MilliTV.az
“Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız”, - o qeyd edib.
“Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər”, - İ.Əliyev əlavə edib.