Axtarış...

Gəncə təhsilində nə baş verir? - İTTİHAM

Gəncə təhsilində nə baş verir? - İTTİHAM

Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin direktoru Əsgərova Elenora Cəbrayıl qızı məktəb idarəçiliyində şok özbaşınalıqlara - maliyyə və kadr maxinasiyalarına imza atıb.

"Demokratik.Az"-ın əldə etdiyi özəl məlumatlara görə, xanım direktor vəzifəsindən sui-istifadə hallarına, eləcə də şəxsi maraqlarına üstünlük verərək heç bir pedoqoji təhsilə sahib olmayan Gəncə sakini, vətəndaş Səadət Məmmədovanı özünə kitabxana müdiri təyin edib. Bundan başqa, Azərbaycan Texnologiya Universitetinin (ATU) məzunu olmuş (ixtisasca texnoloq) işçisinin 2018-2020-ci illər ərzində Gəncə Dövlət Universitetində ikinci ali təhsil (İT metodikası) almasına şərait yaradaraq onun məcburi iş saatlarında məktəbdə olmamasına göz yumub.
Fakt əsasında saytımızın rəhbəri, jurnalist Osman Nərimanoğlu özü araşdırma aparıb.
Məktəb direktoru jurnalistin suallarına açıqlamasında israrla iddia edib ki, adıçəkilənin kitabxana müdiri kimi işə alınmasında heç bir qanunu pozmayıb. Bundan əlavə, işçisinin ötən ildən bəri GDU-da ikinci ali təhsilə cəlb olunmasının işinə maneələrini müşahidə etməyib. Direktor kitabxana müdirəsinin fəaliyyətindən razılığını ifadə edərək, onun hər gün işinə gəldiyini, nizam-intizamlı olduğunu və S.Məmmədovanın ikinci təhsilində hansısa nöqsan varsa da, bunu məktəbdə deyil, GDU-da araşdırmalı olduğumuzu bildirib.
Faktla əlaqədar GDU-nun Pedoqoji Fakültəsinin dekanı Bayram Apoyevlə də əlaqə yarada bildik. Tələbənin işləyə-işləyə dərsə davamiyyətinin nə yerdə və iki ildə necə mümkün olduğuna aydınlıq gətirməyə çalışdıq.
Dekan telefon əlaqəsi zamanı suallarımıza cavabında bildirib ki, hazırda ibtidai təhsil metodikası ixtisası üzrə buraxılış kursun (IV kurs) tələbəsi Səadət Məmmədova həmişə dərslərə qatılıb.
Xanım tələbənin məktəblərin birində işlədiyini əvvəlcədən bildiyini etiraf edən dekan: "..Düz deyirsiniz, burda mütləq ki, bir anlaşılmazlıq var. Lakin nöqsan bizdə deyil, orta məktəbdədir. Böyük ehtimalla, bizim tələbənin bir məktəbdə tam ştat üzrə, özü də kitabxana müdiri kimi işə götürülməsi məktəb direktorunun qanun və maliyyə pozuntusudur!"- deyə açıqlama verib və o da öz növbəsində məsuliyyəti üstündən atmağa çalışıb.
Bu faktın aidiyyatı qurum yetkililəri tərəfindən ciddi araşdırılmasına və hüquqi qiymətin verilməsinə ehtiyacı yaxşı anlayırıq. Elə bu anda da cari ilin fevralında Gəncənin 12, 14 və 20 saylı məktəblərində yoxlama keçirib analoji faktlar aşkar edən Təhsil Nazirliyinə suallar etmədən də keçə bilmirik. Əvvəla, yoxlayın görək özünü nöqsansız bilən direktor hansı təlimatla, niyə və necə qeyri-pedoqoji kadrı məktəbində kitabxana müdiri postuna təyin edib?
Və pedoqoji təhsilə sahib olmağa səy göstərən Səadət Məmmədova məktəbdə hər gün saat 15:00-a qədər çalışıbsa, GDU-da 14:00-dan başlayan əyani dərslərə necə qatılıb? O, işçi kimi, yoxsa bir tələbə kimi "praqul" edib ? bu aydınlaşdırılsın! İndi isə, Gəncə ş, 31 saylı orta məktəb direktorunun daha maraqlı və eksklüziv özbaşınalığına işıq salmağa çalışaq.
Məktəb direktoru 2018-ci ilin dekabrında tarix müəllimi işləyən Məmmədova Sevinc İmran qızının Almaniyaya rahat hicrət etməsi üçün Almaniyanın Azərbaycandakı səfirliyinə təqdim etmək üçün ona "ARAYIŞ" yazıb. Ardından da, viza əldə etmiş müəllimi bir aylıq özhesabı məzuniyyətə buraxıb. Hər şey elə bundan sonra başlayıb.
Bu barədə əldə etdiyimiz net bilgiyə görə, direktorun Almaniyaya "yola saldığı" müəllimin ardından cinayətə bərabər iş çevirib, öz korrupsiya maraqlarına yenik düşərək təhsil adına rəzalət olacaq ağlasığmaz hərəkətlər edib.
Belə ki, direktor adıçəkilən mühacirin özü xaricdə ola-ola onun əvəzindən yazıb hazırladığı növbəti "ərizə"sini dərkənar etməklə, Almaniyada yaşayan sabiq müəlliməyə düz 1 illik məzuniyyət haqqı tanıyıb. Onun dərs saatlarını isə kiminsə adına yazmaqla ayrılan əməkhaqqısını mənimsəyib.
Maraqlı burasındadır ki, xanım direktor Nərimanoğlu ilə görüşündə bu özbaşınalığına da don geyindirməyə, özünü haqlı çıxarmağa çalışıb. Natamam və saxta sənədləşmələrə diqqət ayıraraq, Almaniyaya köçmüş müəlliminə illik məzuniyyətin verilməsini özü üçün qanuni sayıb.
Sənədlərə görə, nə istəyibsə onu da edən direktor mühacir müəllimi yalnız 2019-cu ilin sentyabrın 15-də işindən azad edib. Lakin, işdən azadetmə tarixinin saxtalaşdırılması ehtimalı da var ki, bu hal da dərindən araşdırılmalıdır. Tanınmış hüquqşünas Əsabəli Mustafayev Demokratik.Az-a bildirib ki, "Ölkənin məktəblərində belə əcaib hallara tez-tez rast gəlinir".
Hüquqşünasın hüquqi əsaslandırmasına görə, direktor heç bir halda Əmək Məcəlləsinin 130-cu maddəsinin tələblərindən kənar hallarla, müəllimlərdən kiməsə özbaşına istəklərə uyğun olaraq birbaşa 1 illik məzuniyyət təyin edə bilməz. Əgər, müəllimin Almaniyaya getməkdə və orada daimi yaşayacağını bilirdisə, heç məzuniyyət verə bilməzdi. Bu özbaşınalıq baş veribsə, birbaşa qanun pozuntusudur, çox güman ki, direktorun öz maddi maraqlarından doğan bir haldır. Direktor səlahiyyət hədlərini aşıb və mütləq cəzalandırılmalıdır".
Təhsil Nazirliyinə, eləcə də dövlətçiliyin və qanunçuluğun keşiyində dayanan yeni baş prokurorumuz Kamran Əliyevə səslənirik! Yazdığımız faktları bir siz də incələyin, təhsil adına sadaladığımız rəzilliklərə DUR deyin! Direktorun uzun illərə dayanan özbaşına fəaliyyətini araşdırın və yalnız şəxsinin maraqlarını güdən Elenora Əsgərovanı daşıya bilmədiyi məktəbin ali kürsüsündən təcili rədd edin! Edin ki, başqa oxşamışlarına da yaxşı görk olsun, yoxsa...
"Demokratik.Az"
Text-to-Speech

DİNLƏ






Şərh yaz