Azərbaycanda inhisarçılığın qarşısını almaq üçün dövlət tərrəfindən ən zəruri addımlar atılır. Hələ ötən il Prezident İlham Əliyev Baş nazirin müavini təyin etdiyi Şahin Mustafayevin kölgə iqtisadiyyatına son qoyulması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığın aradan qaldırılması istiqamətində iş aparmasını istəmişdi. İlham Əliyev “Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq” – demişdi.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnaməyə görə adıçəkilən dövlət qurumu dövlət satınalmaları zamanı antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarət etməli, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədi ilə tədbirlər görməli,satınalan təşkilatın tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi və dövlət satınalmalarında saxtakarlıq halları ilə bağlı qəbul etdiyi qərarları təsdiq etməlidir. Maraqlıdır əsasnaməsində inhisarçılığa qarşı tədbirlərin görülməsi həvalə edilmiş Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti işinin öhdəsindən necə gəlir?
Aktualinfo.org-un apardığı araşdırmalara görə Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən 01.03.2018-ci il tarixdən 14.11.2020-ci il tarixə qədər 19 tender proseduru keçirilib.Bu tenderlərin 10-nun qalibi “Səma MM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət olub.2020-ci ildə keçirilmiş 4 tenderin 3-nün qalibi “MEQA AN İNŞAAT”Məhdud Məsuliyyətli Cəmiyyəti,digərinin isə qalibi “AZƏRTİKİNTİ-QURAŞDIRMA-SERVİS-23” Açıq Səhmdar Cəmiyyəti olub.
“Səma MM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağstafa rayon İcra Hakimiyyətindən 2 227 692 manat məbləğində dövlət sifarişi alıb. MMC iki il ərzində sözügedən dövlət qurumu üçün aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması,aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması, Ağstafa rayonunda yolların təmiri (Ağstafada nə qədər yol var,hansı yolun təmiri bəlli deyil),abadlıq işləri(harada aparılması bəlli deyil),çoxmənzilli binaların təmiri işləri(harada aparılması bəlli deyil),ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin xüsusi geyim, inventar və mal-materiallarla təmin edilməsi,aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə tikinti materiallarının alınması,Ağstafa rayonunda yolların təmiri işləri, Ağstafa şəhərində kommunal yaşayış binalarının təmiri işləri kimi işləri həyata keçirib.
“MEQA AN İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti sə Ağstafada qeyri yaşayış binalarının təmiri (bağça), abadlaşdırma xidmətləri haqqının ödənilməsi və Ağstafa rayonunda yolların əsaslı təmiri işləri üzrə keçerilmiş tenderlərin qalibi olub və ümumi olaraq 487410 manat məbləğində dövlət sifarişi alıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “MEQA AN İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 01.12.2009-cu il tarixdə Şəmkirdəki 14 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağstafa rayonu,Ağstafa şəhəri M.Ə.Sabir ev 9,qanuni təmsilçisi Aslanov Yaşar İmamverdi oğlu olduğu göstərilib.
Qeyd edək ki,”MEQA AN İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus VÖEN (3600282541) 26.08.2020-ci il tarixə qədər “Səma MM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti adı altında fəaliyyət göstərib.Son iki ildə bu MMC-lərin hesabına yuxarıda qeyd etdiyimiz işlərin görülməsi üçün ümumi olaraq 2715102 manat dövlət vəsaiti köçürülüb. Bu vəsaitlərin nə qədəri təyinatı üzrə xərclənib,bəlli deyil Əslində bəllidir.Kimə?
Dövrü mətbuatın yaydığı məlumatlarda isə bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda Yaşar Aslanovun rəhbərlik etdiyi “Səma-MM İnşaat” MMC-nin rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi halların aşkar olunduğu bildirilir.Ağstafada büdcə vəsaitlərinin talandığı bəlli olduqdan sonra “Səma-MM İnşaat” MMC-nin rəhbərliyi iz azdırmaq üçün növbəti tenderlərdə “MEQA AN İNŞAAT” MMC adı altında qalib olub. Yəni,bu üsulla dövlətə “torba” tikilib.Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə səlahiyyətləri daxilində bütün bunların qarşısını almaq əvəzinə,inhisarçılığa şərait yaratmış olub.
Göründüyü kimi, keçirilmiş tenderlərin çoxu 2011-2019-ciu illərdə Ağstafanın İcra başçısı olmuş Məhərrəm Quliyevin və artıq həbsdə olan Nizaməddin Quliyevin dövrünü əhatə edir.Nədənsə Prezident İlham Əliyevin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Seymur Orucov da tender əməliyyatlarıını “Səma MM İnşaat” MMC ilə deyil,”MEQA AN İNŞAAT” MMC ilə davam etdirməyə üstünlük verib.Görünür yeni İcra başçısı “Səma MM İnşaat” MMC-nin köhnə işlərindən xəbərdar olaraq ad dəyişmə edib. Yaxud da yeni İcra başçısı bu rayonu artıq inhisarına almış bir şəxslə işbirliyinə məcbur olub.
Aktualinfo.org