Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) bir ay gecikmə ilə, amma ənənəvi qaydada qəzetlərə maliyyə ayırdı. Fonddan dəstək alacaq nəşrlərin siyahısı dərc olunmamış, adı daim yardım siyahısının başında gələn "Kaspi" və Kaspiy" qəzetlərinin ölkə Prezidentinə şikayət dolu müraciəti yayıldı. Məlum oldu ki, əvvəllər dövlətdən ildə 480 min manat yardım alan bu qəzetlərə bu dəfə pul ayrılmayıb. KİVDF rəhbərliyi də bu barədə bir kəlimə ilə olsun, izahat verməyib. Yəqin ki, ehtiyac duymayıb!
"Kaspi" qəzeti və onun rusca əlavəsi Prezidentin keçmiş köməkçisi, uzun illər hakimiyyətin media siyasətinin icrasını həyata keçirən Əli Həsənovun ailə üzvlərinə məxsusdur. Təsisçisi və baş redaktoru Əli Həsənovun xanımı Sona Vəliyevadır. Elə dünən Sona xanım, ardınca da Əli Həsənov kollektivin narazılığını dəstəkləyərək KİVDF-nin qərarına sərt təpki göstəriblər. "KİVDF-nin “Kaspi” qəzetini dövlət maliyyəsi alan qəzetlərin siyahısından çıxarması bütövlükdə bizim kollektivə qarşı ədalətsiz qərardır. Dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan “Kaspi” qəzetləri ixtisar olunub. Bu gün “Kaspi” qəzeti öz nüfuzu ilə seçilən qəzetlərdən biridir. Rus və Azərbaycan dillərində gündəlik çıxan “Kaspi” qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir...", - S.Vəliyeva “Feysbuk” səhifəsindən paylaşdığı açıqlamasında qeyd edib.
Keçmiş köməkçinin həyat yoldaşının dediklərinin şərhinə və bəyanatının davamına qayıdacağıq, çünki təsisçi olduqca mühüm mətləblərə toxunub. Hələlik Əli Həsənovun özünün dünənki açıqlamasının bəzi məqamlarına nəzər yetirək.
"Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?”, - keçmiş köməkçi sərt şəkildə sual edir və "Kaspi" qəzetlərinə maliyyə yardımı ayrılmamasının “məntiqini anlamadığını” əlavə edir.
Əli Həsənov məsələni araşdırdıqlarını bildirir: "Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət ediblər".
Əli Həsənov düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar (!) qəbul edə bilər.
Ümumiyyətlə "Kaspi" qəzeti ilə bağlı KİVDF-nin qərarına gəldikdə, əvvəla Fond, ildə yarım milyon manata qədər pul ödədiyi qəzeti maliyyələşdirməkdən hansı səbəbə görə imtina etdiyini açıqlamayıb. Bu, ən azı qəzetin kollektivinə, ümumiyyətlə media ictimaiyyətinə qarşı hörmətsizlikdir. Nə baş verib ki, 2006-ci ildən davamlı olaraq ən yüksək səviyyədə dövlət dəstəyi alan media orqanı birdən-birə siyahıdan kənarlaşdırılır? Bu qərarın qəzetin təsisçiləri ilə bağlı baş verənlərlə əlaqəsi varmı? Yaxud, KİVDF rəhbərliyindən bu qəzetə yardımın dayandırılması tələb olunubmu? Fond rəhbərliyi bu sualara cavab verməyə borcludur.
Bununla belə "Kaspi" qəzetinin fəaliyyətini və lazımlılığını çox da şişirtməyə dəyməz. O, müəyyən layihələri ilə digər nəşrlərdən yaxşı mənada fərqlənsə də, ümumilikdə oxucu kütləsinin axtarıb pul verdiyi nəşr deyil. Çap mediası tamamilə KİVDF-nin nəzarətinə keçdikdən sonra bu qəzet də başqaları kimi olan-qalan oxucularını itirib. Satış demək olar yox səviyyəsindədir, amma təsisçilərin inzibati gücü, əlaqələri hesabına üç min tirajla abunə yolu ilə yayılıb. Bu işdə təsisçilərə məxsus "Azərmətbuatyayım" firması da müstəsna rol oynayıb.
Sona Vəliyevanın bəyanatından görünür ki, dövlət dəstəyinin kəsilməsi ilə 100 nəfər kollektivi olan (Kollektivin Prezidentə müraciətində bu rəqəm ümumilikdə 50 göstərilmişdi, Sona xanım 100 nəfərdən söhbət açır -müəll.) qəzet bağlanacaq, jurnalistlər işsiz qalacaq. Təsisçi ümid edir ki, Prezident və Birinci-vitse-prezident buna imkan verməyəcəklər, tarixi ənənələri olan, "üç əsrin" qəzeti yaşayacaq. Bunu ancaq ölkə rəhbərliyi edə bilər. Amma sual olunur: Hörmətli Əli Həsənov, Sona Vəliyeva dövlət dəstəyi olmadan bunu edə bilməzlərmi? Maddi imkanları çatmazmı, bu tarixi ənənələri olan qəzeti yaşatmağa? Sona Vəliyevanın bəyanatında bu barədə bir neçə cümlə var: "Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki, zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın". Sona xanım göstərir ki, qəzetin yaşaması üçün fədakarlıq etməyə hazırdırlar, amma bu iztirablı yolun ağırlığı maaşsız, qonorarsız çalışacaq kasıb jurnalistlərin çiyinlərinə düşəcək. Burası aydındır, bəs "Kaspi" təsisçilərinin məhrumiyyəti nədən ibarət olacaq? Sona Vəliyevə bunu aydınca ifadə edib: təsisçilikdən imtina edə bilər!...
Bəyanatdan göründüyü kimi, təsisçi ölkə rəhbərliyindən pul, qəzetin kollektivindən isə könülü məhrumiyyət, fədakarlıq umur. Bəs bütün qazancı, sərvəti, nəhəng biznesi dövlətin media siyasətindən çıxmış Əli Həsənovun özü niyə tarixi "Kaspi" qəzeti, onsuz da qəpik-quruşa işlətdikləri jurnalistlər üçün çiynini yükün altına vermək istəmir? Bu ailənin biznes imperiyası, nəhəng gəlirləri, əllərində olan milyonluq mülklər hamıya məlumdur. Məsələn, elə "Kaspi" qəzetinin redaksiyasının yerləşdiyi nəhəng binanın onlarla media orqanı, şirkət, o cümlədən KİVDF-nin timsalında dövlətə yaxşı qiymətə icarəyə verilməsindən əldə olunan babat gəlirin cüzi hissəsini qəzetin nəşrinə xərcləmək olmazmı? Yaxud, milyonlarla dövriyyəsi olan "Xətai" estetik klinikasının, ölkədə özəl təhsil bazarında ən böyük payçılardan olan "Kaspi" Təhsil Şirkətinin nəhəng dövriyyəsindən 10-15 min manat qıymaq mümkün deyilmi? Yoxsa vaxtilə reklam bazarından axıdılıan irimiqyaslı vəsaitlərin ünvanı olan "Xəzər" telekanalının bu cüzi vəsaiti ödəmək imkanı yoxdur? Başqa bilinən və bilinməyən gəlirlərə sahib olan, məmur oliqarxiyasının sıralarında önəmli yer tutan milyonçu ailə niyə öz qəzetini saxlamaq istəmir? Bu işi elə cənab Həsənovun hamıdan çox və tez-tez vurğuladığı "Prezidentə, dövlətçiliyə sədaqətli xidmətin" real bir nümunəsinə çevirmək olmazmı? YOXSA BU “SƏDAQƏT” CƏMİ 20 MİN MANATIN AĞIRLIĞINA DÖZMƏYƏRƏK, ÇAT VERDİ?!
Təsisçilərin əsas iradı, qəzəbi KİVDF rəhbərliyinə qarşı yönəlib. Bu təşkilatın idea müəllifi, onu yaradan, formalaşdıran şəxs Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Fonda Vüqar Səfərlinin sədr təyin olunması da onun təklifi ilə baş tutub. Qurumun faktiki idarəçiliyi - vəsaitlərin, yardımların, mükafatların, mənzillərin bölünməsi, xarici səfərlərin təşkili, orada kimlərin iştirak edəcəyinə qədər hər şey hörmətli Əli müəllimin nəzarətində olub. İndi onun xanımı Sona Vəliyevanın dönüb keçmiş işçisinə qəzəblənməsi başadüşülən deyil. Onlar bilmirlər ki, bu qərar niyə, hansı səbəbdən verilib, onu dəyişmək müşkül məsələdir? Əlbəttə bilirlər, amma Fondun son qərarında o qədər ziddiyətlər, günün tələbi ilə uyuşmayan məsələlər var ki, görünür, onlardan yapışmaqla etirazı pərdələmək daha asan gəlib. Sona Vəliyeva bəyanatında Fondun 14 il davam edən effektsiz xərcləmələrini bu şəkildə qınayıb: "Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı bir dövrdə “Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır. Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar, KİVDF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli və sonra bu fikirləri müvafiq olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki, Prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin fəaliyyətini davam etdirməsini dəstəkləsinlər". Bu fikirlərlə Sona xanım “Kaspi”nin maliyyələşdirilməsinin dayandırılması qərarının Prezidentə məxsus olduğunu iddia edir. Amma ardınca da bu qərara etiraz edir. Təsisçi KİVDF-dən əvvəl ad çəkmədən "bu addımı atan məmurlar" ifadəsi işlədir. Bu məmurlar kimlər ola bilər, onlar harada əyləşirlər? Əlbəttə, başqa ünvan axtarmaq mənasızdır, söhbət Əli Həsənovun ötən ilin dekabrında tərk etdiyi Prezident Administrasiyasında medianı kurasiya edən şəxslərdən gedir. Hələlik strukturlar tam formalaşmadığından onların adları, fəaliyyətləri cəmiyyətə məlum olmasa da, görünür, Sona xanım onları yaxşı tanıyır. Ona görə qəzəbinin bir hissəsini bu istiqamətə yönəldib ittihamlar yağıdırır.
İkinci qınaq ünvanı KİVDF rəhbərliyidir, konkret ifadə olunur ki, Fond "Kaspi"-ni bağlanmağa məcbur edir, amma heç bir tarixi və ənənəsi olmayan qəzetləri yaşadır. Bununla qurumun fəaliyyətinə əslində yaxşı qiymət verilir. Amma bir mühüm nüans əlavə olunmur: heç bir tarixi və ənəsi olmayan qəzetləri yağ-bal içində üzdürən KİVDF, Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıd olan, müstəqil jurnalistikanın məktəblərini də siyahıdan kənarda qoyub. Onlar Əli Həsənovun həyata keçirdiyi media siyasəti nəticəsində artıq çoxdan media məkanında yoxdurlar. Sona xanımın KİVDF ilə bağlı dediyini böyük etiraflar adlandırmaq olar. Çünki 14 ildə Fondun işi cəmiyyətin maraqlarına xidmət edən peşəkar, vicdanlı, müstəqil medianı sıxışdırıb onların yerinə gərəksiz, makulaturadan başqa heç nəyə yaramayan nəşrələri maliyyələşdirmək, elementar jurnalistika bacarığı olmayan redaktorları varlandırmaqdan ibarət olub. Dövlətin milyonlarla vəsaiti israf olunub, ondan nə hakimiyyət, nə cəmiyyət heç bir fayda görməyib.
Bununla belə, KİVDF-nin son maliyyə bölgüsü göstərdi ki, bu "ənənələr" hələ də yaşayır. Bilavasitə dövlətin media siyasətindən başlayan islahatlar bu qurumdan yan keçib. Pul bölgüsündə, Sona Vəliyevanın ifadə etdiyi kimi, heç bir əhəmiyyəti olmayan nəşrlər başda əyləşdiriliblər. Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) orqanı, əsas fəaliyyəti dövlət agentliklərinin rəsmi məlumatlarını kopyalayıb səhifələrinə yerləşdirməkdən ibarət olan "Yeni Azərbaycan" qəzetini götürək: Bu qəzetə ayda 20 min manat pul veriləcək, bu, ildə 240 min manat edir. Bu vəsaiti niyə YAP yox, dövlət ödəməlidir? Hakim partiya ötən il elan edib ki, 9 milyon manat vəsait toplayıb. Bu nəhəng rəqəmdən qəzetə 240 min manat vermək çoxmu müşkül məsələdir? Yaxud, 750 minlik YAP ordusunun 2-3 faizi öz qəzetlərini niyə almaq istəməsin ki? Bu iş təşkil olunsa, rəhbərlik də səxavətli olsa, "Yeni Azərbaycan"-nın kollektivi yaxşı maaş, qonorar alar. Eyni qaydanı hakim partiyanı müdafiə edən "Səs" qəzetinə də aid etmək olar. Ölkənin birinci partiyasının cəmi iki qəzeti yaşatmağa imkanı yoxdursa, bu qəzetlərdən imtina olunmalıdır. Onsuz da oxucu onlardan çoxdan imtina edib.
İctimaiyyət Vüqar Səfərliyə məxsus olan, adı yardım siyahılarının başında duran "Mövqe" qəzeti ilə bağlı səxavətin səbəbini də sorğulayır. Nəyə görə, hansı meyarla, hansı xidmətlərinə görə, bu redaksiya dövlətdən ən böyük pay alır? Bircə cavab var - Fond rəhbərliyinin qəzetidir, ona görə. Və bu cümlənin bütün ifadəsi KİVDF-də korrupsiyanın səviyyəsini göstərir.
Ötən ilin sonunda həyata keçirilən struktur və kadr dəyişiklikləri media siyasətində də yeniliklərin olacağına dair ümidlər yaratmışdı. Gözləntilər vardı ki, KİVDF-nin qıcıq doğuran, ədalətsiz, qeyri-şəffaf bölgülərinə, müsabiqələrinə son qoyulacaq, həqiqi inkişafı stimulladıracaq addımlar atılacaq. Amma təəssüf ki, fevralın 2-də məlum oldu ki, hələlik media ictimaiyyəti KİVDF rəhbərliyi ilə Əli Həsənov arasındakı pul çəkişməsini izləməli olacaq.
“AzPolitika.info”