Bu ölkə hüquq dövlətidir!Bu dövlət qanunlarla idarə olunur! Bu qanunların da hüququn da fövqündə insan amili dayanır.Aylardır insanımızı evdə dustaq etmişik, azadlığını əlindən almışıq, nə üçün, nəyə xatir? Daha qiymətli olan yaşamaq hüququna xələl gəlməməsi, genofondumuzu, milli mövcudiyyətimizi təhlükəyə atmamaq üçün!
Şükür ki, nəticəmiz də var, günlük 600 yoluxmanı 6 dəfə azalda bilmişik. Amma təhlükə hələ də qalmaqdadır. Xəstəlik qorxusu, pandemiyadan doğan maddi sıxıntılar kabus kimi insanımızın üzərinə çöküb. Hər kəs gərgindir, amma dözürük, dözməliyik də!
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov son günlər bəzi tanınmış simalar tərəfindən toy məclislərinin qurulmasına və bununla da karantin qaydalarının açıq şəkildə pozulmasına, cəmiyyətin sərt təpkisinə münasibətini bildirərkən deyib.
O, qeyd edib ki, çünki ortada hüququn əmri var, hökumətin qərarı var.
“Vətəndaş görür ki, qayda hamı üçündür, hətta dövlətin başçısı belə tibbi maskasız hərəkət etmir, nə qədər çətin olsa da cənab Prezident də işini Operativ qərargahın tələblərinə və pandemiya şəraitinə uyğunlaşdırıb. Dövlət bu yolda milyardlar xərcləyib. Hər kəsin bir yumruq misalı birləşməli olduğu ən həssas məqamımızda bu nə demək idi? Qəsdənmi insanların əsəbləri ilə oynayıb, onları dövlətə qarşı qaldırırsız? Hüququ, qanunu qəsdənmi əzib, yararsız hala salırsınız? Təəssüf! “-deyə, o, əlavə edib.