuli cəbhəsində döyüşürdü.
Bir dəfə nənəsi ilə rastlaşdım. Ağladı, dedi ki, Seymura zəng gələndə iş görürdü. Yazıq yemək yemədi, ac getdi. Ürək-dirək verdim ki, bəs, o güclü uşaqdı. Inşallah sağ-salamat qayıdacaq.
Döyüşlərin getdiyi bir gündə Şaxmalla birgə Seymurun da Şəhadət xəbəri gəldi. Amma gah sağdı, gah yaralıdı, gah Şəhiddi dedilər. 10 gündən çox axtarıldı. Bütün kənd ümid edirdi ki, bəlkə sağdır. Təəssüf ki, Seymurun da bayrağımıza bükülmüş tabutu doğulub, böyüdüyü kəndə - Keçiliyə gəldi.
Atasının içdən yıxılmış, amma zahiri məğrur duruşu hələ də gözümün önündədi. Seymurumuzu da uğrunda can verdiyi torpağa tapşırdıq.
Cəmi 22 yaşı var idi. Çox zəhmətkeş, əlinin qabarı ilə çörəyini qazanan uşaq idi..
Seymurdan geriyə isə 2 yaşında körpə qızı qaldı".