Hələ neçə gün əvvəlindən bildirirdik ki, Dövlət Gömrük Komitəsində həbslər gözlənilir. Bu gün Baş Prokurorluq məlumat yaydı və artıq ilkin addımlar atılmaqdadır. Rəsmi məlumatlardan aydın olur ki, Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət alarkən həbs olunub.
Bunu qeyd edən məlumatlı mənbə DİA.AZ-a bildirir ki, DGK strukturlarında həbslər daha da intensiv xarakter alacaq.
Mənbə bildirir: "Çünki başında Səfər Mehdiyevin dayandığı qurumda cərəyan edən neqativlər artıq "yuxarıları" da yetərincə yorub. Vəziyyət nəinki kritikdir, hətta dramatikdir. Səfər Mehdiyev ona tapşırılan işin öhdəsindən gələ bilməməklə yanaşı, köhnə eybəcər sistemi inkişaf etdirmə yolunu tutdu ki, bu da "yuxarılar" tərəfindən heç cürə bağışlana bilməzdi".
Mənbə iddia edir ki, Ceyhun Babayevin ardından həbs zənciri üzü yuxarı kurs götürəcək: "Diqqət yetirirsinizsə, Ceyhun Babayev heç də iri fiqur deyil. Hələ də gömrükdə fırlanan böyük qara pullarla bağlı hüquqi ölçü götürülmür. Ona görə də bu hadisəni "razminka" adlandıra bilərik və yaxın günlərdə daha böyük hadisələri gözləməliyik".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...