ABŞ-da davam edən etirazlara və qarışıqlıqlara görə ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq edilib.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, bazar ertəsi ABŞ-ın ən böyük meqapolisində - Nyu-Yorkda belə tədbirlər tətbiq edilib.
Nyu-Yorkda yerli vaxtla saat 23:00-dan komendant saatının təbqi edilməsi barədə qərarı mer Bill de Blazio elan edib. Onun icraçı fərmanından göründüyü kimi, bu saatlarda "ictimai asayişi dəstəkləmək xüsusilə çətindir".
Sənəddə bildirilir ki, məhdudiyyətlər vətəndaşların təhlükəsizliyinə və əmlakının qorunmasınaı zəmanət vermək üçün, həmçinin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunur.
Qadağa piyadaların şəhərin küçələrində hərəkətlərini, həm də avtomobil nəqliyyatında yerdəyişmələri ehtiva edir. Məhdudiyyətləri pozanları üç aya qədər həbs cəzası, həmçinin 500 ABŞ dolları məbləğində cərimə gözləyir.
Komendant saatının qadağaları xüsusi halda yanğınsöndürənlərə, polis əməkdaşlarına, tibb işçilərinə, bir sıra ərzaq mağazalarının və apteklərin əməkdaşlarına aid deyil. Şəhər hakimiyyəti təsdiq edib ki, küçələrdə qalan evsiz insanları cəzalandırmaq niyyətində deyil.
"The New York Times" qəzeti bildirib ki, artıq bir neçə onillikdir, meqapolisin bütün ərazisində eyni vaxtda komendant saatı tətbiq olunmur.