Axtarış...

Azad edilmiş ərazilərdə həyatı canlandırmaq üçün nələr edilməlidir – Beş illik hədəf


Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yaxşı perspektivlər var. Kənd təsərrüfatı naziri İnam Kərimov bir müddət əvvəl bu istiqamətdə hesablamalar və fəaliyyət planının hazırlanmasına başladığını açıqladı.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılovun AYNA-ya dediyinə görə, əvvəlcə hərbi və siyasi məsələlər tam həll olunmalı, sonra azad edilmiş ərazilərdə kənd təsərrüfatı inkişaf etdirilməlidir: “Bölgədə kimin yaşayacağını və necə inkişaf etdirəcəklərini anlamaq üçün vəziyyəti dərindən təhlil etmək lazım olacaq. Əlbəttə, ilk növbədə bunlar erməni işğalçıları tərəfindən evlərindən qovulan və məcburi köçkünə çevrilənlərdir. Ancaq indi onların çoxu artıq yaşlı və qocadır. Övladları və nəvələri, əsasən doğma yerlərindən uzaqda doğulublar və onlar üçün artıq öyrəşdikləri mühitdən köçmək istəyəcəkləri fakt deyil. Nəinki azad edilmiş bölgələrdən gələnləri, ölkəmizin bütün vətəndaşlarını bu işə həvəsləndirmək lazımdır. Bəlkə də şəhər sakinləri arasında da yaşamaq və azad edilmiş bölgələri təchiz etmək, xüsusilə kənd təsərrüfatını inkişaf etdirmək istəyənlər olacaq, lakin bunun üçün onlara müvafiq şərait yaradılmalıdır”.

Onun fikrincə, Dağlıq Qarabağda və işğaldan azad olunan digər bölgələrdə kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə Respublikanın başqa rayonları ilə müqayisədə daha böyük torpaq sahələri verilməlidir: “Ancaq əvvəlcə ərazi xəritələşdirilməli, kəndlərin, qəsəbələrin harada olacağı və tarlaların harada salınacağı müəyyənləşdirməlidir. Evlərin tikilməsində insanlara kömək etmək, bu cür fermerləri bir neçə illlik vergilərdən azad etmək vacibdir ki, ayağa qalxsınlar, çünki hər şeyə sıfırdan başlamaq məcburiyyətində qalacaqlar. Kənd təsərrüfatının dirçəlişi üçün mal-qara, toxumlar verilməli, uzunmüddətli və aşağı faizli kreditlər ayıraraq, lazımlı kənd təsərrüfatı texnikasını almaq imkanı yaradılmalıdır. Hər şey fermerin hansı sahə ilə məşğul olacağı qərarından asılıdır”.

Ekspert hesab edir ki, bu məsələdə maarifləndirmə komponentinə diqqət yetirmək, fermerləri bu işə necə başlamaq barədə məlumatlandırmaq vacibdir: “Bu, xüsusən Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən İşəgötürənlər Konfederasiyası ilə birlikdə edilə bilər. Eyni zamanda, heç kim fermerin əvəzinə onun hansı sahə ilə məşğul olacağını həll etməməlidir. Fermer nəyi gəlirli hesab edirsə, o işlə də məşğul olacaq. Ancaq dövlət kənd təsərrüfatı məhsullarının satışında ona dəstək olmalıdır. Fermerlər, əsasən məhsulları Bakıya gətirirlər, lakin paytaxtdan 400-500 km məsafədə olanda bunu etmək heç də asan olmayacaq. Buna görə də dövlət onlardan məhsulu almalı, eləcə də fermerlərin məhsullarının qonşu ölkələrə ixracatına kömək etməlidir”.

“Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının satışı problemi ucqar bölgələrdən olan fermerlərimiz üçün çox ağrılıdır. Məhsulları özləri şəhərə gətirə bilmirlər, gətirəndə isə qəpik-quruşa satırlar. Son vaxtlar kənd təsərrüfatı mallarının küçə ticarəti halları artıb. Fermerlər məhsullarını yolların kənarında nümayiş etdirərək, yoldan keçənlərin alacağına ümid edirlər. Azad edilmiş ərazilər də daxil olmaqla, bütün ölkədə istehsalçını dəstəkləməliyik və bunun üçün konkret addımlar tələb olunur”, - İsmayılov bildirib.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya açıqlamasında, Dağlıq Qarabağda kənd təsərrüfatının inkişafı üçün geniş imkanların olduğunu deyib: “Orada üzümçülük və şərabçılığın inkişafı üçün böyük perspektivlər var. Üzümçülük üç-dörd ildə qazanc gətirir, amma əvvəlcə buna çox investisiya qoymalısınız. Son hesablamalarımıza görə, bir hektar ting üçün 15 min avro xərclənir ki, bu da böyük məbləğdir. Məncə, üzümçülükdən deyil, tərəvəzçilikdən başlamaq lazımdır – perspektivi üzümçülükdən az deyil və iri xərclərə də ehtiyac duyulmur. Bununla yanaşı, tərəvəzlərin istehsalı ilə yanaşı, məhsulun emalı prosesinin qurulması vacibdir. Ancaq bütün bunlardan əvvəl meliorasiya sistemini təmin etmək lazımdır, çünki sahələrin suvarılması nizama salınmasa, heç bir nəticə alınmayacaq”.

Onun sözlərinə görə, aqrar sahədə yenidən bölüşdürmə ilə məşğul olmaq lazım gələcək: “Ötən illərdə ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbat, əsasən bir neçə bölgə, xüsusən Sabirabad, Saatlı, Beyləqan tərəfindən təmin olunurdu. Əhali azad edilmiş ərazilərə qayıtmağa başladıqda, yerlərdə onların ehtiyaclarını təmin etmək lazım olacaq. Kənd təsərrüfatının inkişafı üçün logistikanı inkişaf etdirmək və yolları bərpa etmək lazımdır”.

“Xocalı hava limanını bərpa etmək lazımdır və bunun üçün ən azı üç milyard manat gərəkdir. Lakin tədricən bütün bu məsələlər həll olunacaq. Əgər kifayət qədər işçi qüvvəsi varsa, beş il ərzində azad edilmiş əraziləri bərpa etmək və orada kənd təsərrüfatını qurmaq mümkün olacaq. Lakin vahid yanaşma və əlbəttə ki, dəqiq bir fəaliyyət planı lazımdır”, - Ağayev vurğulayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz