Dövlət Təhlükəsizlik Komitəsi (DTX) əməkdaşlarının Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatdan sonra qurumla bağlı bir sıra iddialar səslənməyə başlayıb.
Məlumdur ki, hələ bir müddətdir XİN-in yarıtmaz fəaliyyəti ilə bağlı müxtəlif səviyyələrdə açıqlamalar verilib, bəyanatlar səslənib. Milli Məclisin tribunasından, digər rəsmi şəxslərin dilindən XİN-lə bağlı səslənən fikirlər nazir Elmar Məmmədyarovu “hədəfə” gətirmişdi.
DTX-nın 3 iyulda apardığı əməliyyatda XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə", Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə "rüşvət alma faktlarına" görə saxlanılıb. Onların çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu əməliyyatdan sonra XİN rəhbərinin özünü kənara çəkmək istəyi yersiz görünür. Çünki bu qurumun rəhbəri heç bir qanunsuz əmələ yol verməsə belə, tabeliyində olan işçilərə nəzarət edə bilmirsə, nazirlikdə baş verənlərdən xəbərsizdirsə, bunun özü onun yarıtmaz fəaliyyətinin göstəricisidir. Eyni nümunə bir müddət əvvəl Mədəniyyət Nazirliyində də görünüb. Mədəniyyət naziri Əbülfəs Qarayev rüşvət almaqda ittiham olunmasa da, müavinin korrupsiyaya bulaşmasından sonra vəzifəsini itirib.
XİN rəhbəri ilə bağlı isə başqa problemlər də var. Bir müddət əvvəl Elmar Məmmmədyarov oğullarının Londonda 4 milyon dollar dəyərində malikanə almaları ilə gündəmdə idi. Ölkə diplomatiyasına rəhbərlik edən şəxslə bağlı bu cür informasiyaların yayılması və rəsmi olaraq məsələyə münasibət bildirilməməsi XİN rəhbərinin reputasiyasına ciddi şəkildə zərər vurur, necə ki, vurdu. Qeyd edək ki, məlum məsələyə XİN-in mövqeyi belə olmuşdu:
“Elmar Məmmədyarovun övladlarının Londondan mülk alması nazirin şəxsi məsələsidir”.
Digər tərəf isə ölkə üçün daha önəmli və vacib məsələdir. Çünki söhbət müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğalda olan ölkənin diplomatik imicindən gedir. Deyək ki, Elmar Məmmədyarovun nazirlikdə baş verən maliyyə fırıldağından ümumiyyətlə xəbəri yoxdur, özü də daim şəffaf işləyib. Bəs rəhbərlik etdiyi qurumdan xəbərsiz olan baş diplomat ölkənin mövqeyini beynəlxalq aləmdə necə qoruya bilər? Necə ki, artıq Ermənistan mətbuatı Azərbaycan XİN-də baş verənləri erməni diplomatiyasının rəhbəri Zöhrab Mnatsakanyanın uğuru kimi tirajlamağa başlayıb. Bu, Azərbaycanın XİN-nin ölkə diplomatiyasına, o cümlədən qazanılan uğurlara, 4 günlük aprel döyüşlərində qazanılan qələbəyə kölgə salmasından başqa bir şey deyil. Bütün bunlar ölkənin imicinə zərər vuran proseslərdir. Gözləntilər isə fərqlidir. Əsas gözlənti XİN rəhbəri Elmar Məmmədyarovun vəzifədən göndəriləcəyi ilə bağlıdır. Bununla bağlı iddialar artıq uzun müddətdir ki, gündəmdədir və siyasi elitanın müəyyən kəsimi də nazirin istefasını istəyir. Hər halda mövzu ilə bağlı mətbuatda gedən açıqlamalara, müsahibələrə diqqət yetirəndə, bunu görmək mümkündür. Hələlik XİN-də Elmar Məmmədyarovu kimin əvəz edəcəyi ilə bağlı açıq fikirlər səslənmir. Amma iddialar hər zaman olduğu kimi bu dəfədə var.
Cebhe. info xəbər verir ki, XİN-ə rəhbər gətiriləcək şəxslər siyahısında başqa Hikmət Hacıyevin adı çəkilir.
Qeyd edək ki, Hikmət Hacıyev ictimai rəydə kifayət qədər müsbət reputasiyaya sahib dövlət adamıdır. O, 2018-ci ilin 28 Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri postunu tutur. Ondan əvvəl isə 2 ay həmin şöbədə rəhbərin müavini vəzifəsində çalışıb. Hikmət Hacıyevin XİN təcrübəsi də var. O, 4 il XİN-nin Mətbuat xidmətinin rəhbəri olub. Diplomatik təcrübəsində gəlincə isə Hikmət Hacıyev 2000-ci ildən XİN sistemində çalışır. Müxtəlif illərdə Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-ci ildən isə Hikmət Hacıyev XİN-də Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
XİN-də Elmar Məmmədyarovu əvəzləyəcək şəxslər siyahısında deputatların da adı çəkilir. Belə ki, əsasən Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun nazir təyin ediləcəyi iddia olunur.
Bundan başqa Milli Məclisin üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin XİN rəhbəri postunda Elmar Məmmədyarovu əvəz edəcəyi ilə bağlı da iddialar var. Qeyd edək ki, Tural Gəncəliyevin də diplomatik təcrübəsi kifayət qədərdir. O, 2004-cü ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə ezam edilib.
Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyinat alıb. 2014-cü il 8 aprel tarixində birinci katib vəzifəsinə, 1 oktyabrdan etibarən isə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilib. 2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində “İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinın təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib. 2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb. Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. (Almaniya, Bolqarıstan, Misir və s.).
XİN-də zirvə dəyişikli ilə bağlı gözləntilər hələlik bunlardır. Nəzər alsaq ki, XİN ölkə diplomatiyasına rəhbərlik edir və müharibə şəraitində dövlətin bu qolu həyatı önəm daşıyır, baş verən hadisələri ən qısa zamanda ölkənin xeyrinə dəyişmək lazımdır. Yəqin ki, qısa zaman ərazində XİN-lə bağlı yekun qərar veriləcək.