Axtarış...

Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA




Qabil Hüseynli: ““S-400” NATO-nun içərisinə atılmış bir agentura sistemdir”

İlqar Vəlizadə: “Türkiyənin “S-400”-ləri Amerikaya satması mümkün deyil”

“Defense News” qəzetinin yaydığ məlumata görə, Amerika Senatında Türkiyədəki “S-400” zenit-raket sistemləri ilə bağlı hadisələrin inkişafının iki variantına baxılır. Birinci variant həmin kompleksin Ankaradan satın alınmasını, ikincisi isə bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qeyd olunur ki, 2021-ci il üçün milli müdafiənin büdcə maliyyələşdirilməsi barədə qanun layihəsinə senatorlardan biri (Respublikaçılar Partiyasından) əlavə təklif edib və ABŞ Quru Qoşunlarının büdcəsində “S-400” sisteminin satın alınması üçün pul nəzərdə tutulmasını istəyib. Guya bu, Vaşinqtona Ankara ilə F-35 qırıcılarının istehsalı məsələsində qarşılaşdığı dalandan çıxmağa imkan verəcək. Ancaq Respublikaçılar Partiyasından başqa bir senator Donald Tramp administrsiyasına Türkiyəyə qarşı sanksiya tətbiqini təklif edir. Lakin analitklər həmin düzəlişlərdən hansısa birinin yekun qərar qüvvəsinə minəcəyinə şübhə edirlər.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə-Rusiya arasında bağlanılan müqaviləyə əsasən, Türkiyə 2,5 milyard dollar dəyərində Rusiyadan 4 ədəd “S-400” zenit-raket kompleksi alıb. Ötən müddət ərzində ABŞ “S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə mane olmağa çalışsa da, sanksiyalarla və “F-35” qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid etsə də, o, məqsədinə nail olub və “S-400”-lər ötən il Ankaraya çatdırılıb.

“Bu, adi ticarət malı deyil, hərbi sənaye kompleksinə aid və strateji xarakterli məhsuldur”
Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA

Türkiyənin “S-400” zenit-raket sistemlərini Amerikaya satmasını zəif ehtimal hesab edən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, Türkiyə bunu Amerikaya satsa, etibarlı bir ticarət partnyoru kimi nüfuzdan düşə, Rusiya ilə münasibətləri xeyli korlana bilər: “Xüsusən bu, adi ticarət malı deyil, hərbi sənaye kompleksinə aid və strateji xarakterli məhsuldur. Bu nöqteyi-nəzərdən onun satılması məsələsi çox çətin olacaq. Digər tərəfdən isə həmin silahların satılmaması təqdirdə bu silahlar NATO ilə Türkiyə arasında ciddi qarşıdurmanın yaranmasına gətirib çıxara bilər. Çünki həmin silahlar NATO-nun hava hücumundan müdafiə sistemlərinə uyğunlaşmır”.

“Heç Rusiya da onu işə salmaq istəmir”

Q.Hüseynli hesab edir ki, “S-400”-lər heç Türkiyənin özünə də lazım deyil: “Amerika da onun sadəcə olaraq texniki parametrlərini öyrənmək və ona qarşı anti-“S-400” silahlarının, daha təkmilləşmiş silah variantlarının hazırlanmasında istifadə edəcək. Vaşqintonun bundan başqa ona ehtiyacı yoxdur. Qaldı “F-35” məsələsinə, “F-35” məsələsinin yolunu da “S-400” bağladı. Amerika-Türkiyə münasibətlərinə gölgə düşməsini, soyuqlaşmasını hamısını edən bu “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması oldu. İndi hələ ki, heç işə salınmır. Heç Rusiya da onu işə salmaq istəmir”.

“Türkiyə həm Suriyada, həm də Liviyada Rusiya hava hücumundan müdafiə sistemlərinə divan tutdu”

Hüseynlinin sözlərinə görə, NATO-nun bu silahdan ehtiyatlanmasının ciddi səbəbləri var: “Çünki Türkiyə həmin silahların üzərində apardığı tədiqiqatlar sayəsində Suriyada, Liviyada, Rusiyanın “S-400”-lərdən əvvəlki hava hücumundan mükəmməl müdafiə sistemləri olan “Pantsir”lərin hamısını vura bildi. Vurmasının səbəbi odur ki, onların lokatrlarla işləmə texnologiyasını öyrəndi və həmin radarlar sistemini pilotsuz təyyarələrin yan keçməsi üçün uyğun bir texnologiya hazırladı. Beləliklə, həm Suriyada, həm də Liviyada Rusiya hava hücumundan müdafiə sistemlərinə divan tutdu”.

Q.Hüseynlinin fikrincə, Türkiyə “S-400”-ləri Amerikaya satarsa, bu, Rusiya ilə Türkiyənin münasibətlərinin çox kəskin pozulmasına gətirib çıxara bilər: “Yəni Türkiyə ilə ticarət əlaqələrinin ya minimuma endirilməsinə, ya da dayandırılmasına gətirib çıxara bilər. Vaxtilə Rusiya təyyarəsinin vurulmasından sonra yaranan münasibətlər yenidən təkrarlana bilər”.

“Türkiyə “S-400”-ləri verməsə, “B” variantı işə düşəcək”

Hüseynli qeyd etdi ki, respublikaçılardan bir senatorun “S-400”-ləri Türkiyədən satın almağı, digər senatorun isə Türkiyəyə qarşı sanksiya tətbiqini təklif etməsi fikirayrılığı deyil, “A”, “B” variantıdır: ““A” variantında bu sistemi almaq istəyəcəklər, Türkiyə “S-400”-ləri verməsə, “B” variantı işə düşəcək”.

““S-400”-lər Türkiyədə olacaqsa, Türkiyənin NATO-da qalması məsələsi çətin olacaq”

Q.Hüseynli onu da vurğulayıb ki, bu sistemlərdə hər cür oyunlar ola bilər: “Rusiya bu sistemlərə müxtəlif anti-sistemlər yerləşdirə bilər. Ondan sonra, bu sistemlər işləyən zaman Rusiyaya müəyyən agentura məlumatlarını ötürə bilər, texnikadır da. Rusiya mütləq öz istehsal etdiyi silahın içərisinə ən hansı bir “jçok”, yaxud nəsə qoyaraq, onun işləməsi zamanı məlumatları özü də izləyə bilir. Bu nöqteyi-nəzerdən, bu, NATO-nun içərsinə atılmış bir agentura sistemdir. İndi bəziləri bunu anlayıb başa düşmək istəmirlərsə, yaxud inad göstərmək istəyirləsə, bu aydın məsələdir ki, “S-400”-lər Türkiyədə olacaqsa, Türkiyənin NATO-da qalması məsələsi çətin olacaq. Hər halda, yavaş-yavaş proses ona doğru gedir, əvvəl “F-35”, sonra sanksiyalar, daha sonra erməni soyqırımının tanınmasına kimi gedəcək. Proses ona qədər gedə bilər, amma Amerika da bilir ki, ona qədər də işin başına başqa bəylər gələ bilər və onlar çox böyk həvəslə, başa düşənliklə bunu yerinə yetirə bilər. İnsanlar əbədi deyil ki, prezident, parlament seçkiləri olacaq. Ola bilsin növbədənkənar parlament, prezident seçkiləri oldu. Türkiyənin siyasi həyatı həssasdır, dəyişkəndir. Yəni siyasi qüvvələr nisbətində dəyişiklikər ola bilər”.

“Amerika indi özü elə bir vəziyyətdədir ki, bu sanksiyalar heç də onun xeyrinə olmayacaq”

Politoloq İlqar Vəlizadə isə qeyd edib ki, Türkiyənin “S-400”-ləri Amerikaya satması qəti mümkün deyil: “Çünki müqavilənin şərtləri var. Müqavilənin şərtlərinə uyğun olaraq bu kompleks üçüncü tərəfə satıla, yaxud təhvil verilə bilməz. Çətin ki, bunu Türkiyə etsin. Bu, mümkün olan bir şey deyil. O ki. qaldı sanksiyalara, sanksiyalar əslində, mümkündür. Amma Amerika indi özü elə bir vəziyyətdədir ki, bu sanksiyalar heç də onun xeyrinə olmayacaq. Yəni Amerikanın Yaxın Şərqdəki nüfuzu onsuz da çox aşağıdır. Onların regionda mövcudluğu azalıb. Çünki qoşunlar geriyə çəkilir. Bu yandan İranla münasibətlər daha da gərginləşir. Baxmayaraq ki, qoşunları azalır, amma Suriyada yenə də mövcudluğunu saxlamaq niyyətindədir. Bu arada, Aralıq dənizində də də mürəkkəb proseslər gedir və Türkiyə bütün hallarda burada NATO-nun ən fəal oyunçularındadır. Bu oyunçuya qarşı belə sərt sanksiyalar Amerikanın buradakı nüfuzuna mənfi təsir göstərəcək. Çünki Türkiyə əks addımları ata bilər və bu əks addımların içində İncirlik hava bazası ilə bağlı addım da ola bilər. Bu da heç Amerikanın xeyrinə olmayacaq”.

“Əgər bu sistemlərlə bağlı təhlükə olsaydı, elə Yunanıstana qarşı hansısa bir addım atılardı”

Rusiyanın Türkyəyə “S-400”-ləri satmaqla məlumatları izləməsi fikirləri ilə razılaşmayan İ.Vəlizadə deyib ki, illər öncə Yunanıstan Rusiyadan “S-300” zenit-raket komleksləri alıb: “Düzdür, o, “S-300”-dür. Mahiyyət etibarilə “S-400” “S-300”-ün modernləşdirilmiş versiyasıdır. Əgər bu sistemlərlə bağlı təhlükə olsaydı, elə Yunanıstana qarşı hansısa bir addım atılardı. Yunanıstana qarşı heç bir addım yox idi. Mən düşünürəm ki, bu, Rusiya-Türkiyə hərbi-texniki münasibətlərinin qarşısını almaqdan ötəri ortalığa atılan söhbətlərdir”.

Hurriyyet.org


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz