Axtarış...

KADR İSLAHATLARI VƏ HƏBSLƏRİN ƏSAS HƏDƏFİ: - Dövləti korrupsionerlərdən və sabotajçılardan təmizləmək!



"Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir...

Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?!... Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır...”

Bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.

Dövlət başçısının belə sərt ifadələr seçməsi, əlbəttə, təsadüfi deyil. Dəfələrlə xəbərdarlıq edilməsinə, bir neçə ildir sərt mübarizə tədbirləri həyata keçirilməsinə baxmayaraq, mərkəzi və yerli icra orqanlarında yüksək vəzifə tutan xeyli sayda məmur nəinki korrupsiyadan və rüşvətxorluqdan əl çəkir, hətta dövlətin əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi üçün ayırdığı vəsaitləri, yardımları belə talamaqdan çəkinmirlər. Bunu isə sadəcə cinayət kimi izah etmək çətindir. Ölkədə əhali arasında narazılığı artırmağa yönəlmiş bu “fəaliyyətlər” əslində dövlətin siyasətini SABOTAJ etmək, hakimiyyətə və xalqa XƏYANƏTdir.

Xüsusən indiki ağır şəraitdə - dünyanı bürüyən koronavirus pandemiyasına görə ölkədə 100 minlərlə insanın iş yerlərini, gəlirlərini itirdiyi, imkanı çatan vicdanlı insanların başqalarına yardım etdiyi bir dövrdə vəzifəli şəxsin bu cür rəzil əməllərlə məşğul olmasına başqa ad tapmaq mümkün deyil.

Məlum olduğu kimi, Azərbaycan dövləti ölkə başçısının rəhbərliyilə dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı genişmiqyaslı tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına hesablanıb.

Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanların əməlləri aparılan siyasəti zərbə altında qoymağa xidmət edir. Bunu məqsədli şəkildə etdikləri, yoxsa bu adamların GENETİK KODLARINDA yetimin malına tamah salacaq qədər rəzilliyin olduğu yəqin ki, araşdırmalar zamanı ortaya çıxacaq...

Ancaq hər iki halda onların əməlləri dövlət başçısının hələ 2016-cı il referndumundan sonra bəyan etdiyi, 2018-ci il prezident seçkilərindən sonra həyata keçirilməsinə başladığı YENİ SİYASİ KURSU iflasa uğratmağa, əhalidə dəyişikliklərə olan inamı sarsıtmağa ,“köhnə qaydaları” bərpa etməyə yönəlib.

Elə, həbslərə baxmayaraq, mərkəzi və yerli icra orqanları rəhbərliyində olan bəzi şəxslərin öz əməllərindən əl çəkməməsi, əksinə, Prezidentin göstərişilə aztəminatlı təbəqəyə, işsizlərə, pandemiyadan ziyan görən insanlara ayrılan vəsaitləri, yardımları mənimsəmələri də onların bir mərkəzdən idarə olunduğunu, “köhnə qvardiyanın” bununla yeni siyasi-iqtisadi kursa müqavimət göstərdiyini düşünməyə əsas verir.

Yəni, məsələnin göründüyü qədər də sadə olduğunu, 10 milyonlarla dollarlıq sərvətləri olan bu “kiçikbuynuzluların” yalnız daha bir neçə min manat əldə etmək üçün işini itirən insanlara, işsizlərə ayrılan vəsaitlərə, göndərilən yardımlara tamah saldığını düşünmək doğru olmazdı...

Mümkündür ki, bu çirkin, ikrah doğuran əməlləri həm də himayəçilərinin sifarişi ilə həyata keçirirlər. Nəzərə alsaq ki, son bir-iki ilə qədər təyin olunan (o cümlədən həbs edilən) icra başçılarının təqdimatını verənlərin bir çoxu vəzifəsini və ya əvvəlki gücünü itirib, onların yeni siyasi kursu “baltalamaq” üçün öz “kadrlarından” istifadə etməsini istisna etmək olmaz.

Belə keyfiyyətsiz, dövlət, millət, hətta hakimiyyət qarşısında heç bir xidməti olmayan insanların vəzifələrə təyinatına nail olanlar isə sözsüz ki, bunu vaxtı gələndə onlardan öz məqsədləri üçün istifadə etmək üçün ediblər

Görünən odur ki, “könhə qvardiya” indi də yerlərdəki kadrları vasitəsilə dövlətin, Prezidentin siyasətini sabotaj etməyə, əhalidə hakimiyyətə qarşı inamsızlıq yaratmağa, pandemiya nəticəsində meydana çıxan problemlərdən istifadə edərək, Azərbaycanda sosial narazılıqları artırmağa, bir sözlə iqtidarla xalq arasında uçurum yaratmağa və beləliklə də “köhnə sistemin” bərpa olunmasına çalışırlar...

Təsadüfi deyil ki, Prezident Əliyev də çıxışlarının bir neçə dəfə həbs edilən icra başçılarının əməllərinin iqtidarın nüfuzuna zərbə vurmağa yönəldiyini bildirib. Bu isə ölkə rəhbərliyinin də, necə deyərlər, “oynanan oyunun” fərqində olduğunu və qarşısını almaq üçün ən sərt addımlardan çəkinməyəcəyini göstərir.

Elə ötən 5 ay ərzində 4 icra başçısının həbs olunması, son həbsləri də nəzərə alsaq, 20-yə yaxın məmurun qandallanması Prezident İlham Əliyevin bu ünsürlərə qarşı mübarizəsinin sədəcə quru xəbərdarlıqdan ibarət olmadığının əyani göstəricisidir.

Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına rüşvət və korrupsiyadan uzaq olmalarına, xalqın problemlərinə diqqətlə yanaşmalarına dair müvafiq tapşırıqların verilməsinə baxmayaraq, Ağstafa, Yevlax, Neftçala və Biləsuvar rayon İcra Hakimiyyətlərinin rəhbərləri, eləcə də bir sıra rayonların və kəndlərin icra nümayəndələri korrupsiya və rüşvətxorluğa son vermədiklərinə, hətta ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi vicdansızcasına mənimsəməkdən və beləliklə, dövlətin mənafeyinə ciddi zərbə vurmaqdan çəklinmədiklərinə görə həbs olunublar.

Ölkə Prezidenti son çıxışında da artıq bu cür əməllərin heç bir halda bağışlanmayacağını, himayəçisinin kim olmasından asılı olmayaraq rüşvətxorun həbs ediləcəyini növbəti dəfə bəyan edib: “Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir… Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir…”

Dövlət başçısı həmçinin yalnız yerli icra orqanlarında deyil, nazirliklərdə, mərkəzi dövlət qurumlarında da bu cür halların olduğuna dair siqnallar aldıqlarını, həbslərin miqyasının genişlənə biləcəyi mesajını verib.

“Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır… Biz bu hallara qarşı amansız mübarizə aparacağıq”, – deyə Prezident bildirib..

Yəni , Prezident açıq mətnlə bəyan edib ki, onun tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar.

Müşahidələr göstərir ki, ötən ilin yayından başlayaraq, hüquq-mühafizə orqanlarında həyata keçirilən kadr islahatları da məhz buna hədəflənib: DÖVLƏTİ KORRUPSİONERLƏRDƏN VƏ SABOTAJÇILARDAN TƏMİZLƏMƏK!

Təsadüfi deyil ki, dövlət başçısı bir neçə gün əvvəl təyin olunan yeni Baş prokurorun qarşısında əsas vəziflərdən biri kimi məhz korrupsiya və rüşvətə qarşı mübarizəni qoydu.

“Prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir”, - deyə Prezident bildirib.

Elə parlamentdə görəcəyi işləri açıqlayan yeni Baş prokuror Kamran Əliyev də vəzifəli şəxslər tərəfindən törədilən korrupsiya cinayətlərinə qarşı ciddi mübarizə aparacağını xüsusi qeyd edib.

Yəni, artıq ölkədə həm siyasi, həm də iqtisadi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılmasına qərar verilib. Bu sistemdə isə korrupsionerlərə, rüşvətxorlara və “dövlət, qanun mənəm” deyən oliqarxlara yer yoxdur!
AzPolitika.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz