Axtarış...

Səfər Əbiyev büdcə oğurluğunda... İTTİHAM OLUNUR

Səfər Əbiyev büdcə oğurluğunda... İTTİHAM OLUNUR

Azərbaycan Ordusunun Səfər Əbiyev dönəmi təkcə hərbçilərin deyil, hərbi xidmətə övladını göndərmiş ailələrin də xatirində kabus kimi qalıb. İnsanlarımız uzun illər hərbi xidmətə qəssabxana, xəstəlik mənbəyi kimi baxıblar. Bu yazıda sadəcə olaraq yaşadığımız əsrin ilk onilliyində hərbi xidmət keçmiş bir neçə şəxsin xatirələrini toplamaq yetər ki, Səfər Əbiyevin yırtıcı fəaliyyətinin acı nəticələrini təsəvvür etmək olsun.

Səfər Əbiyev 20 ilə yaxın Azərbaycan əsgərinin yaşaması üçün sovetlər dönəmindən qalmış və “modernləşdirilmiş” mal tövlələrini layiq bildi.

Setkalı çarpayılarda yay-qış nazik döşək üstə yatan Vətən keşikçilərimiz ayda 1 dəfə öz yataq dəstlərini özləri yumaq məcburiyyətində idilər.

Əsgərə əl-üz və ayaq üçün verilən dəsmal nazik, adətən qab silmədə istifadə edilən kiçik ölçüdə əsgi parçası idi. O da əlləri qurulayan kimi islanır və sonradan üfunət iyi verirdi.
Bax, uzun illər Azərbaycan ordusunun kazarmalarında olan həmin o spesifik iy bütün bunların nəticəsi idi.

Əsgərlər öz paltar dəstini də özü yuyurdu, çünki hərbi hissənin çamaşırxanasına yuyulmaya verilən paltarlar oradan qap-qara qayıdırdı. İndi aydın olur ki, elə çamaşırxanaları işlədənlərə də bu lazım idi – şəxsi heyət öz paltarını özü yuyur, oraya ayrılan yuyucu vasitələr də əlaltından satışa çıxarılır. Paytaxtdan kənarda olan hərbi hissələrin bit və birə dərdi isə insanlarımızın yaddaşına qorxulu yuxu kimi yazılıb. Heç bir dərman vasitələri ilə həşəratların kökünü kəsmək olmurdu, antisanitariya ucbatından elə bil hər yerdən bit qaynayırdı.

İndi isə bütün hərbi hissələr müasir camaşırxanalarla təchiz edilib. Əsgərlərə ayrı-ayrılıqda pambıq əl-üz, ayaq və hamam dəsmalları limitsiz şəkildə verilir. Dəsmal və yataq dəstləri keyfiyyətli yuyucu tozlarla yuksək dərəcədə yuyulur, ütülənir və şəxsi heyətə verilir.

Bundan əlavə, əsgərlərin fərdi ləvazimatları da maaşından kəsilərək alınırdı, paltar poroşoku, sabun və digər ləvazimatlar da o qədər keyfiyyətsiz təqdim olunurdu ki, valideynlər məcbur qalıb ayda bir dəfə özləri alıb gətirirdi.

Amma hələ ləvazimatların olması da əsgərin təmizliyə riayət edə biləcəyinə zəmanət vermirdi - əl-üz yuma yerlərində yay-qış su soyuq olurdu, bəzən isə ona da möhtac qalırdılar.
Hamam nadir sayda hərbi hissələrdə var idi. Hətta, Bakının mərkəzində olan hərbi hissələrdə belə hamam yox idi. Şəxsi heyət komandirlərin nəzarətində 5-6 km yolu sıra addımları ilə (bəzən də qaçaraq) digər hərbi hissəyə hamama gedir, sonra eyni yolu eyni qaydada qayıdırdı. Çiməndən sonra əsgərlər eyni paltarı geyməyə məcbur olurdular, çünki forma xidmət dövründə 1 dəfə verilirdi. Bu “hamam prosedurundan” yay aylarında qayıdan əsgər çatana kimi yenidən tərləyir, qışda isə yolda yarısı xəstələnirdi.

Bu gün əsgərlərimizin bibi, xala deyə müraciət etdiyi yeməkxana aşpazları olan qadınlar hər gün şəxsi heyətə müxtəlif xörəklər bişirir, əsl doğmaları kimi yanaşırlar. Valideynlər də sanki övladlarının qidalanmasını və təmizliyini doğma insanlarına tapşırırmış kimi rahatdırlar. Təəssüf ki, Səfər Əbiyevin nazir olduğu illərdə əsgər valideynlərində belə arxayınlıq olmayıb. Yeməyi əsgərlər bişirirdi, ərzaqı əsgərlər təmizləyirdi, və bu işi görmək üçün təhkim olunan “naryad” cəzalandırılmış şəxslər idi. Çünki, qablar yuyulmalı, kartof soyulmalı, ərzaq daşınmalı idi və mövcud olan natəmizlik içində bu işi heç kim görmək istəmirdi. Belə naryadlardan birində olmuş əsgərin dedikləri isə insanı dəhşətə gətirir: Şəxsi heyətə yemək hazırlamaq üçün verilən ətin üstündə SSRİ möhürü var idi! Və bu XXI əsrdə baş verirdi! Bütün ərzaqlar isə əl arabaları ilə daşınırdı. Proses isə belə olurdu - balıq yük maşınları ilə gətirilir, rezin çəkməli bir hərbçi üstünə çıxıb bel ilə yerə atır, yerdən də mətbəxə daşınırdı. Bunun da nəticəsində qurdsuz yemek tapmaq çətin məsələ idi. Antisanitariya yemekxanaya girəndə oranın iyindən özünü biruzə verirdi. Böyük yemək bişirilən qabların yuyulduğu əsgilər həm də stolları silmək üçün istifadə edilirdi. Ona görə, bir balaca diksinən gənc əsgər bu cür yumşaq desək “yeməyə” öyrəşənə kimi bütün infeksiyon xəstəlikləri keçirirdi. “Yemək bişirmək üçün verilən piy elə gündə olurdu ki, onunla adətən yalnız çəkmələrimizi parıldatmağa istifadə edirdik” – N saylı hərbi hissədə xidmət keçmiş şəxsin bu cümləsi isə əsgər yeməkxanalarının o vaxtkı durumunu tam mənada əks etdirir.

Növbəti sınaq isə əsgəri kazarmada gözləyirdi. Bayırda XXI-ci əsr olmağına baxmayaraq, istilik sistemi odun sobası və ya neftlə işləyən sobalar idi. Elektriklə işləyən sobalara təhlükəsizlik baxımından icazə verilmirdi. Səfər Əbiyev əsgərlərə od tapmış qədim insanların yaşadıqlarını da yaşadırdı - 1 nəfər sobaya cavabdeh əsgər gecə yarısına qədər oyaq qalıb odu sönməyə qoymamalı idi. Əsgərlərə qış üçün 2 ədyal verilirdi. İşlənməkdən nazilən ədyallar isə isidə bilmirdi və əsgər səhra gödəkçəsində yatmağa məcbur olurdu.

Yayda isə şəxsi heyəti digər sınaq gözləyirdi - kiçik kazarmalarda adam çox olduğundan hava da olmurdu. Ağcaqanadlara görə, pəncərəni açıq qoymaq mümkün deyildi, örtəndə isə yatmaq olmurdu. Buna dözməyən əsgərlər axşam yoxlanışından sonra yastıqlarını götürüb otun üstündə yatmağa çalışırdılar.

Həmin dövr şəxsi heyətin bütün çətinlikləri diqqətdən kənarda idi. Çünki Səfər Əbiyev və yüksək çinli zabitləri oğurluğa başı qarışmışdı. Sürtgü-yanacaq materiallarından tutmuş ərzaq və geyim əşyalarına qədər oğurluq var idi. Təmirlər, kommunal xərclər adı ilə hərbçilərin maaşlarından kəsilirdi. Ən böyük yeyinti isə hərbi sursatın alınmasında baş verirdi. İstismar vaxtı keçmiş texnikanı təzə adı ilə qələmə verib orduya istifadəyə verilirdi.

Bütün bunlar Səfər Əbiyevi bir vətəndaş, bir hərbçi, və ən azından bir şəxsiyyət kimi orduda necə iz buraxdığını səciyyələndirən əsas amillər olub…
Hit.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz