Axtarış...

"Rayonda hamı bura “qara binalar” deyir..." - Acınacaqlı vəziyyət

"Rayonda hamı bura “qara binalar” deyir..." - Acınacaqlı vəziyyət

“Bu vedrələri görürsünüz? Baxın, hər qapının ağzında var. Yox, nə su? Su var ki? Su üçün başqa-başqa qablarımız var, o da olanda doldururuq. Bu vedrələr bizim tualetimizdir. Hə, bu vedrələrə ödəyirik ehtiyacımızı. Sonra da aparıb atırıq üçüncü mərtəbəyə. Orda yer var, ora”.

Bunu deyib də üzrxahlıq edir Ellada xanım, dediklərinə. Bu, adına yataqxana deyilən, çirkabın, üfunətin, insan həyatının cəhənnəmə çevirən nələri fikirləşirsinizsə hər şeyi özündə birləşdirən bir yerdir. 40-dan çox ailənin sanki girov götürüldüyü bir məkandır. Hə, düz oxudunuz, girov. Çünki onlar burda girovluqdadır, getməyə yerləri yoxdur. On illərdir bu cəhənnəm əzabını yaşamağa məhkumdurlar.

Xaçmaz Konserv zavodunun tabeliyində olub bu yataqxanalar. Raayonda hamı bura “qara binalar” deyir. Qaramat basmış qaranlıq bir yerdi burası.

İki yüzə yaxın sakini olan bu yataqxanaların nə hamamı var, nə tualeti.

Binanın istismar müddəti bitib, kanalizasiya xətləri tamilə sıradan çıxıb. Bu binalar çirkab və infeksiya mənbəyidir.

Təsəvvür edin, bərk külək əsəndə bütün elektrik naqilləri bir-birinə dolaşır, burda. Bu binalar, bu binalardakı mənzillər hər an alışıb yana bilər. Pilləkənlərdə nəinki yerimək, durmaq belə mümkün deyil, silkələnir, hər an qopa bilər. Bir pilləkənin isə ümumiyyətlə məhəccəri yoxdur.


Hər iki binanın damı sıradan çıxıb. Dam deyəndə ki...buranın damı yoxdur, üstü desək, daha anlamlı olar. Mənzillərin tavan və döşəmələri çürüyüb. Burda siçan, siçovul əlindən tərpənmək mümkün deyil. Məişət tullantıları daşınmadığından uşaqlar zibillərin, çirkab suların içərisində oynayır. Min cür xəstəlik tapa bilər bu zavallı çocuqlar. Binanın həyəti asfaltlanmayıb. Yağan yağışdan sonra gölməçələr əmələ gəlir həyətdə.

Su kranları işləmir, qapı və pəncərələr çürüyərək qopub düşdüyündən yerinə polietilen sellofan vurulub. Çürük borulardan axan kanalizasiya sakinlərin üst-başını batırır.

Buranın sakinləri bir-birinə bənzəyir. Rəngləri soluxmuş, bənizləri boz, sanki təmiz hava həsrətindədirlər illərdi.

- Hərdən elə fikirləşirik ki, Xaçmazın bütün siçovulları yığılıb gəlib bura. Evdə elə rahat gəzirlər ki? Zirzəmi? Zirzəmisi var buranın? Ora çoxdan sıradan çıxıb. Zir-zibil, kanalizasiya yığılıb tökülüb ora, gölə dönüb.

Sakinlərdən biri deyir bunları.

- Bir gün bu pilləkən - əliylə göstərir - uçacaq təpəmizə qalacayıq altında. Hər an oradan uşaq yıxıla bilər. Bir dəfə o pilləkəndən uşaq da düşüb, amma şükür Allaha ölməyib. İcra hakimiyyətinə getmişik, deyirlər xəbərimiz var, əncam çəkəcəyik. Amma nə vaxt, bunu deyən yoxdur.

Bunu isə bir başqa sakin deyir.


Hə, burada, bu binalarda qaz yoxdur. Ona görə də ya elektrik sobalarından, ya da odundan istifadə edirlər. Bir kimsə evində odunla yemək bişirdimi, bütün mərtəbələr, bütün mənzillər tüstüylə dolur. Çünki bu mənzillərdə qapı sadəcə simvolikdir, qapı xatirinə qapıdır. Əksəriyyəti sınıq, yerindən qopmuş halda.

Yatdıqları da, yedikləri də, çimdikləri də elə bu natəmiz, üfunət dolu otaqlardı. Təsəvvür edin, su tapıb yuduqları paltarları da elə bu dar mənzillərdə qurudurlar.

- Biz şəhid bacılarıyıq, icraya şikayətə getmişik, deyirlər hara gedirsiz gedin, kimə şikayət edirsiniz edin. Rütubətdən ayağımız şişir, uşaqlar xəstəlik tapıblar.

Bunu da bina sakinləri deyir.


Suyu pulla alırlar bu adamlar. Pulu olmayan ailə susuz qalmalıdır. Bu adamlar su krantının nə olduğunu unudublar


- Beş uşaqla bir otaqda yaşayıram. Nə vaxtadək? Uşaqlar ağız-ağıza yatırlar. Böyüyürlər. Bundan sonra necə yatsınlar? Paltarlı? Bizim istədiyimiz nədir ki? Ya bizi burdan köçürsünlər başqa yerə, ya da pul versinlər özümüz özümüzə balaca koma tikək.

Başqa bir sakin dillənir:


- Bir oğlum var xəstəxanadadır, gətirə bilmirəm bura. Deyirəm qoy elə xəstəxanada qalsın, bura gətirsəm, bu dəfə başqa xəstəlik tapacaq.

Bu xanımın isə dərdi daha böyükdür:


- Mənim dörd uşağım var. Hərəsi bir qapıdadır, hərəsini bir qohumun yanına qoymuşam. Neyləyim, burada uşaq böyütmək olar. Özüm isə məcburən buradayam. Çünki əşyalarımız, sınıq-salxaq da olsa mebellərimiz var. Onları qoruyuram. Vəziyyət gündən-günə daha da pisləşir. Cəhənnəmə, bunlara da dözmək olar. Heç olmasa, bu il qaz versinlər. Evdə odeyalla gəzirik, yağış yağan kimi yorğan-döşək su içində olur. Qızınmaq mümkün deyil. Yuxarıdakı ayaqyolunu gördünüz də, min cür xəstəlik tapmaq olar burada. Nevroz olmuşuq, vallah.


- Həmin yataqxanada yaşayan insanların vəziyyətindən xəbərimiz var. Çox təəssüflə qeyd etməliyəm ki, onların durumu acınacaqlıdır.


Bunu Lent.az -a açıqlamasında Xaçmaz rayonu icra hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova bildirib. İlhamə xanımın dediyinə görə, rayonda 5 qəzalı yataqxana var ki, onlarla bağlı müvafiq qurumlara müraciət edilib.


- Haqqında söhbət açdığınız yataqxanalar da bu sıradadır. Daha yuxarı instansiyalara müraciət etmişik. Ümid edirik ki, qısa bir zamanda problem həllini tapacaq


Amma…

Amma sakinlərin isə bircə ümidi qalıb: Allahın yadına düşmək!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz