Axtarış...

ADAU-da elmi RƏZALƏT! - Prorektorlara saxta dosentlik necə verilib?

ADAU-da elmi RƏZALƏT! - Prorektorlara saxta dosentlik necə verilib?
Azərbaycan Dövlət Aqrar Universitetinin prorektorlarının daşıdığı dosent elmi adlarının və fəlsəfə doktoru elmi dərəcələrinin saxta olması iddiası ortaya çıxıb. Əslində, bu elm ocağının 7 ildir ki, başında duran rektorun, AMEA-nın müxbir üzvünün, "akademik" İbrahim Cəfərovun plagiatlığının bərabərində ikən, bu hal gözlənilən norma və bir kriteriya kimi inandırıcı səslənir.
"Demokratik.Az"-ın əldə etdiyi özəl məlumata görə, ADAU-da təmsil olunan prorektorlar barədə universitetin rəsmi saytında və "wikipediya"-da heç bir zəruri bilgi və şəxsi məlumatların yerləşdirilməməsinin səbəbi də onların elmi saxtakarlıqları ilə bağlıdır.
Universitetin tədris işləri üzrə prorektoru "İqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nizami oğlu Hətəmovdan başlayaq!
Əldə etdiyimiz məlumata görə, ADAU-da tədrisə məsul olan bu şəxs dosent elmi adını almaq üçün demək olar ki, "yeniliyə" imza ata bilib. Belə ki, sayın Hətəmov "ruscadan çırpışdırma" ənənəsini dəf edərək ingiliscə elmi ədəbiyyatlardan istifadə edib.
İngiliscəni yaxşı bilən A.Hətəmov "yoxa çıxarılmış" "Aqrar Siyasət" adlı köçürmə dərs vəsaitinin müəllifidir. Həmin dərs vəsaiti əsasında dosent olmağı bacaran prorektorun reallıqda heç bir orijinal akademik elmi məqaləsinə, onu dosent edən adıkeçən dərs vəsaitinin özünə belə rast gəlinmir. Uzun illərdir ki, elmi potensialını və elmi dərəcəsini artıra bilməməsi, hansısa yeni kitab yazmaması, elmi araşdırmalarını ortaya çıxara bilməməsi isə əslində prorektorun elminin sanbalını və fərasətini özlüyündə ortaya qoyan göstəricilərdəndir.
ADAU-da ikən tələbələr üçün (əslində elmi ad qamarlaması üçün-O.N) "yazdığı" dərs vəsaitininin tələbələrin ixtiyarına verilməməsi, yararsız olaraq gizlədilməsi isə elmi rəzalətin gizlədilməsinə cəhdin pik həddidir.
Prorektor sabiq icra başçısı Məharət Mustafayevin yaxını olub və onun təqdimatı sayəsində vəzifə tutduğu da iddia edilir. A.Hətəmovun oxşar savadlı sələfi isə rektor İbrahim Cəfərovun özüdür.

ADAU-nun Tərbiyə İşləri Üzrə prorektor Qasımova Aidə Zakir qızı isə «28» noyabr 2011-ci ildə dissertasiya işini müdafiə edib. Dissertasiya mövzusu "Sahibkarlığın inkişafının təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi" adı altında həyata keçirilib. Xanım prorektorun da AAK-dan asanlıqla dosent adını alması müəmmalıdır. Belə ki, onu da dosent edən dərs vəsaiti maraq doğurur. 2014-cü ildə Bakıda dərc edilən "Aqromarketinq" adlı kitabdan aydın olur ki, xanım prorektor dosent olmaq üçün digər şəxslərin yazdığı dərs vəsaitinə saxta həmmüəlliflik edib. V.T.Əmrahov, A.Z.Qasımova, A.F.Həsənovun yazıb hazırladıqları həmin dərs vəsaitində prorektorun elmi məhsulunun neçə % yer aldığı bilinmir. Bütün universitetdə isə danışılır ki, A.Qasımova ümumiyyətlə tədrisdən, auditoriyada mühazirələr söyləməkdən həmişə uzaqda olub.
Xanım müavinin vəzifə yüksəlişində də sabiq icra başçısı Elmar Vəliyevin vasitəçiliyi öz izini buraxıb.Universitetin ən müəmmalı və arzuolunmaz kadrlarından biri isə Elmi işlər üzrə prorektor Ramin Kamil oğlu Məmmədovdur. Demək olar ki, birdən-birə ADAU-ya prorektor gətirilən gənc dosentin fəaliyyəti və elmi araşdırmaları barədə də heç bir açıq və səhih məlumatlar yoxdur. Daha doğrusu, bu şəxsin də "elmi dosyesi" sandıq saxlancına dönüşdürülüb. Bu prorektorun da aqronom kimi hansı elmi araşdırmalar apardığı, hansısa kitabları və elmi əsəri özü yazdığına dair inandırıcı bir fakt ortada yoxdur.
Elmi İşlər üzrə prorektorun gözlənilməz vəzifə sıçrayışı isə bilavasitə nazir İnam Kərimovun şəxsi iradəsina qədər uzanır. Uzun illər Çin və Rusiya kimi ölkələrdən Azərbaycana müxtəlif çeşidli mal idxal edib bizneslə məşğul olduğu deyilən adamın KT nazirliyinin digər rəsmilərilə də isti münasibətlərinin olması dillərdə dolaşır. O da danışılır ki, R.Məmmədov xüsusi tapşırıqla prorektor gətirilib, əslində növbəti rektor olması istiqamətində təcrübə keçir. Onun hazırda doktoranturada olub professor olmaq çabaları da bu niyyətə köklənə bilər. İnandırıcıdır da, yoxsa, universitetdə çalışan professor-müəllim heyətindən bu kürsüyə layiq kiminsə axtarılıb tapılmaması, əksinə, uzun müddətə heç bir elmi və tədris fəaliyyəti ilə məşğul olmayan birisini bu vəzifəyə təyin etmək hansı ağıllı məntiqin məhsulu ola bilərdi ki?!
Ramin Məmmədovun son illərdəki çalışmalarından aydın olur ki, universitetin elmi irəliləyişinə hansısa töhfə də verməyib. Yəni bu təsadüfi adam ona həvalə edilən işin aparıcı yükünü dərk etməyib. Zatən etsəydi universitetin elmi inkişafı və pedoqoji güc potensialı əvvəlki illərlə müqayisədə xeyli artmış olardı. Universitetin həm elm şöbəsi, eləcə də aidiyyatı elmi işlər, dissertasiya mövzularının seçilməsi və qoyuluşu da yarıtmaz halda idarəçiliyin əks-sədasıdır. Universitetin doktorantura və dissertanturada tədrisin təşkili və mövzu seçimləri də iflic haldadır.
ADAU-nun 4 prorektorundan biri isə Təsərrüfat işləri üzrə prorektor İlyas Vəliyevdir. Elmar Vəliyevin əmisi oğlu olan İ.Vəliyev də dosent adını hazırki rektorun dönəmində əldə edib. Elmi tədqiqatlarını isə düz 15 il müddətə aparıb. Onun fəaliyyətinin universitetdə elmi-pedoqoji proseslərə təsir imkanlarının olmadığını nəzərə alsaq, elmi nailiyyətlərinin təftişini bir kənara atırıq.

Dərindən araşdırma aparılarsa, əslində adıkeçən universitetin elmi potensialının axsadılmasına, ADAU-nun niyə hələ də aqrar elm mərkəzinə çevrilə bilməməsinə bu təqdimatla da cavab tapa bilərik. Səbəbin saxta elmi adları və elmi dərəcələri olan əsas heyətdə yer aldığını aydın etmək mümkündür və üzücüdür.
100 milyonlarla dövlət vəsaiti hesabına görkəmincə, zəngin maddi-texniki bazasınca MDB-də ən dəbdəbəli aqrar elm məbədinə çevrilən ADAU təəssüf ki, sağlam və həqiqi alim qıtlığı yaşamaqdadır. Buna görədir ki, 7 ildir ki, rektor olan İbrahim Cəfərov dünyaya və yerli ictimaiyyətə təqdimatında və hesabatlarında dövlət qayğısını daha çox qabardaraq, elmi nailiyyətlərdən deyil, öz elmi vəzifə öhdəliklərinə mükəlləf olmayan təmir-tikinti və abadlıq arqumentləri ilə öyünür. Öyünsün, amma əgər plagiat kitablı rektor maddi inkişafı özünün axsatdığı elmi tənəzzül mühitilə paralelləşdirməyi normal hesab edirsə, mütləq öz kürsüsündən RƏDD edilməlidir. Çünki, yarıtmaz elmi idarəçilik gözəlləşməkdə olan universitetin elmi mühitini eybəcərləşdirir.
Xatırladaq ki, ötən il ADAU rektorunun öz adına nəşr etdirdiyi "Fitopotologiya" və "Fitoterapiya" adlı dərsliklərin rus alimlərindən oğurlanmış plagiat nəşrlər olduğunu da ifşa etmişdik. Rektorun plagiat alim olduğuna təkzibedilməz faktlarla diqqət ayırmışdıq.
ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş
Və nəzərə alınsa ki, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurası fəaliyyət göstərir, sədri də İ.Cəfərovdur, deməli daha dərini düşünməyə dəyər. ADAU-nun özünün payladığı fəlsəfə doktoru adları sizcə hansı keyfiyyət yükünə sahibdir?
Ayrıca mövzuda da bu sual ətrafında danışmağa və incələməyə xeyli dissertasiya işləri qabarır, "fəlsəfə doktoru" adı altında ADAU-da qurdalanıb tədrisi zəlil edən alimlər boy göstərir...
Təəssüf ki, ADAU-nun prorektorları da, elə bir sıra universitet təmsilçiləri də öz rektorlarının alim adına yaraşmayan yolunun yolçusuna çevrilənlərdir...
(mövzu diqqətimizdədir)
Osman Nərimanoğlu
Yazıda adıkeçənlərin söz haqqını da tanıyırıq!
Demokratik.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz