Azərbaycanın 20 faizə yaxın torpağını işğal edən və faktiki olaraq Azərbaycanla müharibə şəraitində olan Ermənistana Rusiyadan 400 tondan artıq silah-sursat daşınması cəmiyyətdə narahatlıq yaradıb. Tovuz döyüşlərində Azərbaycanın generalını və digər rütbəli zabitlərini şəhid verməsindən sonra bu məlumatların təsdiqlənməsi Rusiyaya qarşı suallar yaradıb. Ölkə Prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında da bu məsələlər müzakirə olunub və Rusiyadan buna görə açıqlama istənilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq bu məsələ sosial şəbəkələrdə, media və televiziya kanallarında vətəndaşların, ekspertlərin, ictimai xadimlərin müzakirəsinə səbəb olub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov AzTV-də çıxışı zamanı hadisələri təhlil edərək bildirib ki, Rusiyanın Ermənistana silah göndərməsinin ortaya çıxması və Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının və dövlətinin prinsipial mövqeyini ortaya qoyması bütün dövlətlər, dünya ictimaiyyəti və hər bir kəs üçün açıq siqnal olmalıdır: “Azərbaycan heç vaxt qonşu dövlətlərə hədə gətirəcək hər hansı iş birliyində olmayıb. Qarşı tərəflər də Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə hörmət etməli, hədə olacaq hərəkətlərdən kənar durmalıdırlar. Amma bəzi dövlətlərin nankorluğunu görürük. Biz Rusiya ilə bir sıra strateji beynəlxalq layihələrdə yer almışıq. Bu hadisələr onu göstərir ki, Rusiyada hələ də post-imperiya ideyaları ilə yaşayanlar var. Azərbaycan artıq 50-60 il əvvəlki dövlət deyil. Qlobal münasibətlər sistemində də ənənəvi güclər deyil, çoxlu oyunçular var. Regiondakı dövlətlərin başqa gücü var”.
Azərbaycan Naminə Alyans partiyasının rəhbəri Abutalıb Səmədov bildirib ki, Azərbaycanın müstəqil siyasət yürütməsini Rusiyada müəyyən dairələr qəbul edə bilmirlər: “Ermənistan isə Rusiyanın forpostudur. Azərbaycan özünə güvənir, heç kimin maraqlarına xidmət etmir. Tovuz təxribatından sonra Rusiyanın Ermənistana silah göndərməsinin səbəbi odur ki, gördülər ki, Azərbaycan öz gücü ilə Ermənistana sarsılmaz zərbə vura bilər. İndiki məqamda bu köməyin məqsədi odur ki, Azərbaycanın danışıqlarda mövqeyinin möhkəmlənməsinə imkan verməsinlər. Rusiya çalışır ki, hər iki ölkəni özündən asılı etsin. Amma Ermənistanı asılı etmək üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Buna görə də Rusiyada bəzi qüvvələr Azərbaycana arxadan zərbə vurmağa çalışırlar”.
Ordu.az saytının hərbi eksperti Ədalət Verdiyev deyib ki, müharibə şəraitində jurnalistlər də informasiya müharibəsi aparmalıdırlar: “Ermənistana ötürülən 400 ton silahı bir günə də istifadə etmək olar ya da məhv etmək olar. Yalnız artileriyamızın verdiyi imkanlar ilə Ermənistanın potensialının 5-7 faizini 2 günə sıradan çıxara biləcək imkanımız var. “Aprel”, “Tovuz”, “Babakər” hadisələri Ermənistan üçün bir siqnaldır. Ermənistan da anlayır ki, “Qarabağ Ermənistandır” deməklə hər şey bitmir, bunun bir cavabı olacaq. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Ermənistana üzdə dəstək verməyəcəyini desə də, iclasdan dərhal sonra bir gündə iki reyslə Gürcüstan üzərindən Ermənistana silah göndərmək istəyir. Gürcüstan bundan imtina etdiyi üçün Aktau limanına, oradan İrana, oradan Azərbaycanın işğal olunmuş ərazisi üzərindən Ermənistana silah göndərir. Halbuki, Rusiya o əraziləri Azərbaycan ərazisi kimi rəsmən tanıyır. Rusiyanın təyyarəsi Azərbaycanın icazəsi olmadan bizim ərazimizin üzərindən uçursa, deməli, Rusiya bizim suverenliyimizə təhdiddir. Əgər bu hadisələrdən Rusiya siyasi rəhbərliyinin xəbəri yoxdursa, bu məsələ araşdırılsın, cavab verilsin”.
Qeyd olunub ki, Azərbaycanın Tovuz hadisələrindən sonra Türkiyə ilə birgə təlimlər keçməsi Ermənistanı və onun havadarlarını narahat edib.
Fuad Çıraqov bildirib ki, Tovuz hadisələrindən öncə Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun üzvlərini fəaliyyətini sərt tənqid edib:
“Minsk qrupunun üzvlərindən biri olan Rusiyanın ardıcıl olaraq Ermənistanı silahlandırması bu qurumdakı fəaliyyətinə ziddir. Rusiya necə ola bilər ki, münaqişənin həll olunması ilə bağlı qrupun rəhbəri olsun, həm də işğalçı dövləti silahlandırsın. Buna görə də ekspertlər, ictimaiyyət nümayəndələri bu məsələni müzakirə etməli və beynəlxalq aləmə mesaj verməliyik ki, bu status-kvo ilə, bu qrupun fəaliyyəti ilə razı deyilik. Artıq bu bizi təmin etmir. Minsk qrupunun 3 həmsədrindən ikisi Ermənistanın tərəfini tutur. Münaqişənin sülh yolu ilə, Azərbaycanın hərbi güc tətbiq etmədən həlli üçün yeni format tapılmalıdır və həmsədrlərin üzvlərində dəyişiklik edilməli, burada Azərbaycanın maraqlarını müdafiə edən dövlətlər də söz sahibi olmalıdırlar. Minsk qrupu formatı etimadını itirib. Rusiya 2016-cı ildə Ermənistana “İskəndər” raketi verdi. Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və özünü qeyri-səmimi tərəf kimi göstərir”.