Axtarış...

SMS-lə çörək almağa çıxan vətəndaş, “Yeni Azərbaycan”ın yeni nömrəsi üçün köşkə qaçacaqmı? - AKTUAL

SMS-lə çörək almağa çıxan vətəndaş, “Yeni Azərbaycan”ın yeni nömrəsi üçün köşkə qaçacaqmı? - AKTUAL


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet nəşrlərinə maliyyə yardımı göstərmək üçün 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqənin nəticələrini açıqladı. Ümumilikdə maliyyə yardımı alanların siyahısında 18 qəzet var. Bütün siyahı belədir: “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci qəzet”, “Yeni Müsavat”, Bakı-xəbər”, “Azernews”, “Novoe Vremya”, “Xalq cəbhəsi”, “Hürriyyət ”, “Ədalət ”,“Azad Azərbaycan”, “Türküstan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi”, “Nedelya”.

Əvvəlki dövrlərlə müqayisədə bu dəfə Fond “Mövqe”, “Kaspiy”, “Üç nöqtə”, “Hərbi and” qəzetlərinə maddi yardım göstərməyəcək. Ancaq bu baş verənləri heç bir normal düşüncəli insan Fondun iş metodlarında dəyişikliyə bənzər bir şey adlandıra bilməz. Bu quruma aprelin 5-dən Əhməd İsmayılovun rəhbərlik etdiyi məlumdur. Onun haqqında o da məlumdur ki, bu gənc əvvəllər Dövlət Dəniz Administrasiyası Aparatının rəhbəri vəzifəsində çalışıb, sonra isə Ədalət Vəliyev Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunverici orqanlarla əlaqə şöbəsinin müdir müavini olub.

Yəni qarşımızda tipik Azərbaycan məmurunun karyerasına nümunə sayılacaq bir adam var. O, heç zaman mediada işləməyib, analitik məqalələr yazmayıb, onları redaktə etməyib və ümumiyyətlə, məlumat əldə etməklə məşğul olmayıb. Yəni Fondun yeni rəhbəri jurnalistikanın nə olduğunu, jurnalist əməyinin nə dərəcədə çətin olduğunu başa düşmək iqtidarında deyil. Ancaq buna baxmayaraq, indi hansı mediaya maddi yardım ayırmaq məsələsini qərara alan şəxsdir.

Eyni uğurla, yəqin ki, mən də Azərbaycan gəmilərindən hansının Xəzərdə üzüb-üzməməsinə qərar verə bilərəm. Biz nədən danışa bilərik ki, təyin edilməsindən 3 ay keçməsinə baxmayaraq, Əhməd İsmayılov aparıcı yerli medianın baş redaktorları ilə geniş tərkibdə bir görüş belə, keçirməyib. Heç Fondun gələcək planlarına həsr olunmuş bir mətbuat konfransı da təşkil etməyib.

Qayıdaq Fond tərəfindən maliyyələşdirilən qəzetlərin siyahısına. Onlardan yalnız 2-i rus dilində nəşr olunur - "Novoe Vremya" və "Nedelya". "Novoye Vremya" qəzeti azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili zamanı yaranan problemlərin, həmçinin gender, ailə və demoqrafik problemlərin işıqlandırılması sahəsində qalib kimi maddi yardım alacaq. "Nedelya" isə Azərbaycanın ədalətli mövqeyini qoruyaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq sahəsində qalib elan olunub.

Gülməli məqam budur ki, məhz eyni məsələyə görə, yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq və Azərbaycanın ədalətli mövqeyini qorumaq üçün, KİVDF Azərbaycan dilində çıxan 18 qəzetin əksəriyyətinə maliyyə yardımı etmək qərarına gəlib. O qəzetlərin əksəriyyətinin rus və ya ingilis versiyası yoxdur.

Azərbaycan dilində olan, adlarını hətta yerli oxucuların belə, düz-əməlli tanımadığı yerli qəzetlərin Qarabağ məsələsində informasiya mübarizəsində ön cəbhədə olmasına səmimi olaraq inananların başında hansı fikirlər olduğunu ehtimal etmək çətindir. Mən təsəvvür edə bilmirəm ki, ABŞ-da, Fransada və ya Rusiyada - ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsində, kimsə Azərbaycan dilində dərc edilən, məsələn, “Səs”də yayımlanan bir məqalə ilə maraqlanır?! Və ya “Paralel” qəzetində çıxan məqalə ilə… Yaxşı ki, ölkəmizdə hələ ki, “Paralelepiped” adlı qəzet çıxmır. Çıxsaydı, ona da Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdığı üçün vəsait ayrılacaqdı.

Bu sahədə ən sadəlövh adam belə, anlayır ki, Qarabağ məsələsi ilə bağlı informasiya məkanında daha effektiv işləmək üçün maliyyə yardımı rus və ingilis dillərində fəaliyyət göstərən KİV-lərə verilməlidir. Bundan əlavə, bir müsabiqə elan edərək, vəsaiti Azərbaycan dilində çıxan mediaya deyil, xarici mediaya ayırmaq daha səmərəli olardı. Rusiya, Ukrayna, Avropa və Amerika aparıcı kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə dair bir balaca məqalə yerli, məsələn, "Unikal" və ya "Xalq cəbhəsi" qəzetindəki bu mövzuya dair onlarla məqalədən yüzqat daha effektlidir. Yəqin, əllərini vicdanlarının üzərinə qoyaraq, adıçəkilən KİV rəhbərləri də bunu etiraf edərlər. Etməsələr belə, yaxşı başa düşürlər.

Bundan əlavə, çap jurnalistikasının bərbad vəziyyətini bir daha xatırlatmaq məcburiyyətində qalıram. 2012-ci ilin oktyabr ayının ortalarında, dünyanın ən məşhur və hörmətli çap nəşrlərindən biri, Amerikanın həftəlik “Newsweek” jurnalı, 2013-cü ilin əvvəlindən kağız versiyasından tamamilə imtina edəcəyini və rəqəmsal formata keçəcəyini elan etdi. İqtisadi reallıqlar jurnal rəhbərliyinə başqa seçim imkanları qoymamışdı. 2012-ci ildə “Newsweek”in 50 milyon dollar borcu yaranmışdı, illik zərər təqribən 40 milyon dollar təşkil edirdi ki, bu baxımdan dərginin tirajı iki dəfə azalmışdı.

Və 2018-ci ildə “Vogue”, “Vanity Fair”, “New Yorker” və bir çox jurnallara sahib olan “Conde Nast” çap evi, Amerikanın məşhur “Glamour” jurnalının çap versiyasının dayandırıldığını elan etdi. Jurnalın yanvar sayı sonuncu çap versiyası oldu. 2019-cu ildən etibarən “Glamour” yalnız onlayn olaraq satışa çıxarıldı. Və bu, 1939-cu ildə yaradılmış, ənənələri olan bir jurnaldır!

Bu sahədə dünya üzrə ən son xəbər də ABŞ-dan gəldi. Dünyaca məşhur “Playboy” jurnalı "koronavirusun yeni qurbanı" oldu. Mart ayında, 66 ildir nəşr olunan jurnalın Amerika versiyasının nəşri dayandı. Şirkət rəhbəri Ben Konun sözlərinə görə, onlar jurnalın rəqəmsal versiyasına keçməyi çoxdan düşünürdülər və pandemiya burada bir növ katalizator rolunu oynadı.

Bənzər tendensiya Rusiyada da müşahidə olunur. Epidemiya zamanı bəzi nəşrlər, o cümlədən "Vedomosti" çap versiyasından imtina etdi. Rusiyada karantin tətbiq edildikdən bir neçə həftə sonra, əfsanəvi “Russkiy reporter” jurnalı bağlandı. Yəni dünyanın aparıcı çap mediası pandemiya dövründə nəşrlərini dayandıraraq, onlayn media formatına keçir. Amma Azərbaycanda “Səs” və “Bakı-xəbər” sırasından olan bir sıra qəzetlər süni şəkildə qorunur. Həmçinin, KİVDF-in maliyyə yardımı hesabına…

Biz təkcə saytların, blogerlərin və youtuberlərin populyarlığının artdığı 2020-ci ildə yaşamırıq. Bu il dünyanın koronavirusla gərgin mübarizə ilidir. Ölkəmizdə ona qarşı mübarizə xüsusilə sərt aparılır. Mağazaya və aptekə insanların qısa müddətə, yalnız SMS vasitəsi ilə getməsinə icazə verilir. Belə bir vəziyyətdə, daha çətin reallıqlarda bir parça çörək qazanmaq üçün küçəyə çıxan bir vətəndaş, obrazlı desək, qəzet köşkünə “Yeni Azərbaycan”ın yeni nömrəsi üçün qaçacaqmı? Ritorik sualdır.

Təəssüf ki, bu sahədə real olaraq hələ də heç nə dəyişməyib. Və bu dəyişməzlik özünü, mənə elə gəlir ki, dəfələrlə göstərəcək. Paylanmasında Fondun da iştirak etdiyi jurnalistlərin üçüncü binasındakı mənzillərin sahiblərinin adları bilinəndə də həmçinin. Məsləhətçiləri isə, ehtimal edirəm ki, yenə də Əli Həsənovun hələ işdən azad edilməmiş kadrları olacaq.
Müəllif: Əkbər Həsənov //AYNA.AZ//
Text-to-Speech

DİNLƏ






Şərh yaz